Cümhuriyyət dövrünün görkəmli tədqiqatçısı, professor Şirməmməd Hüseyinov saytımıza açıqlamasında Cümhuriyyət dönəminin hərbi-siyasi liderlərinin məzarlarının Azərbaycana gətirilməməsiylə bağlı narazılığını ifadə edib. Tanınmış professorun sözlərinə görə, o dövrün siyasi xadimlərinin məzarlarının ölkəyə gətirilməsi vacibdir. Ş. Hüseyinovun qənaətincə, məlum addımın bu günə qədər reallaşmaması Cümhuriyyət xadimlərinə, bütövlükdə isə Azərbaycanın dövlətçilik tarixinə olan biganəlikdən xəbər verir.
Maraqlıdır, Cümhuriyyət dövrünün hərbi-siyasi xadimlərinin məzarı Azərbaycana gətirilməlidirmi? 24 illik müstəqillik dönəmində bunun gerçəkləşməməsi Azərbaycan dövlətçiliyinə, onun tarixinə, bu tarixi yaradan simalara hörmətsizlik kimi qəbul edilə bilərmi?
Tarixçi alim Cəmil Həsənli Moderator.az-a açıqlamasında Cümhuriyyət dövrünün siyasi xadimlərinin məzarının Azərbaycana gətirilməsinin vacib olduğunu qeyd etdi. C. Həsənlinin sözlərinə görə, bir deyil, bir neçə ölkədə olan bu məzarlar Azərbaycana gətirilməli və xalqın ziyarətgahına çevrilməlidir:
“Təbii ki, Cümhuriyyət xadimləri Azərbaycan tarixinin ən önəmli simalarıdır. Onlar bu gün də davam edən bir dövlət yaradıblar. Onlar dövlətçiliyin özülünü qoyublar. Dövlətçilik ənənəsi yaradıblar.
Cümhuriyyət dövrünün siyasi xadimlərinin məzarları yalnız Türkiyədə deyil, digər ölkələrdə, eləcə də qonşu Gürcüstanda var. Məsələn, Fətəxli xan Xoyskinin, Həsən bəy Ağayevin məzarları Gürcüstandadır. Ona görə də biz dərk etməliyik ki, Cümhuriyyət yalnız keçmiş deyil. Cümhuriyyət həm də bu gündür. Cümhuriyyət bizim bu günkü dövlətçiliyimizi davam etdirmək üçün bir istinad nöqtəsidir.
Təbii ki, Cümhuriyyət dövrünün xadimlərinin məzarının Azərbaycana gətirilməsi və onların ziyarətgaha çevrilməsi vacib məsələlərdən biridir. Hesab edirəm ki, belə biur addımın atılmasına ehtiyac var”.
Seymur Əliyev