“1988-ci ilin payızına qədər Gümrüdəki diviziyada xidmət edən azərbaycanlı zabitlərin və 70-dən çox əsgərimizin oradan sağ-salamat Azərbaycan Respublikasına gəlmələrini təmin etdim...”
"Rəhmətlik Elmira Qafarova diviziyaya gəldi və komandir Antonovla söhbət edib mənim həbs olunmağımın qarşısını aldı..."
Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov Moderator.az-a geniş müsahibəsində 1988-ci ildə Gümrüdəki sovet tank alayının komandir müavini kimi xidmət edərkən Ermənistanda Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdə baş verən hadisələr, 1991-ci ildə Azərbaycanda Milli Ordunun bünövrəsinin qoyulması üçün gördüyü işlər, birinci Qarabağ müharibəsi zamanı bir sıra əməliyyatların təfərrüatından danışıb, həmin dövrdə bir çox müəmmalı olaylar, o cümlədən Rusiya kəşfiyyatının əməliyyatlara müdaxiləsindən bəhs edib...
Tanıtım:
Mehman Əmirxan oğlu Səlimov - 1955-ci il avqustun 12-də qədim Azərbaycan torpağı - ulu Borçalımızın gözəl Başkeçid elində, indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı Qızıl Kilsə kəndində anadan olub.
1962-ci ildə Dmanisi rayonunun 1 saylı rusdilli orta məktəbinin I sinfinə daxil olub, 1973-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1974-cü ildə Donetsk Ali Siyasi Hərbi məktəbinə daxil olub və 1978-ci ildən 1984-cü ilədək Kiyev Hərbi Dairəsinin təlim-tədris hərbi hissələrində komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət edib. 1984-cü ildə V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyaya daxil olub və 1987-ci ildə Akademiyanı bitirib.
1987-ci ildən SSRI-nin Zaqafqaziya Hərbi Dairəsində - Ermənistanın o vaxtkı Leninakan, indiki Gümrü şəhərində 120-ci tank alayı komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət edib. 1989-1990-cı illərdə Gəncədə 130-cu tank alayı komandirinin siyasi məsələlər üzrə müavini işləyib.
1990-1991-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin Bakıdakı 295-ci motoatıcı diviziyası komandirinin müavini -siyasi şöbənin rəisi vəzifəsini icra edib. 1991-ci ilin yayından başlayaraq gizli və açıq şəkildə Azərbaycanda Milli Ordu quruculuğuna, Müdafiə Nazirliyi strukturunun formalaşmasına dəstək verməyə başlayıb.
1992-ci ildə isə könüllü olaraq Azərbaycan Silahlı qüvvələrinə daxil olub.
1992-ci ilin yanvar-sentyabrında müdafiə nazirinin köməkçisi - şəxsi heyətlə iş üzrə idarənin rəisi vəzifəsində xidmət edib.
15 sentyabr 1992-ci ildən 1993-cü ilin mart ayına qədər döyüş zonasına ezam olunub və hərbi hissəyə komandanlıq edərək Ağdam istiqamətində döyüş əməliyyatlarına rəhbərlik edib.
1993-cü ilin mart ayından oktyabr ayına qədər Azərbaycan Prezident Aparatında hərbi quruculuq məsələləri üzrə şöbə müdirinin müavini vəzifəsində işləyib.
1993-cü ilin oktyabrından 1995-ci ilin fevralınadək 172 saylı hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin olunub, Füzuli-Kəlbəcər rayonları uğrunda döyüşlərdə iştirak edib.
1995-ci il 22 martdan - 1995-ci il 26 aprelə qədər Müdafiə Nazirliyinin şəxsi heyətlə iş üzrə idarəsinin rəis müavini olub.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 1995-ci il iyun ayında Müdafiə Nazirinin müavini, Müdafiə Nazirliyi hərbi siyasi idarəsinin rəisi təyin edilib.
