Bugünlərdə DTX-nın rəhbəri Mədət Quliyev regionlarda baş verən etirazlarla bağlı maraqlı fikirlər səsləndirib. DTX generalı qeyd edib ki, regionlardakı aksiyalar manatın devalvasiya ilə bağlı olmayıb. M.Quliyev hesab edir ki, bu, “işləmək istəməyən” insanların etirazıdır, hansı ki, onlar bankdan götürdükləri pulların silinməsini tələb edirlər. M.Quliyev bu məsələləri dövlət başçısına məruzə etdiklərini bildirib.
Hörmətli M.Quliyevin
açıqlamasından göründüyü kimi, DTX rəhbəri əyalətlərdəki etirazları insanların
işləmək istəməməsi ilə əlaqələndirib. Onun sözlərindən belə anlaşılıb ki,
aksiyalar tənbəl insanların bir araya gəlməsi və qanunsuz tələblər səsləndirməsi
fonunda meydana gəlib.
Bəli, nə qədər təəccüblü
olsa da manatın devalvasiyası fonunda artan qiymətlər və yüksələn bank
borclarının doğurduğu narahatlığı DTX rəhbəri insanların işləmək niyyətində
olmaması, götürdükləri bank pullarını ödəmək istəməməsi kimi izah edib.
Halbuki, elə bu izahın özündə bu izahın
məntiqinə zidd olan kifayət qədər arqument mövcuddur.
Birincisi, tənbəllik və
etiraz aksiyası ifadələrinin özü bir-birini rədd edən, bir-biri ilə uzlaşmayan
ifadələrdir. Çünki dünyanın istənilən nöqtəsində aksiyalar yalnız
siyasi-ictimai baxımdan aktiv insanların bir araya gəlməsi nəticəsində gerçəkləşir.
İşləmək istəməyən insanların iş birliyi sərgiləyərək bir araya gəlməsi, polis və
Daxili Qoşunların əhatəsində aksiya keçirməsi bu insanların aktivliyinin, mütəşəkkil
hərəkət və fəaliyyət qabiliyyətinin göstəricisidir. Bu, isə tənbəl insana yad
bir xüsusiyyətdir.
İkincisi, manatın sonuncu
devalvasiyasından sonra artan bank borclarını ödəyə bilməyən insanların bəzisi
intihara əl atdı ki, bu, özünə qəsd etmək bir tənbəlin ən son edə biləcəyi bir
işdir. Hər halda bu dünyada heç kim tənbəl
və ya çalışqan olmasından asılı olmayaraq, sırf işləmək istəmədiyi üçün öz
canına qəsd etmir. Dünya belə praktikadan məhrumdur.
Üçüncüsü, insanların
etirazı bankdan götürdükləri pulları geri qaytarmaq istəməmələri yox, artan
fantastik faizləri vermək istəməməsi, verə bilməməsidir.
Dördüncüsü, insanların
işləmək istəməməsinə gəlincə, bu gün ölkə paytaxtından tutmuş regionlara qədər
uzanan qul bazarları Azərbaycan insanının işləmək, nəyin bahasına olursa-olsun öz
ailəsinə çörək aparmaq əzminin göstəricisidir və bu insanları tənbəllikdə
ittiham etmək yumşaq desək, həqiqətə arxa çevirmək, ona göz yummaqdır.
Beşincisi, fabrik və
zavodların, istehsalat müəssisələrinin olmadığı, məhdud iş yerlərinin də
bağlandığı bir ölkədə kimisə işləmək istəməməkdə ittiham etmək absurddur. Bu,
raketi olmayan kosmonavtı səmaya qalxmaq istəməməkdə təqsirləndirmək, onu buna
görə məzəmmət və ittiham etmək kimi bir şeydir.
Bir sözlə, M.Quliyevin
yerlərdəki etiraz aksiyaları ilə bağlı açıqlaması göstərir ki, hörmətli DTX rəhbəri
bu aksiyaların səbəbləri ilə bağlı yanlış qənaətə sahibdir və çox güman ki,
onda belə bir qənaəti doğuran ona verilən səhv məlumatlar olub. Yaxşı olardı
ki, M.Quliyev ara-sıra ölkə mətbuatına, heç deyilsə Milli Məclisdəki müzakirələrə
nəzər salsın. Əminəm ki, meidada yer alan informasiyalar və Milli Məclisdə səslənən
fikirlər hörmətli DTX şefi üçün onun agentura şəbəkəsinin gətirdiyi məlumatlardan
daha faydalı, daha obyektiv olacaq.
Seymur Əliyev
e-mai: [email protected]