Məmur nəfsinə qurban edilmiş dövlət maraqları - "Yeni Həyat"ın yeni sərgüzəştləri
Ən ağır iqtisadi böhran keçirən dövlətlər belə, qısa müddət ərzində bəzi islahatlar aparmaqla vəziyyətdən çıxa bilirlər. Torpağının önəmli qismi işğal olunan ölkələrin də mövcudluğunu qorumaq, iqtisadi yüksəlişlə dünyanın aparıcı gücünə çevrilmək, daha sonra isə hərbi sahədə uduzduqlarını iqtisadi uğurlarıyla geri qaytarmaq şansları var. Bunun ən bariz nümunəsi II Dünya müharibəsindəki məğlubiyyətilə iki yerə bölünmüş Almaniyanın 50 ildən sonra bir güllə atmadan özünü bərpa edə bilməsidir. Bu gün Yaponiya da eyni siyasətlə Kuril adalarını Rusiyadan geri almağa çalışır.
Dövlətlərin tamamən yoxoluşu isə hüquq
sistemdəki tənəzzüllə başlar. Hüquq sistemini düzgün qura bilməyən dövlətlər
iqtisadiyyatdan tutmuş mədəniyyətə, sosial həyatdan hərbi sistemə qədər dövləti
dövlət edən bütün mexanizmlərini itirməyə məhkumdurlar. Nədən ki, dövlət ilk
növbədə iqtisadi, mədəni, sosial və s. sahələrdəki münasibətləri tənzimləyən
mexanizm deməkdir və bu mexanizmin mühərrikini qanunlar toplusu təşkil edir.
Adına hüquq deyilən bu mühərrik yoxdursa, dövlətin özü də yoxdur. Bəlkə də
Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürk “Mülkün təməli Ədalətdir” deyərkən,
məhz bu həqiqəti nəzərdə tuturdu.
Nə yazıq ki, yuxarıdakı misallarda qeyd
etdiyimiz kimi, torpağının 20%-ni itirmiş, yanlış iqtisadi siyasətlərlə ağır
böhran vəziyyətinə düşmüş Azərbaycanda dövlətin təməli sayılan ədalət sistemi də
yarıtmaz vəziyyətdədir. Bu da dövlətinin taleyini düşünən hər kəsi, o cümlədən
ölkə rəhbərliyini narahat etməli, ədalətin bərpası, Konstitusiyamızla təsbit
olunan hüquqi dövlətçiliyimizin bərqərar olması uğrunda mübarizəyə səsləməlidir.
Çünki bu sahədə vəziyyət düzəlmədikcə, nə iqtisadi dirçəlişə, nə vətəndaşların
insan kimi yaşamasına, nə də itirdiyimiz torpaqları geri qaytarmağa ümid edə
bilərik.
Azərbaycanın hüquq sistemindəki problemlər
qanunların mahiyyətindən çox, onu həyata keçirən insanlarımızın öz işinə məsuliyyətsiz
yanaşmalarından irəli gəlir. Hakimlərin
ədalətsiz qərarları Avropa İttifaqının təşviqilə qəbul edilən qanunlarımızı işləməz
hala gətirir, dərəbəylik ənənələrini formalaşdırır, nəticədə dövlətimizin təməlləri
sarsılır, vətəndaşlarımız narazı salınır, iqtisadiyyatımızın inkişafı əngəllənir,
bütün yerli və əcnəbi iş adamlarını Azərbaycana investisiya qoymağa çağıran ölkə
başçısının siyasətini heçə endirir. Bu mənada
Azərbaycan məhkəmələrində çıxarılan hər ədalətsiz qərar
təkcə hansısa iş adamına deyil, həm də dövlətimizə, onun liderinə xəyanətdir.
“Hürriyyət” qəzetinin əldə etdiyi
bəzi sənədlər Azərbaycan məhkəmələri tərəfindən iqtisadiyyatımıza, dövlətçilik ənənələrimizə
vurulmuş zərbənin kiçik bir hissəsini tam çılpaqlığı ilə oraya qoyur. Atalar
demişkən, bir dənizin duzlu və ya duzsuz olduğunu anlamaq üçün onun bütün
suyunu deyil, sadəcə bir qətrəsini içmək kifayət etdiyi kimi, hüquq
sistemimizin necə çalışdığına qərar vermək üçün də bu sənədlərlə tanış olmaq
yetərlidir. Gəlin, növbəti araşdırma silsiləmizin ilk yazısında hüquq
sistemimizin iç üzünü gözlər önünə sərən bu sənədlərlə qısaca tanış olaq.