1999-cu ilin iyul ayında həmin vəzifənin ixtisarı ilə əlaqədar Azərbaycan ordusundan tərxis olunub.
Hal-hazırda hərbi təqaüdçüdür.
1994-cü il 5 oktyabrda Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Gəncə şəhərində dövlət çevrilişi cəhdinin qarşısının alınmasına rəhbərlik etdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
1995-ci il mart hadisələrinin qarşısının alınmasında fəal iştirak etdiyinə görə vaxtından əvvəl polkovnik hərbi rütbəsi ilə təltif olunub.
1999-cu il sentyabr ayından Ehtiyatda Olan Zabitlərin Konfederasiyasına üzv olub. 2000-ci ilin dekabrından Ehtiyatda olan Zabitlərin Azərbaycan-NATO Əməkdaşlıq İctimai Birliyinin sədri seçilib və 2001-ci ilin mart ayından Qeyri-Hökumət Təşkilat Forumunun üzvü qəbul edilib.
-Mehman müəllim, sizin hərbçi bioqrafiyanızın ilk ən maraqlı və əhəmiyyətli səhifəsi, səhv etmirəmsə, 1987-ci ildən, artıq xarici güclər, o cümlədən keçmiş SSRİ-nin “KQB” və “QRU”-su tərəfindən qondarılmış Qarabağ münaqişəsinin başlandığı ərəfədə Ermənistanın Gümrü şəhərindəki tank alay komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etdiyiniz dövrlə bağlıdır. Ermənilərlə əvvəlcə münasibətlər necə idi? Nə vaxtdan hiss etdiniz ki, artıq erməni azərbaycanlı münasibətləri qızışdırılır?
-İlk vaxtlar erməni zabitlərlə və mülki ermənilərlə münasibətlərdə elə bir problem yox idi. Hətta tabeliyimdəki, məndən aşağı vəzifə və rütbəli erməni zabitlər hər vasitə ilə mənə yarınırdılar. Öncəki açıqlamalarımdan birində dediyim kimi, ermənidən yaxşısı yoxdur, amma gərək sən onun rəisi olasan...
Amma 1988-ci ilin əvvəllərindən vəziyyət tədricən gərginləşməyə başladı. Artıq müəyyən qruplar mülki erməni əhalisi ilə azərbaycanlılar arasında münasibətləri gərginləşdirirdilər. Sumqayıt hadisələrindən sonra isə durum daha da kəskinləşdi. 1988-ci ilin, səhv etmirəmsə, yazında məni Ermənistanın Amasiya rayonuna komendant təyin etdilər. Orada azərbaycanlılar çox olduğuna görə komandanlıq hesab edirdi ki, mən onlarla dil tapıb sakitlik yarada bilərəm... Soydaşlarımızın ciddi təhlükə altında olduğunu görüb onlara hər vasitə ilə dəstək, kömək verməyə başladım. Bunu hansı yollarla etdiyimi həmin vaxt Amasiyada yaşamış azərbaycanlılar yaxşı bilir... Bir müddət sonra ermənilər məndən komandanlığa şikayət elədi ki, guya mən burada millətlərarası münasibətləri qızışdırıram... Başa düşdüm ki, bunu daim azərbaycanlı kəndlərinə hücum edən erməni ekstremist və “bayevik”ləri təşkil ediblər... Həmin şikayətlə bağlı Tiflisdən Zaqafqaziya dairəsinin komandan müavini olan bir general gəldi. Diviziya komandirinin otağında mənimlə söhbət etdilər... Və bir erməni üzümə durdu ki, cənab general, bax, budur, bizimlə azərbaycanlıların arasını qızışdıran… Nəticədə 1989-cu ilin fevralında mənim iş yerimi Gəncəyə dəyişdilər... Onu da deyim ki, artıq 1988-ci ilin payızına qədər Gümrüdəki diviziyada xidmət edən azərbaycanlı zabitlərin və 70-dən çox əsgərimizin oradan sağ-salamat Azərbaycan Respublikasına gəlmələrini təmin etdim. Həmin soydaşlarımız bu günədək məni unutmur və hər görüşəndə, zəngləşəndə onların həyatlarını xilas etdiyimə görə minnətdarlıq edirlər...
