Oktyabrın 30-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumunda ən çox törədilən cinayətlərlə bağlı maraqlı statistika səsləndirilib. İclasda qeyd edilib ki, qəsdən sağlamlığa ağır zərbə vurma və oğurluq cinayətləri müvafiq olaraq sağlamlıq və mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindəndir və bugünə qədərki araşdırmaların nəticəsi bu cinayətlərin digər cinayətləri üstələdiyini göstərir.
Maraqlıdır, Ali Məhkəmənin icrasında ortaya qoyulan bu statistika nədən xəbər verir? Oğurluq hallarının çoxalması ölkədə sosial vəziyyətin ağırlaşmasının təzahürü kimi dəyərləndirilə bilərmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşunans Əyyub Kərimov bu statistikanın son dərəcə narahatverici olduğunu və bunun mövcud sosial vəziyyətlə əlaqədar olduğunu vurğuladı:
”Doğrudur, bu statistikanın nə qədər dolğun və etibarlı olduğunu deyə bilmərəm. Lakin Ali Məhkəmə belə bir statistika təqdim edirsə, yəqin ki, onların əlində yetərincə informasiya mövcuddur. Açığı, mən hesab edirdim ki, dələduzluq halları daha çox artıb. Lakin Ali Məhkəmənin ortaya qoyduğu statistika göstərdi ki, oğurluq halları daha çoxdur. Təbii ki, oğurluq hallarının artması, bu sahədə vəziyyətin pisləşməsi bizə başualığı gətirmir. Oğurluğa olan meyl sosial şəraitlə əlaqədardır. Madam ki, sosial şərait yaxşıdır, madam ki, insanların sosial rifahı yüksəkdir, o zaman oğurluq halları niyə artmalıdır ki?
Əgər oğurluq hallarında belə bir artım varsa və bu məsələ Ali Məhkəmənin iclasında müzakirəyə çıxarılırsa, deməli vəziyyət həqiqətən də acınacaqlıdır. Bu, özlüyündə dəhşətli statistikadır. Oğurluğun çoxalması sosial vəziyyətin pisləşməsi ilə bağlıdır. Sosial vəziyyətin ağırlaşması insanları məcbur edir ki, oğurluq yolu ilə öz ehtiyaclarını qarşılasınlar. Oğurluq hallarının artması ilə bağlı statistika sosial mühitin pisləşməsinnən xəbər verir və ciddi siqnal kimi qəbul edilməlidir”.
Seymur Əliyev