Redaksiyamıza müraciət edən bir iş
adamının bildirdiyinə görə, o, 2004-cü ilin 11 noyabrında “Mərmər”
ASC-nın 4.7 hektar ərazisini satın alır. Bakı şəhəri, Xətai royanu, Əhmədli
yaşayış sahəsi, Zığ şosesi 5/1 ünvanında yerləşən bu qeyri-yaşayış ərazisi
Bakı “Mərmər” ASC-nin səhmdarlarının qərarı ilə ona satılmışdır. Şikayətçinin
iddialarını təsdiqləyən sənədlər də mövcuddur. Mərmər ASC ilə iş adamı
arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, satılan həmin əraziyə 46814.3
kv.m. torpaq sahəsi, 33.9 kv. m. “A” tikintisi, 17.8 kv. m. “B” tikintisi, 5.6
kv. m. “C” tikintisi, 328.8 p.m. dəmir yolu xətti, 1 ədəd dəmir darvaza, 99175
p.m. daş hasar, 1 ədəd daşdoğruyan qurğu daxildir. Mülkün yeni sahibi
ilə 21 may 2007-ci il tarixində bağlanmış təhvil-təslim aktında da eyni sözlər
təkrarlanır.
Rafiq Cəlilov - dövlətdən 10 dəfə çox
qazanan dövlət məmuru
Sənədlərdən aydın olur ki, Zayıdov
familyalı iş adamı həmin mülkiyyəti öz balansına keçirmək üçün qanunun tələb
etdiyi bütün mərhələlərdən keçmiş, hətta Azərbaycan Respublikası Bakı İcra
Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən öz adına poçt ünvanı belə
almışdır. Qısası, bütün hüquqi prosedurları tamamlayan Zayıdovun mülkiyyət
haqqının tanınması Dövlət Əmlak Komitəsinin əngəlinə ilişir. 29.04.2014-ci il
tarixində özəlləşdirmə üçün şəxsən Komitə sədri Kərəm Həsənova göndərilən məktuba
müsbət cavab verilmir.
Şikayətçi bunun səbəbini belə izah edir:
“Dövlət Komitəsinin bizdən istədiyi məbləğ
xeyli yüksək olduğuna görə mülkün özəlləşdirilməsinə imkanım çatmadı. Söhbət
burada dövlət rüsumundan getmir. Biz tələb olunan dövlət rüsumunu ödəməyə razı
idik. Bizdən isə astoromik miqyasda rüşvət tələb olunurdu. Bunu ödəyəcək
gücümüz isə yox idi”.
Şikayətçinin dediyinə görə, ondan tələb
olunan rüşvət dövlət rüsumundan 10 dəfə çox imiş və bunu tələb edən isə Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov imiş.
Dövlətin verdiyi yetkilərdən istifadə edərək, dövlətdən 10 dəfə çox qazanmaq
istəyən Əmlak Komitəsinin rəhbərlərinin bu qanunsuz tələbləri ucbatından öz
mülkiyyətini özəlləşdirə bilməyən şikayətçi əsl sürprizlərlə bir neçə ildən
sonra qarşılaşacaq, “O olmasın, bu olsun” filmində deyildiyi kimi, “bir
qızın iki adaxlısı” sindromu ilə üzləşəcəkdi. Daha konkret desək, Əmlak
Komitəsi vətəndaşın satın aldığı və müxtəlif sənədlərlə mülkiyyət hüququnun təsdiqləndiyi
həmin ərazini bir başqasına satacaqdı.
