“Xəbər gəldi ki, parlamentdəki deputatları  ya güllələyəcək, ya da həbs edəcəklər...”
4461
20 Jan 2019 | 19:24

“Xəbər gəldi ki, parlamentdəki deputatları  ya güllələyəcək, ya da həbs edəcəklər...”

1990-cı ilin Qanlı Yanvar olaylarından  29 il keçsə də, həmin faciəvi hadisələrin şahidləri üçün belə, hələ də qaranlıq qalan bir sıra məqamlar var... O müdhiş günlərdə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən tanınmış ictimai-siyasi xadim Maksim Musayev Moderator.az əməkdaşı ilə geniş söhbətdə şahidi olduğu olaylar, o cümlədən parlamentdə  baş verən proseslər, eləcə də bilavasitə faciədən sonra işğalçı qoşunların mühasirəsində olan parlament binasında çağırılan fövqəladə sessiyanın keçirilməsi haqda  maraqlı faktlar nəql edib.

“Rəhmətlik Bəxtiyar müəllim qəsdən özünü bilməzliyə qoyaraq şərait yaradırdı ki, o dövrdə deyilməsi qadağan olan çağırışlar açıq-açığına deyilsin...”


(Əvvəli bu linkdə://www.moderator.az/news/255519.html)


-Maksim müəllim, rəhmətlik Bəxtiyar Vahabzadə  20 Yanvar faciəsindən cəmi bir gün sonrakı o hədsiz gərgin vəziyyətdə fövqəladə sessiyanı necə apardı, özünü itirmədi ki?

 

- Gözəl şairimiz,  görkəmli ictimai xadim Bəxtiyar Vahabzadə ömründə  ilk dəfə belə bir taleyüklü rəsmi toplantını, özü də azğın imperiya qoşunlarının əhatəsindəki binada çox ləyaqətlə apardı. Deyərdim ki, 20 Yanvar günü cəsarətlə rus generalının üzünə tüpürmüş Bəxtiyar müəllim ertəsi gün Ali Sovetdə də qəhrəmanlıq göstərdi. Düzdü, əvvəlcə ona sədrlik təklif olunanda, dediyim kimi, bir az tərəddüd etdi.  Və çox naəlac halda belə bir çıxış elədi:

 

“Yoldaşlar! Mən sizə bir söz deyim. Mənim 65 yaşım var, ömrümdə vəzifə nə olduğunu bilməmişəm. Bundan başqa, iclasın aparılmasının qayda-qanunlarını da bilmirəm. Xahiş edirəm, iclası mən yox,  İsmayıl Şıxlı aparsın...”

 

Əlbəttə, onun sözünü dinləsələr də, deputatlar seçdikləri şəxsin işə başlamasını hay-küylə tələb etdilər. Amma qərara gəlindi ki, çətin məqamlarda  rəhmətlik İsmayıl Şıxlı da Bəxtiyar müəllimə kömək eləsin və bu, belə də oldu...

 

Gündəliyə “SSRİ Dövlət Təhlükəsizlik Komitəsi qoşunlarının çoxsaylı insan tələfatına gətirib çıxarmış hüquqa zidd hərəkətləri haqqında” və “1990-cı il yanvarın 19-21-də  Bakı şəhərində  qoşunların törətdiyi cinayətlərin istintaqı üçün deputat komissiyasının yaradıması haqqında” məsələlər daxil edildi. Bu ətrafda da rəhmətlik Xəlil Xəlilov  bir neçə təklif verdi və onun təklifləri nəzərə alındı.

 

