Sabiq MTN rəhbəri Eldar Mahmudovun vəzifədən azad edilməsi və MTN-nin generalitet heyətinin demək olar ki, tam tərkibdə qovulması və həbsindən sonra bu şəxslərin biznesi ilə bağlı çeşidli məlumatlar yayılmaqdadır. Son günlər məlum məsələ ilə bağlı yayılan məlumatlardan biri də Mahmudov komandasının Bakı bulvarındakı dekorativ parovozlara, oyuncaqlara sahiblənməsi, bu biznesdən faydalanmasıdır.
E.Mahmudovun özünün mənzilindən
isə dollar dolu qutuların, briliant dolu şüşə balonların çıxması ilə bağlı
yayılan xəbərlər də xeyli dərəcədə maraqlı və düşündürücüdür.
Ölkənin milli təhlükəsizliyinə
cavabdeh olan, onu daxili-xarici hər cür zərbədən qorumalı olan bir nazirliyin
generaliteti dövlət təhlükəsizliyini daha optimal şəkildə təmin etmək əvəzinə
daha çox sərvət toplamağın qayğısına qalırsa, silahla, məxfi sənədlərlə, xəritə
və fotolarla işləmək əvəzinə qızıla, brilianta, oyunacağa maraq göstərirsə, o
zaman bu dövlətin taleyinin tükdən asılı olmasından daha təbii, daha məntiqli
bir şey ola bilməz.
Bu gün MTN-lə bağlı səslənən
və öz qəribəliyi, qeyri-məntiqiliyi ilə diqqət çəkən bir çox bəyanat var ki,
bunlardan da biri bu nazirlikdə baş verənlərin Azərbaycanın milli təhlükəsizliyinə
təsir etmədiyi ilə bağlı rəsmilərin verdiyi bəyanatdır. Maraqlıdır, bir dövlətin
xüsusi xidmət orqanının rəhbərliyinin kütləvi şəkildə qanun pozuntusuna yol
verdiyi, öz şəxsi ambisiyaları naminə dövlət maraqlarına xəyanət etdiyi bir şəraitdə,
baş verənlər dövlətin milli təhlükəsizliyinə necə təsirsiz ötüşə bilər? Madam
ki, MTN rəhbərliyinin tutduğu xəyanət yolu milli təhlükəsizlik üçün tamamilə xətərsizdir,
o zaman onları nə üçün vəzifədən azad edib məsuliyətə cəlb edirdilər ki? Və ya bir halda ki, baş verənlər milli təhlükəsizlik
üçün hər hansı risk təşkil etmir, o zaman bu o demək deyilmi ki, ümumiyyətlə
MTN milli təhlükəsizliyimin təmini məsələsində heç bir rol oynamır? Çünki az və
ya çox dərəcədə rol oynasaydı, o zaman MTN rəhbərliyində baş verənlər bu
quruma, onun milli təhlükəsizlik məsələsində oynadığı roluna da təsir etməli
idi? Əgər MTN rəhbərliyində baş verən bu boyda zıppıltı milli təhlükəsizliyimizi
zərrə qədər də olsun zəiflətməyibsə, o zaman bu nəhənglikdə institut
saxlamağın, ona milyonlarla manat vəsait ayırmağın nə mənası var?
Bir qurumun ki, rəhbərliyinin
pis və ya yaxşı işləməsindən, milli maraqlara xəyanət edib-etməməsindən aslı
olmayaraq, onun əməllərinin dövlətə heç xeyri və ya ziyanı keçmirsə, nə ət, nə
balıq funksiyasında çıxış edirsə, onu saxlamağın bir mənası varmı? Və ən əsası,
MTN-də baş verən prosesləri dövlət üçün tamamilə ziyansız, təsirsiz bir olay
kimi qələmə vermək, siyasi riyakarlıq, həqiqəti təhrif etmək, ictimaiyəti ələ
salmaq deyilmi?
Bu gün sadəcə MTN deyil,
digər nazirlik və komitə rhbərlərinin də böyük əksəriyyətinin şəxsi maraqlar
naminə dövləti maraqlarla oynadığı hər kəs ”“ adi vətəndaşdan tutmuş siyasi elmlər
doktoruna, Roma papasına qədər hər kəsə bəllidir. Bu gün nazirlərimiz, generallarımız,
siyasilərimizin dövlətin inkişafı yolunda əmək sərf etmək əvəzinə daha çox sərvətə
sahib olmaq haqqında fikirlərşir. Bu gün hansı nazirin, hansı komitə sədrinin
qapısına üz tutsanız, onun mənzilindən qızıl panellər, dollar dolu konteynerlər
çıxacaq.
Nə qədər acı və dəhşətli olsa da etiraf etməliyik ki, dövlətin
bugünü və sabahına, rifah və təhlükəsizliyinə cavabdeh olan şəxslərin ən son
düşündükləri şey məhz dövlətin iqbalı, onun maraqlarıdır.
Bu gün Azərbaycan
taleyinin ümidinə buraxılan, yaşamı şans işi olan bir dövlətdir. Hansı ki, onu
silahı oyuncaq olan generallar, işi yaltaqlıq olan siyasilər idarə edir. Və bu
cür idarəetmənin bir gün dövlətin müstəqilliyi, xalqın azadlığı bahasına başa gələcəyi
şübhəsizdir.
Seymur Əliyev
e-mail: [email protected]