Ukrayna prezidenti Vladimir Zelinskinin Türkiyəyə səfəri, bunun ardınca İsrail baş nazirinin Ukraynaya səfər edəcəyi ilə bağlı yayılan xəbərlər rəsmi Kiyevin diplomatik müstəvidə aktivləşməkdə olduğunu göstərir. Bəs bu aktivlik Ukraynanın ən böyük problemi olan Krım probleminin həllinə yardım ola, onun ərazi bütövlüyünün təmin edilməsinə yol aça bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Ukraynanın probleminin həlli üçün daha çox zamana ehtiyacı olduğunu qeyd etdi:
“Məsələ ondadır ki, indiki məqamda Ukraynanın nə isə eləmək imkanı yoxdur. Nəzəri bxımdan bunu edə bilər ki, ölkənin qalan ərazisində nümunəvi bir dövlət qursun. Rusiyanın nəzarətdə saxladığı ərazinin insanları ilə normal münasibətlər yaratsın. Ümid var ki, nə vaxtsa Krımda, eləcə də bu gün separatçıların əlində olan ərazilərdə yaşayan xalq referendum keçirərək dəlixana Rusiyada yaşamaqdansa, abad Ukraynada yaşamağa səs versin. Bu, nəzəri baxımdan belədir. Amma unutmayaq ki, bu gün Ukraynanın özü dəlixanaya bənzəyir. Bu isə o deməkdir ki, bu nəzəri ehtimal da elə ehtimal olaraq qalır.
Daha bir variant da var. Bu da odur ki, Ukrayna oturub Rusiyanın dağılmasını gözləməlidir. Təbii, əgər Rusiya dağılarsa. O şərtlə ki, bu vaxta qədər Qərb Krımın ilhaqını tanımır, Donetsk və Luqanskının qaytarılmasını qəti şəkildə tələb edirlər. Bu ona bənzəyir ki, 1945-ci ildə SSRİ-ni tanıyan beynəlxalq aləm Pribaltikanın ilhaqını tanımırdı. 1991-ci ildə SSRİ dağılanda isə Pribaltikanın müstəqilliyini tanıdılar. Bu da bir variant sayıla bilər”.
Seymur ƏLİYEV