Bu gün Azərbaycanın dahi sənətkarı, milli operamızın banisi, böyük bəstəkar və musiqiçi Üzeyir Hacıbəyovun vəfatının ildönümüdür.
Maraqlıdır, bu gün musiqimizdə Ü.Hacıbəyov dəyərlərinə yetərincə bağlılıq varmı?
Moderator.az-a açıqlama verən xalq artisti Mübariz Tağıyev milli musiqi dəyərləri və kökünə bağlılığın vacib olduğunu vurğuladı:
“Vaxtın, zamanın nəbzi dəyişir. Bununla belə, mənə elə gəlir ki, bəli, bu bağlılıq var. Bu gün yaranan musiqilərin kökü Üzeyir bəydən qidalanır. Çoxları bu fikirdədir ki, yeni əsərlər yaranmır. Lakin zamanın nəbzinə də fikir vermək lazımdır.
Azərbaycan musiqisinin dərin kökləri var. Mənə elə gəlir ki, buna müdaxilə etmək bu gün də doğru olmaz. Hansı janrda olursa-olsun, o kökü qoruyub saxlamaq lazımdır. Üzeyir Hacıbəyov bizə böyük bir məktəb qoyub gedib. Bu məktəbin davamçıları var. Onun davamçıları Azərbaycan musiqisini qoruyub saxlayıb, onu bu günlərə çatdırıblar. Indiki nəsil də elə etməlidir ki, o dəyərlər, o köklər qorunsun, musiqimizdə heç nə itib-batmasın”.
Seymur ƏLİYEV