Mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğın zamanı avtomobillərinə ziyan dəymiş vətəndaşlar etiraz aksiyası keçirib. Vətəndaşlar yanan avtomobillərinə görə, kompenssiya verilməsini tələb ediblər.
Maraqlıdır, yanğın zamanı sıradan çıxan avtomobillərə görə vətəndaşlara kompensasiya ödənilməlidirmi? Əgər ödənilmirsə, o zaman vətəndaşlar hansı addım atmalıdır?
Bununla bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov məsələnin araşdırılması gərəkdiyini vurğuladı:
“Bu məsələni yerindəcə araşdırmaq lazımdır. Araşdırmaq lazımdır ki, avtomobillər harada saxlanılıb, daim orda saxlanılıbmı, ora qanuni saxlama yeri olubmu və s. Əgər vətəndaşlar sübut edə bilsələr ki, onlar öz avtomobillərini qanuni yerdə saxlayıblar, o halda sözsüz ki, ödəniş olmalıdır. Əgər ödənmirsə, o zaman vətəndaşlar məhkəməyə müraciət etməlidirlər. Belə olduqda məlum olacaq ki, niyə kompensasiya ödəmirlər, buna səbəb nədir, niyə görə ödəməlidirlər, ödənəcəkmi və s. Bu məsələlərə məhkəmə aydınlıq gətirə bilər”.
Seymur Əliyev