İbrahim Cəfərov: “Universitetin büdcədənkənar vəsaiti hesabına professor-müəllim heyətinin əmək haqlarına əlavələrin edilməsi ənənəvi hal alıb”
Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Moderator.az-ın suallarını cavablandırıb.
- İbrahim müəllim, universitetin reytinqindən söhbət düşəndə adətən rektorlar qəbul planının neçə faiz dolması ilə öyünürlər. ADAU-da bu ilki göstərici neçə faiz oldu?
- Təhsildə seçim imkanlarının genişləndiyi, rəqabətin gücləndiyi hazırki dövrdə ali təhsil müəssisəsinə qəbul planının dolması onun reytinq göstəricilərindən biri kimi qəbul edilməlidir. Başqa sözlə, ölkəmizdə ali təhsil müəssisələrinin sayı kifayət qədər olmasını, eləcə də xarici ölkələrdə təhsil almaq imkanlarının artmasını nəzərə alsaq, respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) xüsusilə kənd təsərrüfatı ixtisasları üzrə qəbul planının dolması ilə öyünmək olar. Şübhəsiz ki, bu göstəricini şərtləndirən amillərə dövlətin aqrar təhsilə qayğısı çərçivəsində həyata keçirilən tədbirlər, kənd təsərrüfatının inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlaqədar gənclər arasında aqrar təhsilə marağın xeyli dərəcədə artması daxildir.
2021/2022-ci tədris ilində ADAU-ya tələbə qəbulunda əhəmiyyətli keyfiyyət dəyişiklikləri baş vermiş, xüsusilə kənd təsərrüfatı ixtisaslarına qəbulun və keçid ballarının səviyyəsi artmışdır. Cari tədris ilində bakalavriat səviyyəsində qəbul planı 88,3 faiz, magistratura səviyyəsində 92,4 faiz dolmuşdur.
Vurğulamaq lazımdır ki, 100 yaşlı bu ali təhsil ocağı aqronomluq, torpaqşünaslıq və aqrokimya, baytarlıq təbabəti, zoomühəndislik, mühəndislik, aqrotexnologiya, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə fakültələrini və magistr hazırlığı mərkəzini özündə birləşdirməklə, ölkəmizin müxtəlif bölgələrindən və xarici ölkələrdən 6300-dən çox tələbə gənclərə azərbaycan, rus və ingilis dillərində təhsil verir.
Bu gün universitetdə “aqronomluq”, “torpaqşünaslıq və aqrokimya”, “aqromühəndislik”, “bitki mühafizəsi”, “bağçılıq və tərəvəzçilik”, “meliorasiya mühəndisliyi”, “yerquruluşu və daşınmaz əmlakın kadastrı”, “balıqçılıq”, “meşəçilik”, “şərabçılıq”, “ekologiya”, “baytarlıq təbabəti”, “əczaçılıq”, “su bioehtiyatları və akvakultura”ixtisaslarına tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır. Cari tədris ilində təhsil müəssisəsinə qəbul olan tələbələrin 72,6 faizi məhz bu ixtisaslarda təhsil alır.
Aqrar sahədə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə stimullaşdırıcı təqaüd proqramları həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd verilir. Buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilirdi. Elmi Şuranın digər qərarına əsasən, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat əlavə təqaüd verilir. 2021-ci ilədək analoji kateqoriya tələbələrə müvafiq olaraq 70 və 100 manat əlavə təqaüd verilib.
Son illərdə Universitetin beynəlxalq əlaqələrinin genişlənməsinin nəticəsidir ki, tələbələr sırasında əcnəbi tələbələrin sayı əhəmiyyətli dərəcədə artmışdır. Cari tədris ilində universitetə qəbul olan əcnəbi tələbələrin sayı 171 olmuşdur. Hazırda əcnəbi tələbələrin sayı ilə yanaşı onun coğrafiyası da əsaslı şəkildə dəyişir. Belə ki, bu gün universitetdə Türkiyə, İsrail, Lesoto, Malayziya, Konqo, Qazaxıstan, Somali və digər ölkələrdən olan tələbələr təhsil alırlar.
Türkiyənin, bütövlükdə dünyanın aparıcı ali təhsil müəssisələrindən ona EGE Universiteti ilə 4 ixtisas üzrə ikili diplom proqramların icrası,ABŞ-ın Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində ikili diplom proqramı üzrə əməkdaşlıq Memorandumu imzalanması da bu qəbildən olan amillərdəndir.
- ADAU əməkdaşlarının beynəlxalq qrant layihələrində uğurlu iştirakından danışmaq olarmı? Son illər rəqəmlərlə ifadə olunsa, xarici fondlardan nə qədər maliyyə cəlb olunub?
- Qeyd etmək lazımdır ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində son illərdə universitetlə beynəlxalq və yerli donorların, eləcə də aparıcı aqrobiznes şirkətlərinin əməkdaşlığının genişlənməsi universitetin reytinqini xarakterizə edən ən mühüm göstəricilərdən biridir. Qeyd olunan mənbələr hesabına maliyyə və texniki yardım hesabına yaradılmış mərkəzlərin, laboratoriyaların sayının artması qeyd olunanları bir daha sübut edir. Buna misal olaraq aşağıdakıları göstərmək olar:
1. Yüksək texnologiyalı suvarma sistemi mərkəzi-Heydər Əliyev Fondu və İsrailin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə yaradılmışdır. İsrailin “Netafem” şirkətinin son texnologiyaları əsasında qurulmuş mərkəz 2019-cu il dekabr ayının 24-də açılmışdır.
