NATO ölkələri 2020-ci ilə qədər əfqan ordusunu maliyyələşdirmək üçün 15 milyard dollar ayıra bilər.
Strateq.az “Washington Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə son qərar təşkilatın iyul ayında Varşavada keçiriləcək sammitində qəbul olunacaq. Məlumata görə, yardımın böyük hissəsini- 10,5 milyard dollarını ABŞ öz boynuna götürəcək.
Dünyanın ən kasıb ölkələrindən biri olan Əfqanistanın ordusuna bu qədər yüklü maliyyə ayrılması təsadüfi deyil. Bu, əlbəttə ki, Əfqanıstanın geopolitik əhəmiyyətindən qaynaqlanır. Məhz bu geopolitik əhəmiyyət ötən əsrin 80-ci illərindən indiyə qədər əfqan xalqının qara gününə səbəb olmuş, milyonlarla insanının ölümünə, bir o qədər də vətəndaşın didərgin düşməsinə səbəb olmuşdur. BMT-nin Miqrasiya Ali Komisarlığının məlumatına görə, təkcə ötən il Avropaya pənah aparan bir milyondan artıq qaçqının hardasa 4/1-i əfqanların payına düşür. Avropaya sığınan 250 mindən artıq qaçqınla Əfqanıstan Suriyadan sonra ikinci yeri tutur.
Əfqanistandan didərgin düşənlər isə təkcə Avropaya da sığınmır. Qonşu Pakistana, İrana, hətta Orta Asiyaya qaçan əfqanların sayı Avropaya sığınanlardan dəfələrlə çoxdur. Bu ölkənin döyüşlərdə ölən, itkin düşən vətəndaşlarının sayı isə bilinmir. Çünki onların heç siyahısı da tutulmur. Əfqanıstana “təşrif buyuran çağrılmamış qonaqlar” yalnız özlərini insan saydıqlarından, ancaq özlərinin bu döyüşlərdəki canlı itkilərinin hesabını çıxarırlar. NATO-nun rəsmi açıqlamasına görə, 2002-ci ildən 2016-cı ilin fevral ayına qədər bu ölkədə öldürülən koalisiya hərbçilərinin sayı 3515 nəfərdir.
Ekspertlərin fikrincə isə, əslində bu rəqəm də doğru deyil. Xüsusilə ABŞ, Əfqanistana və Orta Asiyaya əsasən muzdlu əsgərlərini göndərdiyindən və ən çətin hərbi əməliyyatları muzdlulara tapşırdığından ən böyük itkilərini də bu hərbçilər arasından verir. Nüfuzlu “Foreign Policy” dərgisinin məlumatına görə, Əfqanistanda 28 min 626 ABŞ muzdlusu vuruşur. ABŞ-ın rəsmi əsgərlərinin sayı isə cəmi 9 min 800 nəfərdir. Yəni muzdlular rəsmilərdən hardasa 3 dəfə çoxdur. Hər iki kateqoriyaya aid əsgərlərin sayını toplasaq, alınan rəqəm rəsmi göstəricilərdən 4 dəfə artıq olar. Eyni məntiqi canlı itkilərə də şamil etsək, alınan rəqəm 14 mini keçər.
Koalisiya qüvvələrinin itkisi təkcə canlı qüvvəylə də məhdudlaşmır. Əfqanıstan savaşı NATO qüvvələrinə həm də ciddi maliyyə itkisi gətirir. İndiyə qədər bu savaşa nə qədər maliyyə xərcləndiyini isə dəqiq bilən yoxdur. Çünki rəsmi açıqlamalarla mütəxəssislərin verdiyi rəqəmlər arasındakı fərq xeyli böyükdür.
NATO-nun rəsmi açıqlamasına görə, bu 14 il ərzində Əfqanıstana, nə az nə çox, düz 113 milyard dollar xərclənib. Boston Universitetinin politologiya elmi üzrə professoru Neta Krauford isə bu rəqəmlə razılaşmır. Onun özünün dilə gətirdiyi rəqəm isə heyrətamizdir-783 milyard dollar.
Düzdür, professor bu hesaba diplomatik fəaliyyətə ayrılan maliyyəni də qatır, amma yenə də aradakı hardasa 7 dəfə böyük fərq insanı heyrətləndirməyə bilmir. ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrin də rəsmi göstəricilərdəkindən dəfələrlə çox olduğunu nəzərə alsaq, Neta Kraufordun bildirdiyi rəqəmlə rəsmi açıqlama arasındakı fərqin əsl səbəbi məlum olur. Görünür, NATO muzdlulara ayrıdığı maliyyə yükünü rəsmi hesablardan ayrı tutur və onu açıqlamır.
Eyni məntiqlə, NATO-nun qarşıdakı 4 il ərzində, yəni 2020-ci ilə qədər Əfqanıstana ayırdığı məbləğin 15 milyard dollarla məhdudlaşmayacağını, real xərcləmələrin bundan qat-qat artıq olacağını güman edə bilərik. Və yəqin ki, bu məbləğ 14 illik ortalamanın da xeyli üzərində olacaq.
O halda sual yaranır: ABŞ niyə Əfqanıstana bu qədər önəm verir?
Təbii ki, ağla gələn ilk cavab Əfqanıstanın təbii sərvətləriylə bağlıdır. Həqiqətən, bu ölkə təbii qaz, neft, müxtəlif minerallar və faydalı qazıntılarla zəngindir. Tarix boyu ləliylə dillər əzbəri olan Bədəxşan vadisi burada və Tacikistan ərazisində yerləşir. Bununla belə, NATO-nun və onun lokomotivi olan ABŞ-ın Əfqanıstana marağını yalnız bu amillə izah etmək mümkün deyil. Nədən ki, Əfqanıstanın təbii sərvətlərinin məhdud dəyəri var. Ekspertlərin fikrincə, bu dəyər 1 trilyon dollardan artıqdır. Fəqət ABŞ-ın o ölkə üçün ayıracağı vəsaitin hüququ isə yoxdur. Professor Neta Kraufordun dediklərinə inansaq, ABŞ-ın Əfqanıstan üçün bu günə qədər ayırdığı maliyyə indidən 1 trilyona yaxınlaşır. Bir aydan sonra keçiriləcək NATO toplantısının ardından isə bu maliyyə yükünün xeyli artırılacağı güman olunur. Faktiki olaraq, Əfqanıstanı əldə saxlamaq üçün onun təxmin olunan maddi dəyəri qədər kapital xərclənməsi Molla Nəsrəddinin “aldım qoz, satdım qoz” ticarətinə oxşayacağından, ABŞ-ın bu addımı ticari məntiqlə izah oluna bilməz. Deməli, Əfqanıstanın ticari və iqtisadi dəyərindən daha mühüm qiyməti var.
Zənnimizcə, bu qiymət onun yerləşdiyi coğrafi mühitdən, başqa təbirlə desək, geopolitik əhəmiyyətindən irəli gəlir. Bəs, bu geopolitik əhəmiyyət nədən ibarətdir?
Dənizə heç bir çıxışı olmamasına baxmayaraq, Əfqanıstan Asiyanın ürəyi sayılır. Bir tərəfdən İran, Pakistan, Çin, digər tərəfdən isə Orta Asiya ilə həmsərhəd olması onu tarix boyu bu coğrafiyanın ən əhəmiyyətli bölgəsinə çevirib. Keçilməz dağların təbii sərhəddə çevrildiyi həmin coğrafiyada Çin və Hindistanla Orta Asiya arasında yeganə rabitə qovşağı rolunu oynayan Əfqanıstan tarixən İpək yolu ticarət xəttinin mərkəzi olub. Şərq nəhəngləriylə Qərb arasında quru əlaqələrinin ən güvənli nöqtəsi sayılan bu torpaqlarda 80-ci illərdən başlayaraq, indiyə qədər axan qanın durmaması da bu özəlliyindən qaynaqlanır. Əfqanıstan kimin əlində olarsa, bu böyük ticarət potensialına da o nəzarət edə bilər.
Ölkənin əhəmiyyəti son zamanlar xüsusilə artıb. Özəlliklə, iqtisadi cəhətdən inkişaf edərək, ABŞ-a yaxınlaşmasından və dünyaya açılmasından sonra gələcəyin əsas super güclərindən biri sayılan Çinin perspektivi böyük ölçüdə Əfqanıstandan asılıdır. Əfqanıstan Çin məhsullarını ətraf bölgələrə göndərilməsi baxımından həm dörd yolayırımı, həm də onun sənayesini hərəkətə gətirən enerji mənbələrinin tranzit ölkəsidir. Orta Asiya ölkələrindən Çinə göndərilən bütün qaz və neft məhsulları bu coğrafiyadan keçib öz ünvanına çata bilər. Üstəlik, son zamanlar Rusiya ilə bağlanan müqavilələrdə rus enerji mənbələrinin Çinə ixracı nəzərdə tutulur. Nə qədər Rusiya ilə sərhəddi olmasa belə, Əfqanıstan bu müqavilələrin də reallaşıdırlması üçün mühüm marşrut xəttin bir hissəsi hesab olunur.
