Zamirə Hacıyevaya “Azərbaycanın ən fərasətli xanımı” statusu vermək lazımdır(14 il dövlətin milyonlarını nə təhər sağa-sola, Londona, Parisə dağıdıbsa, hökumətin, xüsusi xiidmət orqanlarının bundan qətiyyən xəbəri olmayıb)- ondan "fərasətlisi" varsa, çıxsın ortalığa...
***
Deyirlər, 2050-ci ildə dünya əhalisinin yarısı uzağı görməyəcək; onsuz da bəşəriyyətin nəinki yarısı, bəlkə də 90 faizi uzağı görmür, bu da planet varidatının 90 faizindən çoxunu sümürən super güclərə sərf edir –söhbət gözlə görməkdən getmir...
***
Çağdaş dövrün kreslo, var-dövlət görməmişlərinin şükür formulu: “Şükür ki, sülh və sabitlik şəraitində bir-birimizi aldadırıq, dələduzluq edirik, tutduğumuz postlarda rahatca rüşvət alıb-verə bilirik, əlimizə keçən xalq sərvətini, dövlət büdcəsini talaya bilirik...”
***
Qədimalı kişidən qazımızdan qaz vurub qazan dolduranlara ciddi sual: “Ay başınıza dönüm, bu qaz 20-30 il bundan qabaq niyə belə “dəmlənib” bir belə adamın canını almırdı, heç o biri, lap soyuq ölkələrdə, Urusetdə-filanda da qaz Azərbaycandakı kimi “dəmlənmir” axı?..”
***
Deyirlər, Türkiyə məscidlərində imamlara siqaret qadağası qoyulub; Türkiyəni bilmirəm, bizim məscid axundlarına ilk növbədə cümə, bayram xütbələrində başçılara(özü də rüşvətxor başçılara) yaltaqlanmaq qadağası qoymaq lazımdır...
***
Ey müəllimlər, siz bu məmləkətdə milyonçu olmağı ancaq konsertinə 1200 manatlıq bilet satılan Röyalarda görərsiz...
***
Axh..., 1988-ci ildə Şuşa Topxanasındakı bir armud ağacından ötrü 1 milyondan çox insanı meydana toplayıb Xalq Hərəkatı yapan Qoçu Əsgər, hardasan, indi torpağımızın 20 faizi, 1000-ə yaxın yaşayış məntəqəmiz işğal altındadır, 1 milyondan çox qaçqınımız var, amma?..
Sultan Laçın