Azərbaycanda monopoliya; fəsadlar, çıxış yolları və gözləntilər...
Son günlər
ölkəmizin iqtisadi həyatında baş verən dəyişikliklər eləcə də son devalivasiya
hadisəsi dərhal sosial həyatımıza təsir etməyə başladı. Belə ki, dollar
qarşısında manatın yenidən öz dəyərini 55 faiz itirməsi cəmi bir neçə saat
sonra bazar qiymətlərinə ciddi şəkildə təsir göstərməyə başladı. Təbii ki,
bundan ən çox ziyan çəkən sadə, zəhmətkeş vətəndaşlarımız və illərdi çörək
axtarışında olan işsizlərimiz oldu. Bundan əlavə məlum oldu ki, gözlənilməz
(bu, əslində gözlənilən idi) problemlərə qarşı hazırlığımız çox aşağı
səviyyədədir. Bu da ondan qaynaqlanır ki, ölkə büdcəsinin əsas hissəsi neftdən
gələn gəlirlər hesabına formalaşmış, nəticədə məmur sinfində arxayınlıq
yaranmış və sonda iqtisadiyyatımızın digər sahələri bərbad duruma düşmüşdür. Qeyri-neft
sektoru isə ölkədə az qala iflic vəziyyətindədir. Bu məqamda oxucuda haqlı sual meydana çıxa
bilər: Bəs bu qədər keçən müddət ərzində qeyri-neft sektoru niyə inkişaf
etdirilməyib? Məncə, bu sualın tək bircə cavabı var; Qeyri-neft sektorunun
inkişaf etdirilməməsinin səbəbi Azərbaycanı virus kimi ağuşuna alan
monopoliyadır.
Monopoliya nədir və necə yaranır?
Monopoliya
yunan mənşəli sözdür. İki sözün birləşməsindən yaranıb: monos-tək,
poleo-satıram deməkdir. İqtisadiyyatın inkişafı üçün əsas şərt azad rəqabət
mühitinin yaradılmasıdır. Lakin monopoliya azad rəqabətlə daban-dabana ziddir.
Monopoliya olan yerdə azad rəqabətdən və nəticədə inkişafdan söhbət gedə
bilməz. Maraqlıdır ki, Azərbaycanda bütün sahələrdə - təhsildə, gömrükdə,
bazarda, səhiyyədə, ərzaqda, ayrı-ayrı servis sahələrində monopoliya hökmranlıq
etsə də Azərbaycan dilinin orfoqrafiya lüğətində monopoliya sözü yoxdur. Bizim
ölkəmizdə bu sözə alternativ olaraq inhisar sözündən istifadə olunur. İnhisar
sözü də “təkəl” və ya “təkəlçilik” mənasını verir ki, bu da mahiyyətcə elə
monopoliya deməkdir. İnhisar kapitalın təmərküzləşməsi və mərkəzləşməsi
nəticəsində meydana gəlir. Dünya tarixində ilk inhisarlar 19-cu yüzilliyin
ortalarında görünməyə başladı. Monopoliya yaratmaqda məqsəd təklif olunan
xidmətlər və istehsal olunan əmtəə üzərində tam nəzarətə sahib olmaq və daha
çox maddi qazanc əldə etməkdir.
Monopoliyanın təzahür formaları və
fəsadları
Dediyimiz
kimi, monopoliya nəticəsində azad rəqabət sıradan çıxır, ayrı-ayrı xidmətlərin
və istehsal olunan hər hansı bir əmtənin qiyməti yalnız bir fiziki və ya hüquqi
şəxs tərəfindən müəyyən edilir. Daha aydın və ayrıntılarla belə deyə bilərik;
- həm istehsal
firmasına və həm də satış mərkəzinə yalnız bir mərkəzdən mütləq nəzarət olduğu
üçün bazara istənilən qiymət tətbiq oluna bilir.
-Bir
mərkəzdən idarə olunan bazara digər əmtəə təklifçilərinin daxil olması
birmənalı şəkildə mümkünsüz olur.
-Firmanın
istehsal etdiyi mallardan digər sahibkarların istehsal etmək imkanları
məhdudlaşdırılır və sonda əlindən alınır. Çünki digərləri eyni maldan istehsal
etsələr belə bazara giriş imkanları yoxdur.
