Dünyada texnologiyanın inkişaf etməsi, ağıllı mobil telefonların yayılması, insanların informasiya almaq, əylənmək vasitəsinə də təsir göstərib. Belə ki, statistikalara görə, dünyada insanlar informasiyanı daha çox mobil telefon vasitəsilə saytlardan və sosial şəbəkələrdən alırlar.
Azərbaycanda da demək olar ki, hər kəsin ağıllı telefonu var. Məlumatlara görə, Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. Eyni zamanda dünyada aparılan sorğulardan belə aydın olur ki, insanlar artıq televizordan uzaqlaşırlar. Onlar televizorları əllərində hər yerə daşıya biləcəkləri mobil telefon, planşet, netbuklarla əvəz edirlər.
Bəs Azərbaycanda durum necədir?
“Yeni Müsavat”ın əməkdaşı olaraq məsələ ilə bağlı məlumat almaq üçün televizor satılan mağazalara yollandıq. Mağazalarda olduğumuz zaman öyrəndik ki, demək olar ki, bütün növ televizorların qiymətlərində endirim var. Satıcılar bildirdilər ki, qiymətlərin bəziləri kampaniya çərçivəsində endirilib. Lakin ümumilikdə 2015-ci illə müqayisədə bütün növ televizorlar ucuz satılır.
Satıcı Kamran Həsənovun sözlərinə görə, hazırda alıcılar daha çox smart televizorlara üstünlük verirlər: “Smart televizorların qiymətləri digərləri ilə müqayisədə bir qədər yüksəkdir. Onlardan daha çox 32 düyümlülər (82 sm) satılır. Çünki 32 düyümlü televizorlar digərləri ilə müqayisədə həm də ucuzdur. Son zamanlar istehsal olunan böyük ekran televizorların əksəriyyəti smartdır. Lakin smart olmayan televizorlar da var ki, bunları da alanlar az deyil. İri ekran televizorlara daha çox endirimlər və kampaniyalar olur. Məsələn, 109 ekran (43 düyümlü) smart televizorun qiyməti markasından asılı olaraq 750-950 manat arasında dəyişən qiymətlərlə satılır. Son zamanlar bazara ənənəvi markalarla yanaşı, Çin istehsalı olan yeni markalar da gəlib. Onların qiymətləri ucuz olsa da, satışı elə də yüksək deyil. Çünki insanlar markanı tanımadıqları üçün etibar etmirlər. Bu televizorlardan smart olanları digərləri ilə müqayisədə daha ucuzdur. 2015-ci ildə manatın devalvasiyasından sonra bütün növ elektronika məhsulları ilə yanaşı, televizorların da qiymətləri qalxmışdı. Lakin hazırda həm kredit şərtləri sərfəlidir, həm də qiymətlər həmin dövrlə müqayisədə xeyli aşağıdır”.
Mağazalarda olduğumuz zaman öyrəndik ki, internetin geniş yayılmasına baxmayaraq, televizor alanların sayı az deyil. Mütəxəssislər bildirdilər ki, smart televizora marağın artmasının səbəbi onun internetə rahat şəkildə qoşulmasıdır. Bu televizorları ağıllı telefonlarla da əlaqələndirmək mümkündür. Ona görə də insanlar iri ekranda film seyr etmək və ya digər videoları izləmək üçün televizorlardan istifadə edirlər.
Satıcılarla söhbətimiz zamanı onlar da bildirdilər ki, son zamanlar “Smart boks” axtaranların sayı artıb. Məlumat üçün qeyd edək ki, bu cihazlar vasitəsilə smart olmayan televizorları da internetə qoşmaq mümkündür. Yəni bu cihazın köməkliyi ilə adi televizor smart televizora çevrilir.
Bəs smart televizor nə deməkdir?
“Smart” funksiyasının varlığı sizin televizorunuzu adi televizorla müqayisədə online video baxma, online oyun oynama, bir sözlə, internetin köməkliyi ilə bir media mərkəz kimi bütün funksiyalardan yararlanmağa imkan verir.
Smart televizorlarda internetə giriş LAN interfeysli şəbəkə kabeli və yaxud Wi-Fi vasitəsi ilə həyata keçirilir. Kiçik ekran televizorlarda internetin 1-2 Mbit/san sürəti kifayət edir. İri ekranlarda isə 10 Mbit/san lazımdır. Smart Tv-lər klaviatura, siçan, magic motion pultu, səs və hətta jest ilə idarə edilmə funksiyasına malikdirlər.
Son zamanlar 3 D televizorlar da satışdadır. Bunun üçün xüsusi eynəklərdən istifadə etmək lazımdır. Eyni zamanda görüntünün də 3 D formatında olması gərəklidir.
Yəni texnologiya inkişaf etdiyi kimi, bir zamanlar “sehirli qutu” kimi adlandırılan televizorlar da inkişaf edib, daha çox funksiyanı özlərində birləşdirib.
"Yeni Müsavat"