Qarşıdan Xocalı və Mart soyqırımlarının növbəti ildönümləri gəlir.
Tariximiz, yaşadığımız faciələr, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə, bu mübarizədə verilən itkilər, göstərilən qəhrəmanlıqlar və s. milli musiqimizdə də öz əksini tapmalıdırmı?
Moderator.az-a açıqlama verən Əməkdar artist Elnarə Abdullayeva bunun zəruri olduğunu vurğuladı:
“Sözsüz ki, bütün bunlar musiqimizdə öz əksini tapmalıdır və tapıb da. Bildiyiniz kimi, mənim repertuarımda bu cür mahnılar xüsusi yer tutur. Xalqımızın ağır vəziyyətində mən xalqın dərdini, ağırısı öz ifamda əks etdirməyə çalışmışam. O vaxt bəziləri mənə deyirdi ki, sən ağı oxuyursan. Niyə oxuyurdum ağını? Mən bu ağını şəhidlərimizə, xalqımızımn yaşadığı ağrı-acıya görə oxuyurdum. Xalq həmin çətin anlarda nə etməli idisə, mən də onu etdim.
Hər dövrə uyğun müəyyən şeirlər, qəzəllər yaranır. Hər zaman belə olub. O vaxt demək olar ki, heç kim belə oxumurdu ki, birdən deyərlər ki, sən ağı oxuyursan. Amma bu ağı deyildi. Bu, bizim bir insan, bir vətəndaş kimi borcumuz idi. O yerdə ki, ağlamaq lazımdır, hamımız ağlamalıyıq.
Tariximizə, şəhdilərimizə ehtiram göstərmək bizim müqəddəs borcumuzdur. Mən bütün şəhidlərimizə rəhmət diləyir, bir daha onlara öz ehtiramımı bildirirəm”.
Seymur ƏLİYEV