Nəticədə
azad rəqabət mütləq şəkildə aradan qaldırılır, qiymətlər bir fiziki və ya
hüququ şəxs tərəfindən fantastik dərəcədə şişirdilir, ölkədə istehsal sahələri
iflic vəziyyətinə düşür, sahibkarlıq fəaliyyəti üçün real şərait meydana
gəlmir, cəhdlər olarsa, süni maneələr yaradılır, rayonlarda orta sahibkarlıq
sıradan çıxarılır və bunun da nəticəsində 10 minlərlə işsiz gənclər ordusu
meydana çıxır. Bu mənzərə yəqin ki, oxucularımıza çox yaxşı tanışdır. Çünki
eyni mənzərəni artıq bizim ölkəmizdə də müşahidə etməkdəyik və bu gün 100
minlərlə vətəndaşımız monopoliyanın yaratdığı acı nəticələrin ağrılarını daha
ciddi və daha dərindən hiss etməyə başlayıb.
Azərbaycanda monopoliya və onun ağır
sosial-iqtisadi nəticələri
Çox böyük
təəssüf hissi ilə deyirəm ki, son 10 illiklərdə tarixin və taleyimizin bizə
verdiyi tarixi şanslardan yararlana bilmədik. Nədir bu şanslar? İmperiya
boyunduruğundan azad olduq, yeraltı və yerüstü sərvətlərimizə tam sahiblik
hüququ əldə etdik. Qara qızılımıza sahib olmaq, ondan dövlətin və millətin
mənafeyi naminə, gələcək nəsillərin rifahı üçün faydalanmaq imkanı qazandıq.
Lakin Tanrının millətə bəxş elədiyi qara qızıl millətə daha çox qara gün
gətirdi. Neftdən gələn gəlirdən hər rayonda zavod, fabrik açıb, orta
sahibkarlığı inkişaf etdirmək, təhsilimizi, səhiyyəmizi, elmimizi dünya
arenasına çıxarmaq, dövlətin 25-30 illik ehtiyatını yaratmaq əvəzinə səlahiyyət
sahibləri şəxsi biznesini qurdu. Ölkənin inkişafını iflic vəziyyətə qoydu, azad
rəqabəti sıradan çıxardı, ölkə özü boyda monopoliya meydanına çevrildi.
Təkcə
bununla da bitmədi. Bütün sahələr monopoliyada olduğu üçün və bazara alternativ
istehsal malları gəlmədiyi üçün istehsal olunan əmtənin keyfiyyəti çox aşağı
düşdü və dünya standartlarına cavab vermədi. Bazarı tələb və təklif
tənzimləmədi, bazarda hər şeyi inhisar sahibi müəyyən etdi. İstehlakçı seçim
hüququndan məhrum edildi. Nəticədə ölkə bazarları keyfiyyət göstəriciləri
olduqca aşağı olan və xaricdən gətirilən mallarla doldu. Vətəndaşlara köhnəlmiş
dərmanlar, geni dəyişdirilmiş meyvə-tərəvəz məhsulları, sintetik geyim
vasitələri satıldı. Təhsilimiz gerilədi, səhiyyəmiz insanların etibar etmədiyi
bir duruma gəldi. Xəstələrimiz müalicə üçün qonşu ölkələrə üz tutdu.
Bununla da
bitmədi. Ölkədə monopoliyanın at oynatması nəticəsində kənd təsərrüfatı sistemi
dağıldı. Kəndli əkib-becərdiyi məhsulu satmaq üçün bazar tapa bilmədi. Çünki
bütün bazarlar inhisarçının əlində oldu. Bu səbəbdən kəndli öz məhsulunu
yerində olduqca aşağı qiymətə satmağa məcbur oldu. Pambıqçılıq ləğv edildi,
heyvandarlıq sıradan çıxarıldı. Ona görə ki, monopolist pambıqdan hazırlanan
parçanı xaricdən gətirib inhisarında olan bazarda satdı. Digəri bu bazara girə
bilmədi. Pambıqı əkib-becərən sahibkar məhsulu harda satacaqdı? Məmurlar
ayrı-ayrı rayonlarda fermalar yaratdılar, mal-qara alıb saxladılar, kəndlilərin
pay torpaqlarını onlar üçün süni problemlər yaradaraq dəyər-dəyməzinə aldılar.
Yəni onlardan başqası bazara çıxara biləcək sayda heyvan saxlaya bilməzdi.
Bütün bunlar isə monopoliyanın virus kimi bütün sahələri işğal etməsindən sonra
baş verdi. Ən pisi də oldu ki, ölkəmizdə bu monopoliyanı yaradanlar yüksək
vəzifə tutan məmurlar oldu.
