Qubalı Milli Qəhrəman...
3331
17 Mar 2018 | 23:22

Qubalı Milli Qəhrəman...

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. 
Haqqında yazdığımız bu qəhrəman insanı bəlkə də respublikamızda, bölgəmizdə tanıyanlar azdır. O, Quba rayonundan, Alpan kəndindən olan yeganə azərbaycanlı Milli Qəhrəmandır. Bakıda anadan olsa da Qubaya, Alpana bağlı insan olub, tez-tez rayona gəlib Alpandakı qohumlarına baş çəkməyə gedərmiş. Həyat yoldaşı Sevil xanım Rafiq bəy haqqında xatirələrini danışarkən onun çox qohumcanlı, millətsevər bir insan olduğunu da bildirdi: “Rafiqlə yaşadığımız beş ildə onun Vətənə, torpağa bağlı bir insan olduğunu gördüm. Rafiq Azərbaycanın hər bir guşəsini sevirdi. Onun ata yurdu olan Qubaya, Alpana sevgisini həmin kəndə getdiyimdə hiss etdim. Rafiq bu kənd haqqında bildiklərini mənə danışarkən onun nəsil-kökünə necə bağlı bir insan olduğunu hiss etmişdim. Baxmayaraq ki, o bu kənddə yaşamamışdı, amma, daxilində yaşatdığı vətən, xalq sevgisini, ata-baba yurdu olan Qubaya, Alpana olan sevgisi timsalında izhar edirdi. O, Alpan kəndində yaşayan əmisi və qohumları ilə tez-tez əlaqə saxlayırdı. Təəssüflər olsun ki, bizləri çox tez tərk etdi…” 
Nəsrəddinov Rafiq Hüseyn oğlu 18 mart 1961-ci ildə Bakıda, dənizçi ailəsində anadan olmuşdur. O, 1968/78-ci illər arası Nərimanov rayonundakı 39 saylı orta məktəbdə təhsil almış, oranı əlaçı, nümunəvi şagird olaraq bitirmişdir. 1979/81-ci illərdə çağırışçı kim orduda tank qoşunlarında xidmət etdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuş və 1987-ci ildə ali təhsilini də müvəffəqiyyətlə başa vurmuşdur. 5 il Su Təsərrüfatı İnstitutunda mühəndis kimi çalışan Rafiq bəyi. 1992-ci ilin yazında Milli Ordu sıralarına məxsusi hərbi xidmətə çağırırlar. Tank Hərbi Hissəsində zabit kimi xidmətə başlayan Rafiq tezliklə həmin hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin edilir.
Rafiqin hərbi hazırlığı, döyüş təcrübəsi və igidliyi cəbhə yoldaşlarını da həmişə döyüşlərdə igidlik göstərməyə sövq edirdi. O, Ağdərə rayonunda bir neçə kəndin düşməndən azad edilməsində igidlik göstərmiş, düşmənin canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsində, ələ keçirilməsində müstəsna qəhrəmanlıq nümayiş etdirmişdir. Baş leytenant Rafiq Nəsrəddinov 6 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Qızılqaya kəndi uğrunda gedən qeyri-bərabər savaşda əməliyyata rəhbərlik edənlərdən biri kimi qəhrəmancasına döyüşərək şəhid olmuşdur.
Ailəli idi, iki qızı var. Şəhid zabit Nəsrəddinov Rafiq Hüseyn oğlu Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Onun döyüşlərdə göstərdiyi qəhrəmanlıq, Milli Ordunun rəhbərliyi və sağ qalan cəbhə dostları tərəfindən də unudulmamış, ölümündən sonra Milli Qəhrəman adı verilməsi üçün Prezident Aparatına təqdimat göndərilmişdir. Onun adının əbədilişdirilməsi üçün təhsil aldığı Nərimanov rayon 39 saylı məktəbə adı verilərək həyətində büstü qoyulmuş, yaşadığı binanın divarına xatirə-barelyef lövhəsi vurulmuşdur. Quba rayon mərkəzində, Alpan kəndində də bu yöndə təşəbbüsdə bulunaraq, Qarabağ müharibəsi Milli Qəhrəmanı olan Albert Aqarunovdan sonra bu təltifə layiq görülmüş yeganə həmyerlimizin tanıdılması və adının müvafiq müəssisəyə, küçəyə, meydana verilməsi məsələsi qaldırılmalıdır. Bu işi həyata keçirmək qədirbilənlik nümunəsi olmağla yanaşı, hələ işğal altında olan vətən torpağlarımızı azad etmək yolunda bir vətənpərvərlik tərbiyəsi gösrəricisi olardı həm də

Cabir A. Albantürk (şair, publisist, AYB üzvü)
İlkin R. Balayev (Alpan.az saytının rəhbəri)
Link kopyalandı!
Son xəbərlər