Bəxtiyar müəllim xatırlatdığımız məsələləri spiker kimi normal qaydada idarə etdi. Ancaq növbəti məsələnin gündəliyə salınmasına görə zalda o qədər söz-söhbət, hay-küy yarandı ki, bütün bunlar Bəxtiyar müəllimi bir az vahiməyə saldı. Tarix xalq şairini bəlkə də ictimai-siyasi ömründə, məşhur “Gülüstan”  poemasıyla bağlı Kremlin, “KQB”-nin sıxma-boğmalarından sonra  ən çətin vəziyyətə salmışdı. Çünki bu, nə şairlər məclisi idi, nə də yazıçılar qurultayı idi ki, Bəxtiyar müəllim natiqliyini nümayiş elətdirsin... Azğın imperiya gücləri ilə üz-üzə qalmış Azərbaycan xalqının taleyi  həll olunurdu. Moskva millətə divan tutmuşdu və bunu davam etdirmək əzmində idi. Xalqın mənəviyyatı təhqir olunmuşdu, ölən və yaralananların sayı-hesabı bilinmirdi. Respublika rəhbərləri qaçıb gizləndiyindən ölkədə tam başsızlıq və sahibsizlik yaranmışdı. Belə bir vəziyyətdə millətinə zülm olunmuş parlamenti idarə etmək, özü də gecə vaxtı Ali Sovetin binasının tanklarla mühasirə olunub, lülələri pəncərələrə tuşlandığı, zirzəmiləri ağzınacan imperiya əsgərləri və silahları ilə dolu olduğu bir halda idarə etmək hər hansı ən təcrübəli spiker üçün də çətin ola bilərdi. Həmin məqamlarda biz deputatlar hər an sovet ordusu tərəfindən atəş açılacağını gözləyirdik. Bunlar bir yana dursun, hələ bütün dünyanı Azərbaycan haqqında gerçək və obyektiv informasiyadan  məhrum etmək üçün Sovet ordu komandanlığının və yerli rəhbərlərin gördüyü tədbirlər də çox ürəkağrıdıcı idi. Parlament zalına toplanmış deputatlar həm səlahiyyət sahibi, həm də səlahiyyətlərindən məhrum edilmiş insanlar idilər. Qorbaçovun güc nazirləri hər yarım saatdan bir nümayəndələrini göndərib şayiələr yayır, bizləri vahimə içərisində saxlayırdılar...

 

İclas zalında bəzən elə vəziyyət yaranırdı ki, hay-küydən ağız deyəni qulaq eşitmirdi. Heç kəs heç kəsi dinləmirdi. Yaxşı xatırımdadır, elə bir məqam yarandı ki, Bəxtiyar müəllim etiraf elədi. “İndi gördünüz ki, mən iclas apara bilmirəm. Axı elə işlər  var ki, mən onları bacarmıram”-deyərək sədarətlikdən getmək istədi. Deputat Rafael Allahverdiyevin qaldırdığı çox ciddi məsələlər və digər şəxslərin təklifləri Bəxtiyar müəllimi bir az da çətin vəziyyətə saldı. Lakin deputatların yerdən verdiyi ürək-dirək və özünü toparlaması sayəsində Bəxtiyar Vahabzadə o sessiyanı idarə edə bildi və məsələləri sona çatdırmağı bacardı...

 

-Sessiyada SSRİ rəhbərliyinə, Qorbaçova, sovet ordusuna qarşı kəskin çıxışların şahidi oldunuzmu? Belə anlarda Bəxtiyar müəllim özünü necə aparırdı?

 

-Əlbəttə, kəskin çıxışlar kifayət qədər oldu... Bəlkə də belə bir fövqəladə vəziyyətdə sessiya iclasına sədrlik edənin təcrübəsiz olması ümumi iş üçün daha sərfəli imiş. Çünki bu cür halda çıxış edənlərin əksəriyyətinin ürəyindəkilərin hamısını deməsinə imkan  yaranırdı. Mənə elə gəlir ki, rəhmətlik Bəxtiyar müəllim qəsdən özünü bilməzliyə qoyaraq şərait yaradırdı ki, o dövrdə deyilməsi qorxulu, qadağan olan və cinayət sayılan bu cür çağırışlar açıq-açığına deyilsin:

“... Bakıda fövqəladə vəziyyət ləğv edilsin! Ordu və hərbi texnika şəhərdən çıxarılsın! Azərbaycan SSRİ-nin tərkibindən çıxsın...”,  “Uşağa, qadına,  qocaya, gəncə fərq qoymadan hamının üstündən tank sürən,  al qana qərq edən cinayətin alçaqlıq dərəcəsi bildirilsin!..”, “AXC üzvlərinə toxunulmaması üçün Ali Sovet bəyannamə versin!..”, “Ali Sovetin zirzəmisindəki ordu işğalçı və faşist ordusudur...”, “Qarabağ məsələsində bizi aldadıblar, avam yerinə qoyublar...”, “Qorbaçov cinayətkardır, cəlladdır!..”, “Əl qolumuzu, ağzımızı bağlayan senzuranı üzərimizdən götürməliyik!..” və s.

 

Bu cür çıxış və çağırışlardan sonra iclasda qəflətən  belə bir xəbər yayıldı ki, artıq gecənin yarısı olmasına baxmayaraq ciddi bəyanatlar verildiyi, senzura tələblərindən kənar çıxışlar edildiyi üçün və eyni zamanda fövqəladə  vəziyyət olduğuna görə sovet ordusu komandanlığı belə qərara gəlib ki, deputatları ya gülləbaran edərək qırsınlar, ya da həbs etsinlər...

 

(Davamı var)

 

Söhbətləşdi: Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər