Bədxahlarınız həyatınızı asanlaşdıra bilər...
Yəqin ki, hər bir insanın həyatında onun ən xırda uğurlarına belə həsəd və paxıllıqla yanaşan, fəaliyyətinə kölgə salmağa çalışan, onu dedi-qoduların hədəfinə çevirməyə cəhd edən kimlərsə mövcuddur. Şübhəsiz, insanın ətrafında bədxahların olması onun yaşam və fəaliyyətinə bilavasitə təsir göstərməsə də, bu cür şəxslərin mövcudluğunu yada salmağın, hiss etməyin özü belə insanda kifayət qədər psixloji rahatsızlıq, daxili gərginlik yaradır.
Lakin nə qədər inanılmaz olsa da, sizdə neqativ hislər yaradan, yolunuzda əngəl olaraq gördüyünüz bu insanlar həyatınızı asanlaşdıra bilər. Etməli olduğunuz tək şey hadisələrə fərqli rakursdan və bir qədər yumorist yanaşmaq, onlardan düzgün yararlanmaqdır.
Pulsuz mühasiblik və ödənişsiz statistik xidmət
Bu qəbil insanların ən
mühüm özəlliklərindən biri onların günlük, həftəlik və aylıq gəlirlərinizi heyrətamiz
dəqiqliklə izləməsi, bu gəlirlərin vaxtaşırı hesabını aparmasıdır. Məsələn, əgər
aylıq maaşınızdan əlavə hansısa gəliriniz olubsa, hardansa mükafat, hədiyyə, əlavə
zəhmət haqqı kimi müəyyən məbləğ almısınızsa, əmin ola bilərsiniz ki, aldığınız
bütün bu pullar bədxahlarınız tərəfindən heyrətamiz dəqiqliklə
hesablanmaqdadır. Bundan başqa, gündəlik xərcləriniz, övladlarınız və digər
yaxınlarınızın xəstəxana, məktəb və s. məsrəfləri üçün sərf etdiyiniz vəsaitlər
də onların hesab sisteminə daxildir. Bu isə o deməkdir ki, siz həmin şəxslərdən
pulsuz mühasib kimi istifadə edə, gəlir və məsrəflərinizlə bağlı hansısa
anlaşılmazlıq və çaşqınlıqla üzləşsəniz, onlardan yardım ala bilərsiniz. Və əmin ola bilərsiniz ki, onlar sizin bütün
suallarınıza dəqiq rəqəmlərlə cavab verəcəklər.
Haşiyə 1.Jurnalist olaraq ara-sıra qatıldığım müsabiqələrdə aldığım 100-200
manatlıq pul mükafatının dövlətdən 150 min manatlıq ev alan, 50 min manatlıq
avtomobil sürən, hər ay xarici ölkələrə səfər edən şəxslər tərəfindən necə incə
həssaslıqla izləndiyinin, bu informasiyanın necə böyük ağrı hissi ilə digər şəxslərlə
paylaşıldığının dəfələrlə şahidi olmuşam. Və etiraf edim ki, onların aylıq qazancımla
bağlı hazırladıqları hesabat mənim öz
hesabatımdan hər dəfə heyrətamiz dəqiqliyi ilə fərqlənib.
Təhlükəsizliyinizə verilən zəmanət
Bədxahlarınıza məxsus özəlliklərdən
biri də onların sizi hər zaman izləməsi, harda, hansı məkanda olduğunuz, nə iş
gördüyünüzü daim diqqət mərkəzində saxlamağı ilə bağlıdır. Bu, ilk baxışdan
narahatverici görünsə də, bunun üstün tərəfləri də mövcuddur. Məsələn, davamlı
olaraq diqqət mərkəzində qalmağınızı, harada nə iş görməyinizlə bağlı xəbərlərin
dərhal ictimaiyyiləşməsini öz təhlükəsizliyinizin qarantı hesab edərsiniz. Belə
ki, onlar sizi az qala 24 saat nəzarət altında saxlamaqla əslində pulsuz
mühafizə xidmətini həyata keçirməkdədir. Odur ki, sabah başınıza hər hansı
arzuedilməz hadisə gəlsə də, sizin heç bir halda xəbərsiz-ətərsiz yoxa çıxmaq
ehtimalınız yoxdur. Unutmayın ki, nə olursa-olsun sizin harada olmağınızdan, nə
ilə üzləşməyinizdən xəbərdar olan ən az bir adam var və o bu informasiyaları
anındaca xəttin digər başındakı şəxslərə ötürməkdədir.
Haşiyə 2.Jurnalist fəaliyyətimlə bağlı üzləşdiyim maraqlı məqamlardan biri məhz bu cür nəzarət sistemi ilə
bağlıdır. Məsələn, dəfələrlə olub ki, yer aldığım müsabiqələrlə bağlı
mükafatlandırma mərasimlərimdəki iştirakım, oradakı oturuş tərzim, hətta üzümdəki
mimika və cizgilərə qədər məlumatlar
üfiqi və şaquli parametrlər üzrə elə sürətlə ötürülüb ki, bu sürət qarşısında
sadəcə və sadəcə ehtiramla baş əyməli olmuşam.
Və anlamışam ki, heç nə - nə ən mükəmməl kosmik kəşfiyyat, nə ən peşəkar
xüsusi xidmət orqanı bu fövqəlizləmə sistemi ilə rəqabət aparmaq qüdrətinə
malik deyil.
Ödənişsiz xatırlatma xidməti, yaxud daha heç nə
itirməyəcəksiniz!
Bədxahlarınıza məxsus
xüsusiyyətlərdən biri də onların sizin əşya və əmlakınızla bağlı hər şeyi ən
xırda təfərrüatına qədər yadda saxlamağıdır. Bu isə o deməkdir ki, siz onların
timsalında ödənişsiz xatırlatma xidmətindən istifadə edə bilərsiniz. Məsələn, əgər
axşam çıxartdığınız corabı səhər hara qoyduğunuzu xatırlaya bilmirsinizsə, o
zaman əminliklə bədxahlarınızdan birinə müraciət edə bilərsiniz. Əmin ola bilərsiniz
ki, o sizin corablarınızın yerini, onu çıxartdığınız saata qədər deyəcək. Başqa
sözlə desək, əslində sizə xatırlatma xidməti, yaddaş dəftərçəsi lazım deyil. Və
siz istəsəniz belə daha heç nə itirə, nəyisə yaddan çıxarda bilməyəcəksiniz.
Xırda yanlışlıqların böyük səhvlərə çevrilməsini əngəlləyən
sistem!
Ətrafınızdakı bədxah
insanların sizə verəcəyi ən mühüm faydalardan biri də onların sizə xırda
yanlışlıqlarınızı göstərməkə böyük səhvlərə gedib çıxmağınızı əngəlləməyidir. Sizi
gözdən salmaq, gördüyünüz işlərin əhəmiyyətini azaltmaq, ətrafdakı insanlarda
sizin bacarığınıza inamsızlıq yaratmaq üçün atdığınız hər addımı, gördüyünüz hər
bir işi kin və paxıllığın nəhəng lupası altında amansızcasına tədqiq edən bu
insanlar, ən xırda nöqsanınızı belə dərhal tapıb ictimaiyyilədirir ki, bu da
sizə bu nöqsanları yerindəcə həll etmək, böyük səhvlərdən qaçmaq imkanı verir.
Təbii, bu imkandan necə istifadə edəcəyiniz sizdən asılıdır.
Gözəl, nəcib ruhlu insanları xatırlamaq məcburiyyəti!
Bədxahlarınızın sizə
münasibətinin digər bir faydası isə onların nəcib ruhlu insanları davamlı
olaraq sizlərə xatırlatmağıdır. Xəbislərin üzərinizə düşən kölgəsi qeyri-iradi
olaraq sizə yaxından-uzaqdan tanıdığınız bütün işıqlı insanları, onların bədxahlıq
tanımayan qəlblərinin əzəmətini daim sizin yadınıza salacaq ki, bu da həmin insanları daha yaxşı qiymətləndirməkdə
sizə kömək edəcək. Və siz bu müqayisə fonunda anlayacaqsınız ki, hətta ən qatı
qaranlıqda belə nəcib simaları yada salmaq bu zülmətə meydan oxumaq, həyatın,
insanlığın gəlcəynə ümidlə baxmaqda kömək edir.
Bir sözlə, düşündüyünüzün
əksinə olaraq, bədxahlarınız həyatınızı asanlaşdıra bilər. Madam ki, onlardan
yaxa qurtarmaq mümkün deyil, qoy onlar həyatınızı yalnız asanlaşdırmağa xidmət
etsin.
Seymur ƏLİYEV
E-mail: [email protected]
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247