Bu günlərdə məşhur türk serialı "Payitaht Əbdülhəmid”in 51-ci seriasında Azərbaycanın məşhur tarixi şəxsiyyəti Hacı Zeynalabdin Tağıyevlə bağlı səhnə yer alıb. Hansı ki, H.Z.Tağıyevlə Sultan Əbdülhəmidin görüş səhnəsinin əks olunduğu sözügedən serial həm Türkiyə, həm də Azərbaycanda böyük marağa səbəb olub.
Türk film və seriallarının da maraq göstərdiyi, önəm verdiyi H.Z.Tağıyev obrazının Azərbaycan filmləri vasitəsi ilə təbliği, gənc nəsl milli kinolrımız vasitəsi ilə tanıdılması daha məqsədəuyğun olmazmı? Niyə türk filmlərinin belə yer ayırdığı Tağıyev şəxsiyyətinin ekranlaşdırılmasına ölkəmizdə lazımi maraq göstərilmir?
Moderator.az-a aıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri, H.Z.Tağıyevdən bəhs edən iki serialı “ATA” filminin ssenaristi Eldəniz Quliyev bu məsələyə diqqət yetirməyin mühüm önəm kəsb etdiyini qeyd etdi:
“Təəssüf hissiylə deməliyəm ki, hələ bu xalq özünün gerçək dəyərlərini ayırd etməkdə çətinlik çəkir. Biz, Hacı Zeynalabdin Tağıyevi öz geniş və xeyirxah dünyaduyumu və intəhasız millət sevgisiylə, sözün əsl mənasında MİLLƏT ATASı olmaq mərtəbəsinə yüksələn çox nadir şəxsiyyət kimi qiymətləndirməliyik. Amma diqqət yetirin: neçə illərdi ki, bu maraqlı və unikal şəxsiyyət barəsində ortaya samballı bir sənət əsəri qoyulmayıb. Səbəbləri şübhə doğurur, deyilmi? Gör neçə ildir ki, Hacının həyatı, gördüyü xeyirxah işləri özündə əks edən "ATA" adlı bədii filmin ssenarisi hazırdı...Amma bir nəfər də, o sırada, Mədəniyyət Nazirliyi olmaqla, qabağa düşüb, sponsorluq edən birisi tapılmadı (?!). Halbuki mənasız, məzmunu bir qara qəpiyə dəyməyən seriallar üçün növbəyə dayanan sponsorlar var. Çünki o sponsorlara xalqın qəhrəmanlarından daha çox, xalqın zövqünün formalaşmasından daha artıq ucuz, əttökən psevdo-filmlər lazımdı. İnanın, Hacı Zeynalabdin Tağıyev kimi bir şəxsiyyəti olan istənilən ölkə, ondan bəlkə də artıq onlarla film çəkmşdi... Hətta türk kinosu da o KİŞİNİN nə boyda, nə çəkidə olduğunun fərqindədir. Yenə də təkrar edirəm: Tağıyev mövzusuna aşkar biganəlik ancaq və ancaq təəssüf hissi yaradır. Xalqının ATASI olmağa layiq böyük bir şəxsiyyət haqda çəkilən bədii film, nəticə etibarı ilə həmin o xalqı dünyaya sevdirə bilər - bax, bu sadə həqiqəti anlamaq istəmirlər”.
Seymur Əliyev