Qondarma Qarabağ Respublikasının qondarma müdafiə naziri Karen Abrahamyanın rəhbərliyi ilə hərbi hissə komandir və müavin heyətinin iştirakı ilə rəsmi müşavirə keçirilib.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, müşavirənin keçirilməsinə səbəb erməni ordusundakı ağır mənəvi və psixoloji durum, bu səbəblə də ordu daxilində getdikcə artmaqda olan neqativ hallardır. Müşavirə zamanı hərbi hissələrdəki zorakılıq hallarına, bədbəxt hadisələrə görə hərbi hissə komandirlərini sərt tənqid edən K.Abrahamyan, hərbi hissələrdə nizam-intizamın aşağı səviyyədə olması, bəzi zabitlərin icazə almadan xidməti yerini tərk etməsi kimi hallar haqqında da məlumatlı olduğunu bildirib.
Qondarma “müdafiə naziri” müavinlərinə hərbi hisələrə daha ciddi şəkildə nəzarətlə bağlı tapşırıq verib.
Toplantıda bir neçə gün bundan öncə Azərbaycan əsgərlərinə təslim olan erməni əsgəri ilə bağlı baş verən olay da müzakirə edilib və bu hadisə orduda mənəvi-psixoloji durumun ağırlığını sübut edən hal kimi dəyərləndirilib.
Məlumat üçün qeyd edək ki, avqustun 12-də erməni əsgəri Kazaryan Aro Xaykoviç döyüş postunu tərk edərək Azərbaycan tərəfinə keçib. Bu halın tendensiyaya çevriləcəyindən, digər erməni əsgərləri üçün də nümunə ola biləcəyindən ehtiyatlanan erməni hərbi komandanlığı müşavirə keçirmək, hərbi hissələr üzərində nəzarəti artırmaqla bu cür rüsvayçı halların təkrarlanmasını önləməyə çalışır.
Seymur ƏLİYEV