Qarşıdan Mart soyqırımının ildönümü gəlir. Istər Xocalı, istərsə də Mart soyqırımı kimi olaylarla bağlı tamaşaların, filmlərin hazırlanmasına ehtiyac varmı? Teatr və kino sahəsində bu məsələ ilə bağlı müşahdiə edilən boşluqların arxasında hansı amillər dayanır?
Moderator.az-a açıqlama verən xalq artisti Valeh Kərimov bu cür film və tamaşalara ciddi ehtiyac olduğunu vurğulasa da, bu sadəcə müəyyən boşluqların, problemlərin olduğunu təsdiqlədi. Xalq artistinin sözlərinə görə, buna səbəb məlum hadisələrlə bağlı ciddi ssenarilərin, əsərlərin yazılmamasıdır:
“Təbii ki, bu faciələrin teatr tamaşalarında, filmlərdə öz əksini tapması çox arzuedilən olar. Ancaq məsələ bundadır ki, indi bu cür əsərləri yazan yoxdur. Bunu yazan dramaturq, poema yazan şair, roman yazan yazıçı yoxdur. Gərək bu əsər yazılı formada teatr gəlsin ki, teatr da bunu hazırlasın. Indi onlar yoxdur. Hamı şou ilə, oxumaqla, oynamaqla məşğuldur. Indi ciddi məsələlərə heç kim önəm vermir. Teatrlar da pis vəziyyətdə qalıb. Teatrlar bu cür tamaşalar hazırlamaq istəyir, lakin bunun üçün gərəkli materiala malik deyillər”.
V.Kərimov qeyd edib ki, yüksək peşəkarlıqla, lazımi keyfiyyətlə yazılmayan əsər əsasında ciddi tamaşa və ya film ortaya qoymaq mümkün deyil:
“Təsəvvür edin ki, bir dərziyə kostyum üçün yararsız olan bir parça verirsiniz və ona deyirsiniz ki, kostyum tik. O isə bildirir ki, bu, kostyuma yarayan parça deyil. Bunun üçün normal, keyfiyyətli parça olmalıdır. Yüngül şeirlərlə nə qədər səhnə, səhnəcik hazırlamaq olar? Gərək dramatik bir əsər olsun”.
Xalq artisti hesab edir ki, xarici ölkələrin müharibə, qəhrəmanlıqla bağlı filmlərinin baxımlı alınmasına səbəb bu əsərlərin yüksək səviyyədə yazılması ilə bağlıdır:
“Bz niyə müharibə mövzusunda xarici ölkələrin filmlərinə baxanda ekran qarşısından çəkilə bilmirik? Çünki o filmlər ciddi material əsasında hazırlanıb. Bizdə isə bu yoxdur. Odur ki, mən mövcud vəziyyətin günahını yazıçılarda görürəm. Birinci ortada ssenari olmaldıır. Ssenari olmalıdır ki, teatr və kino ondan bəhrələnsin, istifadə etsin”.
Seymur ƏLİYEV