Ancaq artıq 1989-cu ilin qışında axırıncı azərbaycanlı hərbçi olaraq özümün də Ermənistandan sağ-salamat çıxmağım çətinliklə başa gəldi, bunun üçün bir əməliyyat qurmağa məcbur oldum. Elə təəssürat yaratdım ki, Gürcüstana gedəcəm, ancaq Qazaxa gəlib çıxdım... Gəncədə 130-cu tank alayının komandirinin siyasi işlər üzrə müavini işləməyə başladım...
-1990-cı ilin qanlı Yanvar qətliamı zamanı harada idiniz? Nələrin şahidi oldunuz?
-Yanvar faciəsi zamanı hələ Gəncədə idim. Hadisələrdən əvvəl burada azərbaycanlı zabitlərdən ibarət milli birlik yaratmışdıq. Həmin qurum vasitəsilə rayon rəhbərliyi və xalq fəallarıyla əlaqəli şəkildə vəziyyətə nəzarət etməyə çalışırdıq... Gəncədə də ermənilər kompakt şəkildə yaşayırdı. Ona görə də hiss olunurdu ki, Moskvadan göndərilmiş xüsusi xidmət əməkdaşları həm onlara, həm də sovet hərbi hissələrinə qarşı təxribatlar təşkil etməklə burada da azərbaycanlılara qarşı Bakıdakı kimi kütləvi qırğın törətməyə çalışırlar. Bu məqsədlə Gəncəyə də sırf ordu hissələrindən əlavə Krasnodar, Stavropol və Rostovdan aralarında ermənilər də olmaqla kazaklardan ibarət muzdlu birləşmələr yeridilmişdi. Yadımdadır ki, aeroportdan diviziya ərazisinə 30-a yaxın hərbi “ZİL” maşınla belə birləşmələr gətirdilər. Əsl hərbçiyə qətiyyən bənzəməyən bu kobud rəftarlı, saqqallı məxluqlar günlərlə bolluca yemək, spirtli içki və s. ilə bəslənərək qırğın üçün hazırlanırdılar... Lakin biz ayıq tərpənərək təxribatların qarşısını aldıq. Bir dəfə xeyli aqressiv adam diviziyaya hücum etməyə çalışdı. Artıq pulemyotlar düzülmüşdü, içəri girənlər güllələnəcəkdi. Biz azərbaycanlı zabitlər camaatın qarşısına çıxdıq, mən şəxsən diz üstə çökərək yalvardım ki, geri dönün, bundan istifadə edib hamınızı qıracaqlar... Yaxşı ki, insanlarımız bizi eşitdi və düşmən təxribatı baş tutmadı...
-Bəs Bakıdakı sovet diviziyasındakı xidmətinizdən hansı əsas məqamlar yadda qalıb?
-Bakıya 1990-cı ilin sentyabrında gəldim və diviziya komandirinin siyasi işlər üzrə müavini işləməyə başladım. O dövrdə xalq fəallarıyla birgə müxtəlif yollarla hərbi hissələrin anbarlarından silah əldə edib Qarabağa yollamağa çalışırdıq. Bəzən bunu imkanlı soydaşlarımızın topladığı maliyyə hesabına da edirdik... Diviziya komandiri Antonovla razılaşırdıq. Pulu ona sonradan Azərbaycan Müdafiə Nazirliyində məsul vəzifələrdə olmuş o zaman diviziyada kəşfiyyat taborunun qərargah rəisi işləyən Mudrak verirdi. Komandirlə şərikinə işləyirdilər. Məsələn, danışırdıq ki, gecə saat 3-də Üçtəpə poliqonundakı anbardan maşın çıxacaq. Anbarın mühafizəsindəki əsgərlərlə yalançı döyüş imitasiyası yaradıb onları tərksilah edirdik. Sonra da silah-sursatı maşınlara yığıb Şuşa, Laçın, Qubadlı, Kəlbəcərə və s. daşıyırdıq...