Çin və Rusiya üçün Əfqanıstana sahiblik həm də ABŞ imperializminin söykəndiyi dəniz hegemoniyası qarşısına çıxarıla biləcək ən gözəl alternativdir. Zira Yaxın Şərqin təbii ehtiyatlarının Çinə, Hindistana, Koreyaya, Yaponiyaya və regionun digər ölkələrinə daşınmasının hazırda ən mümkün variantı Hind okeanı üzərindəndir. ABŞ isə Hind və digər okeanlarındakı üstünlüyünü heç kiminlə bölüşmək niyyətində deyil. Baxmayaraq ki, son zamanlar hərbi dəniz donanmasını artıran Çin, az qala, ABŞ-ı geridə qoymaq istiqamətində mühüm addımlar atıb və atmaqdadır. Bununla belə, dənizdə rəqabət hələ çox su aparan xəmirə oxşayır. İstər Çin, istərsə də Rusiya bu qəliz məsələlərə zaman ayırmaqdansa, ABŞ-ın dəniz hegemoniyasını quruda qırmaq yarışına giriblər. Əslində Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatı da bu məqsədlə yaradılıb.
Rusiya üçün də Əfqanıstanın əhəmiyyəti son zamanlar xeyli artıb. Özəlliklə, Qərb tərəfindən sanksiyalara məruz qaldıqdan sonra Rusiya bütün yumurtaları eyni səbətə yığmağın yaratdığı təhlükəni anladı. Avropanın təzyiqlərinə boyun əyməkdənsə Şərq ölkələriylə ticari əməkdaşlığa üstünlük verdi. Özünün ən ciddi ixrac məhsulu olan qazını Çinə və bölgənin digər ölkələrinə satmağa çalışdı. Sanksiyalardan dərhal sonra-2014-cü ildə Moskva ilə Pekin arasında bağlanan müqaviləyə əsasən 30 il ərzində Rusiya bu ölkəyə ildə 38 milyard kub metr təbii qaz satacaq. Sibir qazının ixracını nəzərdə tutan bu layihəni reallaşdırmaq üçün tələb olunan boru xəttinə 70 milyard dollar lazımdır ki, bu kapitalın önəmli hissəsini Çin boynuna götürüb. İki ölkə arasında bu tip enerji müqavilələrinin artatacağı gözlənilir. Çünki, Çin iqtisadiyyatı durmadan böyüyür və böyüdükcə də, ac div kimi daha çox yemək tələb edir.
Rusiya Çinlə iqtisadi münasibətlərini təkcə enerji daşıyıcılarının alış-verişi üzərində də qurmaq istəmir. Şimal qonşumuz ucsuz-bucaqsız topraqlarını, bir çox işləməz hala gələn fabrik və zavodlarını da Çin iş adamlarının ixtiyarına vermək istəyir. Əhalisinin sayının çoxluğuna, iqtisadi böyümə gücünə görə dünyada bütün dövlətləri geridə qoyan Çinin isə həqiqətən də yeni-yeni məkanlara, yerə və torpağa ehtiyacı var. Rusiyayla əməkdaşlıq ona bu imkanı da verə bilər. İki ölkənin Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatında bir araya gəlməsinin ən mühüm səbəblərindən biri də budur, hər halda.
Qərb dünyasına alternativ olaraq Avrasiya gücü kimi ortaya çıxmağı hədəfləyən bu proyektin qarşısında isə bir əngəl dayanır-qurudakı hegemonluğun dord yolayırımı. Məsələ burasındadır ki, bu yolarımı məşhur 11 sentyabr hadisəsindən sonra ABŞ-ın əlinə keçib və NATO-nun etirafına görə, “Əfqanıstan bölgədə Amerika Birləşmiş Ştatları və NATO müttəfiqlərindən sərhədlərini açan tək ölkədir”. ABŞ isə həmin dörd yolayrımını öz əlində saxlamaqla qalmır, həm də ordan digər bölgələrə separatçı dini missiyonerlər göndərək, Avrasiya gücünün ortaya çıxmasının qarşısını almağa çalışır və bu məqsədinə böyük ölçüdə nail olub. Təsadüfi deyil ki, Çinin Orta Asiya ölkələriylə bağladığı təbii qaz müqavilələri Əfqanıstandakı dini terror təşkilatlarının fəaliyyəti nəticəsində hələ də həyata keçiriləcəyi günü gözləyir”¦
Bu gözləyiş isə həm də yeni doğuşa hamilə qalan dünyanın iniltiləri, bağırtıları ilə müşaiyyət olunur. Əfqanıstan isə hamilə sancısının ən çox hiss olunduğu nahiyyədir.