İş adamı bu həqiqəti “Yeni Həyat” MMC yetkililərinin
həmin əraziyə gəlib müəyyən işlər görmək istəməsindən sonra anlayır. Tərəflər
arasında mübahisə məhkəmə çəkişməsiylə nəticələnir. Maraqlıdır ki, 2018-ci ilin
iyulunda Xətai Rayon Məhkəməsinə mülkiyyət hüququnun bərpası ilə
müraciət edən isə iş adamı yox, onun 4.7 hektar ərazisini ələ keçirən qarşı tərəf
olur. Necə deyərlər, “yersiz gəldi, yerli qaç”.
Mülkiyyətin yeni iddiaçısı kimi Bakı şəhəri
Xətai rayon Məhkəməsinə müraciət edən isə “Yeni Həyat” MMC-nin sahibi Babək
Babayev yox, internet üzərində axtarış verməyimizə baxmayaraq, haqqında təfsilatlı
hər hansı məlumata rast gəlmədiyimiz “Bağçasaray” MTK-nın rəhbəri
Baxşıyev Akif Barat oğlu olub. Elə bu faktın özü də həmin MTK-nin əslində
qondarma bir şirkət olduğunu təsdiqləyir. Görünür, gələcək fəaliyyətində hüquqi
məsuliyyətdən yayınmaq üçün Babək Babayevə bu cür “ilan tutan Seyid Əhməd əli”
lazım imiş.
Haşiyə
Bizim bu şübhələrimizi gələcək yazılarımızda “Yeni Həyat”
şirkətinin alıcılarına yaşatdığı problemlərdən bəhs edərkən üzərində
duracağımız faktlar da təsdiqləyir. Araşdırmamızın
bu hissəsində həmin faktlardan yalnız biri üzərində dayanmaq istərdik. İnternet
resurslarından əldə etdiyimiz məlumatlara əsasən, 2016-ci ilin sentyabr ayında
“Yeni Həyat” şirkəti özünü müflis etdirmək fikrinə düşüb. Azinforum.az məlumatına
görə, sentyabr ayının 28-i saat 9-00-da 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində
hakim Hökümə Babayevanın sədrliyi ilə "Yeni Həyat” Məhdud Məsuliyyətli
Cəmiyyətin özünü müflis elan etməsilə bağlı iddia ərizəsinə baxılıb. Səbəb
şirkətin vətəndaş Mahmudov Abuzər Məhəmməd oğluna verilməli olduğu 420 min ABŞ
dollarını ödəməkdən yayınmaq istəməsi imiş. Şirkət bu öhdəliyini yerinə yetirməmək
üçün hətta özünü müflis elan etməkdən belə çəkinmirmiş. İddiaçının bildirdiyinə
görə, “Yeni Həyat”ın sahibi Babək Babayev ona açıq şəkildə deyirmiş ki,
“hara lazımdır pul xərcləyəcəm, ancaq sənə bir manat da verməyəcəm”.
Hüquqi öhdəliklərindən bu cür “qətiyyətli
metodlarla” yayınmaqdan çəkinməyən Babək Babayevin qondarma şirkətlərlə öz fəaliyyətini
davam etdirməsi heç də təəccüblü görünmür.
Vətəndaş Zayıdovun “Yeni Həyat”la
problemlərinə geri dönərsək, “Bağçasaray” MTK-nın qaldırdığı məhkəmə iddiasına
Xətai Rayon Məhkəməsində baxılmış və 16.02.2018-ci il tarixli 2(011) –
1347/2018 saylı qətnamə ilə haqqında bəhs edilən torpaq sahəsi
iddaçının mülkiyyətinə verilmişdir. Məhkəmə qətnaməsində sahəsi 4.7 ha olan ərazinin
hüdudları daxilində yerləşən və DİN-nin Baş Dövlət Yol Polisi tərəfindən
istifadə edilən avtodayanacağın da digər obyektlər kimi dərhal boşaldılmasına qərar
verilmişdir. Məhkəmə qətnaməsindən gec xəbər tutan cavabdeh prosesdə iştirak
etməməsinin səbəbini ona çağırış vərəqəsinin çatdırılmamasıyla əsaslandırır.
Dediyinə görə, sənədlərdə yaşadığı məkan kimi ayrı yer göstərilsə də, əslində
o, Bakıda məskunlaşıbmış. Məhkəmə isə çağırış məktublarını rəsmi ünvana göndərirmiş.