//adau.edu.az/elmi_tedqiqat_merkezleri/yuksek-texnologiyali-suvarma-sistemi-merkezi-264/
2. New Holland Təlim Mərkəzi-Grand Motors MMC tərəfindən yaradılmışdır. //adau.edu.az/elmi_tedqiqat_merkezleri/new-holland-agriculture-telim-merkezi-165/
3. John Deere Təlim Mərkəzi-Aztexnika Şirkəti tərəfindən yaradılmışdır. //adau.edu.az/elmi_tedqiqat_merkezleri/john-deere-telim-merkezi-166/
4. Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi- Birləşmiş Millətlər Təşkilatı strukturuna daxil olan Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən yaradılmışdır. //kahriz.az/
5. Baytarlıq klinikası-Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) ilə dəstəyi ilə yaradılmışdır. //adau.edu.az/elmi_tedqiqat/baytarliq-klinikasi-631/
6. Toxumçuluq laboratoriyası-Laboratoriya beynəlxaq əməkdaşlıq çərçivəsində Yaponiya hökümətinin dəstəyi ilə yaradılmışdır. //adau.edu.az/laboratoriyalar/toxumculuq-laboratoriyasi-262/
7. Soyuducu anbar kompleksi- Meyvə-tərəvəzlərin keyfiyyətli saxlanması məqsədilə Tədris-təcrübə təsərrüfatında USAID, Özəl Sektorun İnkişafı layihəsinin dəstəyi ilə yaradılmışdır.
8. 2,5 hektarda intensiv və yarım-intensiv bağlar- USAID, Özəl Sektorun İnkişafı layihəsi, Azərbaycan-Amerika Ticarət Palatası, İsrail Səfirliyi və Coca-Cola şirkəti tərəfindən həyata keçirilir. Layihənin icrasına yaxın vaxtlarda başlanılacaqdır.
Qeyd edək ki, Grand Motors, Aztexnika, USAID, EMA və digər şirkətlər universitedə həyata keçirilən tədbirlərə, o cümlədən beynəlxalq və respublika səviyyəli yay məktəblərinin təşkilinə də dəstək göstərirlər.
Hazırda Erasmus+ proqramı çərçivəsində “Aqrar sektorda davamlılıq prinsipləri əsasında klasterlərin yaradılması üçün innovasiyaların inkişafı” layihəsi uğurla icra olunmaqdadır.
- Sirr deyilsə, universitetdə bütün pillələrdən olan maaşlar Bakıdakı universitetlərdəki əmək haqlarından nəzərəçarpacaq qədər fərqlənirmi?
- Universitetin büdcədənkənar vəsaiti hesabına professor-müəllim heyətinin, texniki işçilərin əmək haqlarına əlavələrin edilməsi ənənəvi hal alıb. Son illərdə digər, xüsusilə Bakıda yerləşən bir sıra ali təhsil müəssisələrindən ADAU-da çalışmaq üçün müraciət edənlərin və işə qəbul edilənlərin sayının artması əmək haqqının səviyyəsinin nəzərəçarpacaq fərqlənməsi ilə bağlıdır. Bununla yanaşı, universitetdə əmək haqlarında differensial yanaşmanın tətbiqi də diqqət mərkəzində saxlanılır.
- Bəşəriyyət qlobal istiləşmənin ağır fəsadları ilə üz-üzədir və quraqlıq aqrar sahədə innovativ metodologiya tətbiqini nəinki zəruri, hətta qaçılmaz edib. ADAU Azərbaycanın kənd təsərrüfatına öz töhfəsini necə verir və hansı yeniliklərin tətbiqi nəzərdə tutulur?
- Bu problem Dayanıqlı İnkişaf Məqsədlərində xüsusilə “Məqsəd 13-İqlim dəyişikliyinə qarşı mübarizə”də geniş əks olunmaqla iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur. Problemin aktuallığını və bu istiqamətdə aqrar təhsil qarşısında duran vəzifələri nəzərə alaraq 2021-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində “17 iyun Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü”nə həsr olunmuş onlayn elmi-praktik konfrans keçirilib. Məruzələr qlobal ekoloji problemlərin Azərbaycanda təzahürü, Azərbaycan ərazisində səhralaşma prosesi, iqlim dəyişmələri və səhralaşma şəraitində Azərbaycanın meşə strategiyası, su ehtiyatlarından səmərəli istifadə etməklə quraqlığın aradan qaldırılması, Azərbaycanda eroziyaya uğramış torpaqların ekoloji problemləri məsələlərini əhatə edib.
Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə çatmaq üçün müvafiq vəzifələrin icrası məqsədilə iqlimlə bağlı təhlükələrə və təbii fəlakətlərə davamlılıq və uyğunlaşma qabiliyyətinin gücləndirilməsi, iqlim dəyişikliyinin mənfi təsirinin azaldılması, erkən xəbərdarlıq kimi məsələlərə tədris və elmi-tədqiqat proseslərində daha geniş yer verilməkdədir. Bu istiqamətdə fəaliyyətlərin həyata keçirilməsi üçün universitetin müvafiq maddi-texniki bazası və kadr potensialı mövcuddur.