6-9 oktyabr tarixlərində İrəvanda Beynəlxalq İnformasiya Texnologiyaları Konqresinin keçirilməsi planlaşdırılır.
Moderator.az eməni mənbələrinə əsasən xəbər verir ki, konqresdə informasiya texnologiyası üzrə mütəxəssilərlə yanaşı, dünya şöhrətli bəzi siyasətçilərin də iştirak edəcəyi ehtimal olunur. Lakin Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edən fiqurun - ABŞ-ın sabiq prezidenti Barak Obamanın İrəvana gəlib-gəlmədiyi sual altındadır.
Məsələ bundadır ki, İrəvan Obamanın Ermənistana səfərini təmin etmək üçün keçmiş prezidentə 1 milyon dollar, daha dəqiq desək 800 min dollara qədər vəsait ödəməlidir. Bu, yarım saatlıq nitqə görə sabiq prezidentin müəyyən etdiyi konkret məbləğ hesab edilir. Rəsmi İrəvan isə bu məbləği yüksək hesab edir. Odur ki, Obamanın oktyabr ayında İrəvanda keçiriləcək bu toplantıya qatılıb-qatılmaması qəpiyə güllə atan Ermənistanın bu pulu təşkil edib-etməyəcəyindən asılı olacaq.
Obamanın bu tədbirdə iştirakına təbliğati baxımdan böyük əhəmiyyət verən İrəvanın yarım saata görə 1 milyon dollardan imtina edib-etməyəcəyi zaman göstərəcək. Bu gün üçün məlum olan həqiqət isə İrəvanın dollar axtarışını ümidsizcə davam etdirməsidir.
Seymur ƏLİYEV