O səbəbdən də həmin çağırışlar barədə məlumatı olmayıb. Dolayısıyla, Xətai
Rayon Məhkəməsi prosesi cavabdehin iştirakı olmadan yürüdüb və məlum mübahisəli
qətnaməni çıxarıb.
Min bir əziyyətlə aldığı mülkiyyətinin əlindən
çıxmasını görən Zayıdov dərhal Bakı Apellyasiya Məhkəməsinə müraciət
edir. Apellyasiya məhkəməsinin 20 noyabr 2018-ci il tarixli İş №
2(103)-10938/2018 saylı qətnaməsi də Zayıdovun əleyhinə olur. Hakim
Mərdanova Xumar Afət qızının sədrliyi keçirilən prosesin yekun qərarında
deyilir:
“İddiaçı Zayıdov Sübhan Əflan oğlunun
apellyasiya şikayəti təmin edilməsin.
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31
iyul 2018-ci il tarixli 2(011)-611/2018 saylı qətnaməsi dəyişdirilmədən
saxlanılsın”.
Apellyasiya məhkəməsi öz qərarını belə əsaslandırıb:
“Cavabdeh apellyasiya şikayətində qətnamənin
ləğv edilməsini tələb etsə də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim
etməmişdir.
Məhkəmə kollegiyası hesab edir ki,
birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır,
işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar
yoxdur”.
Azərbaycan məhkəmələri məmura rüşvət
verməyən vətəndaşı cəzalandırır
Halbuki, şikayətçinin əlində Əmlakın
İnventarlaşdırılması Bürosu tərəfindən mülkiyyətin ilk sahibi Bakı “Mərmər”
ASC-yə 26 avqust 2004-cü ildə verdiyi № 006906 saylı Textiniki pasport, Bakı şəhər
İcra Hakimiyyətinin ozamankı Hacıbala Abutalıbovun 16.11.2007-ci il
tarixli, № 7-972/17 saylı məktubu, Azərbaycan Respublikasının Dövlət
Əmlakının İdarəedilməsi ürə Dövlət Komitəsinin “Mərmər” ACS-yə 01.07.2007-ci il
tarixində göndərdiyi № 08-2/4075 saylı arayışı, alqı-satqı, təhvil-təslim
aktları və s. kimi daşdan keçən sənədlər mövcuddur və şikayətçi bütün
bu dəlillərini bütün məhkəmə instansiyalarına təqdim edib. Hakimlər isə həmin sənədləri
əsaslı saymır. Niyə? Belə çıxır ki, Sübhan Zayidovun Dövlət
Əmlak Komitəsinin sədr müavini Rafiq Cəlilova zamanında dövlət rüsumundan
10 qat artıq rüşvət vermədiyi üçün.
Məhkəmə sənədləriylə tanışlığımız zamanı
hakimlərin öz qərarlarını bir arqumentlə əsaslandırdıqlarını görürük – iş
adamının 2004-cü ildə satın aldığı torpaq sahəsi əslində “Mərmər” ASC-yə aid
deyilmiş. Halbuki, tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinə görə,
mülkiyyətin ASC-yə aid olduğunu təsdiqləyən xeyli sənədlər var: Azərbaycan
Respublikasının Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin
10/2-118 nömrəli 20.09.2003 –cü il tarixli arayışı, Azərbaycan Ədliyyə
Nazirliyi tərəfindən 30.12.2004-cü il tarixində verilmiş 0102-A1-1313 nömrəli
Dövlət Qeydiyyatı Haqqında Şəhadətnamə, eyni nazirliyin Hüquqi Şəxslərin Dövlət
Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsinin 30.12.2002-ci il tarixli Kommersiya Təşkilatlarının
Dövlət Reyestrindən Çıxarışı, Əmlakın İnventarlaşdırılması Bürosunun
26.08.2004-cü il tarixli Texnik Pasportu və s.