Və budur,
artıq neftin həcmi azalıb, qiyməti 65-70 faiz aşağı düşüb. Neft ucuzlaşan kimi
də ölkədə gərgin sosial-iqtisadi vəziyyət yaranıb. Səbəb budur ki, bu illər
ərzində neftdən gələn milyardlara gəlir doğru istiqamatə xərclənməyib, hər şeyə
monopolistlər nəzarət edib, əksinə süni maneələr yaradılaraq ölkədən çıxarılıb,
qeyr-neft sektoruna yatırım qoyulmayıb, orta sahibkarlığın inkişafı üçün dövlət
təşviqi olmayıb, xarici investorların ölkəmizdə iş qurması üçün şərait
yaradılmayıb və sair. Xarici investorlar məsələsi mübahisəli olduğu üçün bu məsələyə bir qədər
aydınlıq gətirək.
Xarici investorlar, yoxsa xaricə
gedib qayıdan pullarımız?
Son 12 ilin
görüntülərinə görə Azərbaycan ən çox xarici investorların cəlb olunduğu
məkandır. Hətta 2005-ci ildə BMT-nin hesabatlarının birində (Ticarət və İnkişaf
Konfransının hesabatında) Azərbaycanın adı bu sırada liderlər cərgəsində yer
almışdı. Lakin cəmi bir neçə ay sonra dünyada məşhur olan Forbes jurnalı
investisiya qoyulması üçün cəlbedici olan ölkələrin siyahısını yaymışdı. Bu
siyahıda Azərbaycanın adı 122-ci yerdə idi. Siyahıda isə cəmi 135 ölkənin adı
çəkilirdi. Bəs əslində nə baş verirdi?
Əslində
Forbes jurnalı yanılmamışdı. Sonralar məlum oldu ki, ölkədə kifayət qədər
imkanlılaşmış məmurlar oğurluq pullarını leqallaşdırmaq üçün, yəni haramlarına
halal görüntüsü vermək üçün pullarını xarici banklara yatırır, sonra əcnəbi
şirkət adı altında həmin pullar hesabına ölkəmizdə investisiya qoyur. Yəni əslində
bizim xarici investor hesab etdiklərimiz öz yerlilərimiz, məmurlarımız idi.
Beləcə dolayısı ilə bütün sahələri inhisara alır, mütləq monopoliya
yaradırdılar. Bu gün isə uzun illərdi davam edən monopoliyanın ağır
nəticələrini yaşamaqdayıq.
Bəs çıxış yolu nədir?
Monopoliyanın
fəsadları haqqında danışdıq. Bilirik ki, vətənimizi bürüyən bu yara nəticəsində
deyilən acınacaqlı vəziyyət bizim ölkəmizdə nəinki davam edir, hər gün bir az
da kəskin formada özünü göstərir. Lakin “artıq heç bir çıxış yolu yoxdur”- fikrində
deyiləm. Əlbəttə, vəziyyət kifayət qədər ağır həddə gəlib çatmış, ancaq hələ də
ölkəni bu bataqlıqdan çıxarmağın yolları tükənməyib. Monopoliyadan qurtulmaq və
ölkədə sosial-iqtisadi rifaha nail olunması üçün nələr etmək olar? Daha doğrusu
hansı tədbirlərin görülməsi zəruridir? Fikrimcə, bunun üçün təcili olaraq
aşağıda sadalanan addımların atılması gərəkdir:
1. Ölkədə çox ciddi kadr islahatına start verilməlidir. Ən azı hazırki
yarıtmaz məmur ordusunun 70 faizi
tutduğu vəzifədən uzaqlaşdırılmalıdır. Vakant yerlərə gənc və orta yaş
sinfindən olan savadlı, dövlətinə bağlı olan işgüzar insanlar gətirilməlidir.
Bu zaman həmin işçinin hansı partiyaya mənsub olması heç bir əhəmiyyət
daşımamalı, yalnız şəxsi keyfiyyətləri və qabiliyyəti əsas götürülməlidir.
2. Sayı 10-larla olan nazirlik və komitələrin ən azı 30 faizi ləğv
edilməli, bəzi nazirlikliklər isə birləşdirilməlidir. Nazirlikliklər üçün ən
optimal say müəyyən edilməlidir.
3. Gömrük xidməti ləğv edilməli, səlahiyyətləri daha operativ işləmə
mexanizminə malik olan qurumlardan birinə verilməlidir. Bu ASAN Xidmət də ola
bilər. Bu yolla ölkəyə idxal olunan mallar üzərinə qoyulan monopoliya aradan
qaldırılmalı və ölkədə ərzaq bolluğunun yaradılmasının təminatı
reallaşdırılmalıdır.
