Qarşıdan 20 Yanvar olaylarının növbəti ildönümü gəlir.
Azərbaycan tarixində həm faciə, həm də böyük qəhrəmanlıq kimi dəyərləndirilən bu hadisənin tariximizlə yanaşı, ədəbiyyatımızda da əks olunmasının ciddi önəm kəsb etdiyi birmənalıdır.
Lakin bəzən faciələrin geniş şəkildə təbliğinin insanlarda pessimizmə, məyusluğa yol açdığı, “məğlubiyyət sindromu” yaratdığı ilə bağlı da fikirlər səslənir.
Doğrudanmı faciələrin tarixdə, yaxud ədəbiyyatda geniş təbliği ictimai şüurda arzuedilməz nəticələrə səbəb ola, xalqın, ictimaiyyətin özünə, öz gücünə olan inamını qismən də olsa sarsıda bilər?
“Tarixdə bütün gerçəklər olduğu kimi əks olunmalıdır: məğlubiyyət və qələbələri ilə...”
Moderator.az-a açıqlama verən yazıçı-publisist Mehriban Vəzir bu yanaşmanı əsla qəbul etmədiyini vurğuladı:
“Ictimai psixologiya deyilən anlama yanaşma birmənalı deyil. Ola bilsin ki, bu, kimdəsə məyusluq yaratsın, kimdəsə fərqli hislərə yol açsın. Lakin məsələ bundadır ki, bir xalqın tarixində yaşadığı istər uğurlar, istərsə də məğlubiyyətlər, yəni bütün gerçəklər olduğu kimi əks olunmalıdır. Bu, ictimaiyyətə də olduğu kimi təbliğ edilməli, öyrədilməlidir. Xalq öz keçdiyi yolu bilməlidir. Əgər hansısa psixoloq, ictimai xadim deyirsə ki, 20 Yanvar hadisələrini çox təbliğ etmək, yaxud bu faciələrin ədəbiyyata yansıması ictimai psixologiyaya zərbə vurur, mən bunu qəbul etmirəm. Bunun əksini düşünürəm.
“20 Yanvar Krelmlin Bakıdakı məğlubiyyətidir”
Birincisi, hər şey 20 Yanvara hansı rakursdan yanaşmaqdan asılıdır. 20 Yanvar məğlubiyyət deyil. 20 Yanvar bir xalqın, böyük bir xalqın, fəqət kiçik bir ölkənin nəhəng imperiyaya qarşı dirənişidir. Dünyanın məşhur politoloqları deyiblər ki, Moskva 20 Yanvarda – Bakıda məğlub oldu. 20 Yanvar Kremlin Bakıdakı məğlubiyyətidir. Baş verən bu olay ictimaiyyətə bu aspektdən öyrədilməlidir.
“Tariximizi daha dərindən öyrənməyə ehtiyac var”
Hesab edirəm ki, tariximizi daha dərindən öyrənməyə ehtiyacımız var. Görünən odur k, Azərbaycan yazıçısının öz tarixini öyrənib və öyrətməyə, onu bədiiləşdirməyə marağı yoxdur. Biz bu məsələdə axsayırıq.
20 Yanvar, Xocalı və s. facilərimiz, eləcə də böyük qələbələrimiz xalqımıza, ictimai şüura olduğu kimi yansımalıdır”.
Seymur ƏLİYEV