Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov məlumat verib.
Muğam sənətinin qorunması və inkişafı ilə bağlı belə bir layihənin hazırlaması dövlətimizin muğam sənətinə, bütövlükdə milli-mənəvi dəəylərimizə verdiyi önəmin daha bir nümunəsi hesab edilə bilərmi? Məlum qanun layihəsinin qəbul edilməsi ölkəmizdə muğam sənətinin daha da inkişafına stimul verə bilərmi?
Moderator.az-a açıqlama verən xalq artisti Nəzakət Teymurova muğam sənətinə dövlət tərəfindən verilən dəstəyi yüksək qiymətləndirdiyini vurğuladı:
“Xalq musiqimizə, muğamlarımıza xalqımız hər zaman yüksək qiymət verib. Dövlətimiz də muğam sənətinin inkişafına xüsusi qayğı göstərir. Muğamın inkişafı, onun tədrisi və s. ilə bağlı ciddi inkişaf var. Heydər Əliyev Fondu bu yöndə əhəmiyyətli layihələr həyata keçirib. Xüsusilə də, muğamlarıımızın gənc nəslə tədrisi və təbliği istiqamətində Heydər Əliyev Fondu ciddi addımlar atıb. Mən və eləcə də bir sıra görkəmli sənətkarlarımız gənc nəslin muğamlarımızı daha dərindən mənimsəməsi üçün bu muğamları lent yazılarına köçürmüşük.
Hər ölkənin özünün milli musiqisi var. Lakin Azərbaycanda muğamın tədrisi, öyrədilməsi ən yüksək səviyyədə həyata keçirilir. Biz müxtəlif festivallarla bağlı xarici ölkələrdə oluruq. Oradakı müşahidələrimiz də göstərir ki,ən duyğusal, ən dinamik musiqi məhz bizim milli musiqimizdir.
Ata-babalarımızın bizə qoyub getdiyi muğamların inkişaf etdirilməsi, təbliği bizim qarşımızda duran əsas vəzifədir. Biz çalışırıq ki, muğamarımızın zənginliyi itməsin, bu zənginlik qorunub saxlanılsın. Mili Məclisin muğamlarımızın inkişaf və qorunması ilə bağlı qanun layihəsi hazırlaması da sevindiricidir. Hesab edirəm ki, bu qanunun qəbulu muğamlarımızın tədrisi, qorunması və inişafı baxımından müsbət nəticələrə səbəb olacaq”.
Seymur ƏLİYEV