4. Kənd təsərrüfatının inkişafı üçün dövlət səviyyəsində ciddi addımlar
atılmalıdı. Kənd rayonlarında təsərrüfatla məşğul olan insanlara faizsiz kredit
verilməli və onlardan ən azı 3 il müddətinə heç bir vergi alınmamalıdır. Bu
işləri sürətləndirmək və səmərəliliyi artırmaq üçün hər rayonda bir neçə
Aqroservis xidməti yaradılmalı və bu xidmətlərə rayon İcra hakimiyyətlərinin
müdaxiləsinə yol verilməməlidir.
5. Orta sahibkarlığın inkişafı üçün ciddi tədbirlər görülməli və
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün bütün şərait
yaradılmalıdır. Onlara dövlət faizsiz kredit verməli, 5 il heç bir vergi
almamalı, krediti tam şəkildə qaytarmaq üçün 15-25 il vaxt verilməlidir. Bu
yolla ölkədə 10 minlərlə orta sahibkarın meydana çıxmasına, 100 minlərlə
insanın iş yeri ilə təmin olunmasına, azad iqtisadi rəqabətə və monopoliyanın
tam şəkildə aradan qaldırılmasına nail olmaq olar.
Oxucu sual verə bilər: Bəs dövlət bu
krediti 10 minlərlə sahibkara hansı hesabdan ödəyəcək?
Bunun da çox
sadə yolu var: 15-20 ildi karrupsiya hesabına milyonlar, hətta milyardlar
toplamış 20-30 nəfər məmurun xalqdan oğurladığı pullar dövlətin büdcəsinə
köçürülməli, toplanan milyardlar 20-30 min sahibkara faizsiz kredit olaraq
verilməlidir. Beləcə, həm monopoliya aradan qalxar, həm sahibkarlar işsiz insanları
işə cəlb edər, həm də ölkədə sosial-iqtisadi rifaha nail olunar. Əks halda
vəziyyət getdikcə daha da gərginləşər və sosial partlayş baş verə bilər.
Nəticədə məmurların topladığı pullar özlərinə və xalqa deyil, yaranmış xaosdan
yararlanmağa çalışan imperialist güclərin əlinə keçər. Ölkəmiz isə uzun illər
yadların tapdağı altında qala bilər. Bu üzdən itirəcək vaxtımız yoxdur.
Şəxsən mən
bir hüquqşünas və ölkədə baş verən son prosesləri yaxından izləyən ziyalı kimi
çox narahatam və istəsəm də Azərbaycanın yaxın tarixi ilə bağlı nikbin düşünə
bilmirəm. Lakin bəzən özünə və sözünə hörmət etdiyim ziyalılarımızın bu mövzuda
bədbin olmaması məndə də bir qədər inam yaradır. Ölkədə gedən proseslərin
sabahı ilə bağlı bədbin olmayan siyasilərimizdən biri də Fəzail Ağamalıdır.
Fəzail Ağamalı bu mövzuda nikbin
düşünür
Son
devalivasiya hadisəsindən sonra Prezident Aparatının məsul işçisi Əli Həsənov
müsahibə vermiş və son proseslərlə bağlı dövlət tərəfindən ciddi addımlar
atılacağını demişdi. Bu müsahibədən sonra jurnalistlərin ən çox üz tutduqları
ziyalılarımızdan biri olan Fəzail Ağamalı saytların birində devalivasiya ilə
bağlı münasibət bildirərkən belə demişdi:
"Bu, ciddi mahiyyət daşıyır və ölkə başçısının islahatlarının
fəlsəfəsinə söykənir. Dövlət başçısı cəmiyyətin irəli çıxarmış sosial
sifarişlərinin məntiqinə söykənərək dərhal həmin sosial sifarişin irəli qoyduğu
çağırışlara cavab verən addımlar atır. Bu baxımdan, dünyada gedən çox ağır
proseslər, dünyanı bürüyən iqtisadi-maliyyə böhranı, müharibənin törətdiyi ağır
fəsadlar, neftin qiymətinin aşağı düşməsi kimi ağır iqtisadi proseslər və onun
doğuracağı sosial problemlər şübhəsiz ki, Azərbaycan dövləti tərəfindən nəzərə
alınır. Əli Həsənovun da söylədiyi bu fikirlər Azərbaycanı dünyanı bürüyən
maliyyə-iqtisadi böhranlarından qabaqlayıcı addımlar atmaqla daha çox
sığortalanmaq, daha az itki ilə mövcud vəziyyətdən çıxmağa hesablanıb”.
Təbii ki, mən də yazımı bədbin notlarla bitirmək istəməzdim. Fəzail
bəyin ümidverici münasibətindən sonra mən də inanmaq istəyirəm ki, Azərbaycan
haqqında danışdığım problemlərin öhdəsindən gələcək və ölkəmizin
sosial-iqtisadi problemləri öz həllini tapacaq.
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247