10 illik “gəlin”in təzə adaxlısı
“Yeni Həyat”ın törəmə şirkəti olan
“Bağçasaray” isə bənzər sənədləri 2014-cü ildə, yəni həmin mülkiyyət Zayıdova
satıldıqdan 10 il sonra əldə edib. Yəni faktiki olaraq, 10 illik bir mülkiyyətin
üzərində oturub və onu özəlləşdirə bilib. Məhkəmə instansiyaları isə şirkətin
bu “uğuru”nun əsl səbəbini, Dövlət Əmlak Komitəsinin “bir qızın iki adaxlısı”
siyasətinin altında yatan hikməti araşdırmaqdansa, qərarı “köhnə adaxlı”nın əleyhinə
çıxarıb (Məhkəmələrin qərar çıxarkən əsaslandıqları arqumentlər üzərində gələcək
yazılarımızda ayrıca dayanacağıq).
Zayıdovun bildirdiyinə görə, onların
mülkiyyət çəkişməsi artıq Ali Məhkəmənin icraatındadır. Ən fundamental insan
haqqı - mülkiyyət hüququ tapdalanan şikayətçi hələ də ümidini itirməyib, son məhkəmə
instansiyasından ədalətli qərar gözləyir. Biz də şikayətçinin dövlətin ədalətinə
itməyən ümidinə qatılır və ölkənin siyasi iradəsinin hansısa məmur acgözlüyünə
qurban gedən dövlət imicimizin düzəldiləcəyinə inanırıq. Çünki bu dövlət
hamımızındır və Azərbaycan iqtisadiyyatı yalnız xarici və daxili investisiyalar
hesabına dirçələ, inkişaf edə bilər. Bu isə yalnız və yalnız mülkiyyət
hüquqlarına hörmət edilən ölkələrdə mümkündür.
Zənnimizcə, ölkə başçısı İlham
Əliyev də bu fikirdədir, məhz bu səbəbdən də ölkəmizdə investisiya
mühitinin yaxşılaşdırılmasına can atır. Prezidentin iqtisadi inkişafımızla
bağlı bu hədəflərini dəfələrlə ən yüksək kürsülərdə səsləndirməsi də fikrimizi
təsdiqləyir. Ölkə başçısının sözügedən mülkiyyət çəkişmələrinin yaşandığı illərə
təsadüf edən çıxışlarının birində - regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafıına dair Dövlət Proqramının icrasının ikinci ilinin
yekunlarına həsr olunmuş konfransda dilə gətirdiyi bu sözlər də onun
investisiya mühitinin yaxşılaşdırılması strategiyasına verdiyi önəmə işıq
tutur:
“İnvestisiyaların təşviqi
sistemi artıq yaradılıb, tətbiq edilir. Müvafiq qərar qəbul edilmişdir. Biz
xarici investisiyaları daha da çox cəlb etməliyik. İnvestisiyaların təşviqi məsələsi
burada mühüm rol oynayır. Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda investisiya
iqlimi müsbətdir. Əgər belə olmasaydı, xarici firmalar Azərbaycana 100
milyard dollar investisiya qoymazdılar. Biz isə çalışmalıyıq ki, indi xarici sərmayəni
qeyri-neft sektoruna, ixracyönümlü məhsulların istehsalına yönəldək”.
Bir mülkiyyətin “iki adaxlısı” olan ölkələrdə, sözsüz ki, ölkə başçımızın
qeyd etdiyi “müsbət investisiya mühiti”ndən danışmaq mümkün deyil. Odur ki, Azərbaycan
məhkəmələri Prezidentin sözlərinə kölgə salmaq istəyən səhvlərini düzəltməli və
vətəndaşların ən fundamental insan haqlarından sayılan mülkiyyət hüququ barədə ədalətli
qərar verməlidirlər. Əks halda, bu kimi hallar yalnız hansısa iş adamının insan
hüquqlarına deyil, həm də ölkə rəhbərinin iqtisadi siyasətinə zərbə kimi qiymətləndirilə
və xarici investorları ölkəmizdən qaçıra bilər.
(ardı var)
Heydər Oğuz
P.S. əvəzi: Gələcək yazılarımızda: “Yeni Həyat”
şirkətinin sahibinin arxasında kimlər dayanır və o, kimlərin adından istifadə
edir?
Məhkəmə instansiyalarının söykəndiyi
arqumentlər nə dərəcədə əsaslıdır?
“Yeni Həyat” alıcılarına necə həyat bəxş
edib?
Qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq.
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247