- Milli Ordumuzun yaradılması haqda qərar verildikdən sonra siz də bu işdə iştirak etdinizmi?
-Bəli, təbii ki. Əlimdən gələni etdim... 1991-ci il yayında - artıq o vaxtkı prezident Ayaz Mütəllibov Milli Ordu yaradılması haqda qeyri-rəsmi qərar verəndən sonra Ali Sovetin sədri rəhmətlik Elmira Qafarova köməkçisi Cahangir Nəcəfovla birgə diviziyaya gəldi, komandirlə görüşdülər. Onlarla xeyli söhbət etdik. Bir müddət sonra Cahangir müəllim məni görüşə çağırdı və dedi ki, Elmira xanım xahiş edir ki, Milli Ordunun yaranması haqqında qanunun hazırlanmasında bizə kömək etsin. Məmnuniyyətlə razılşadım. 1991-ci ilin avqustunda məzuniyyətə çıxdım və parlament binasının 11-ci mərtəbəsində mənə verilmiş otaqda işləməyə başladım. O zaman Ali Sovetdə hüquq şöbəsinin müdiri işləyən Şahin Əliyevin rəhbərliyi ilə İlqar Qurbanov, Niyazi Səfərov adlı əməkdaşlar da mənə kömək edirdilər. Sonradan ilk Müdafiə nazirimiz general Valeh Bərşadlı rəhmətlik Şikar Şikarovu da mənə dəstək vermək üçün göndərdi...
Xülasə, qanunu hazırladıq. İndi, bunu parlamentdə təqdim etmək lazım idi. Hələ sovet diviziyasında işləyirdim və belə işlərimə görə məni işdən qova bilərdilər. Ancaq risk etmək qərarına gəldim. Və oktyabrın 9-da özüm Silahlı Qüvvələr haqqında ilk qanunu Ali Sovetdə müzakirəyə çıxardım və nəhayət, həmin qanun qəbul olundu. Qanunun müzakirəsi zamanı maraqlı bir məqam oldu. General Timoşenko deputat idi. Birdən ayağa qalxdı ki, "siz nə ordu yaradacaqsınız, siz nə bilirsiz ki, ordu nədir. Sadəcə, bir misal gətirəcəm. Silahlı Qüvvələr haqqında qanun qəbul edirsiz, amma bilmirsiz ki, həmin qanundan öncə Hərbi And qəbul olunmalıdır"... Gördüm ki, bunu eşidən kimi Elmira xanım bir az pərt oldu. Dedim ki, Elmira xanım, Timoşenkonun iradı düzdür, Hərbi Andımız da hazırdır, lakin kabinetdə qalıb, fasilədən sonra deputatlara çatdırarıq. Cəmi 40-45 dəqiqəlik fasilə ərzində yenə də adını çəkdiyim hüquqşünaslarla birgə Hərbi Andı tərcümə edib Azərbaycan dövlətinə və ordusuna uyğun şəkildə hazırladıq və dərhal çoxaldıb zaldakı bütün deputatların masalarına qoyduq. Beləliklə, Silahlı Qüvvələr haqqında Qanun qəbul edildi və Milli Ordumuzun təməli rəsmən qoyulmağa başlandı...
Bundan sonra diviziyada komandanlıq məni separatçılıqda ittiham etdi və barəmdə cinayət işi qaldırıldı. Artıq məni sovet zabiti kimi hərbi trubunala verməyə hazırlaşırdılar. Bundan xəbər tutan rəhmətlik Elmira Qafarova diviziyaya gəldi və komandir Antonovla söhbət edib mənim həbs olunmağımın qarşısını aldı...
(Davamı var)
İlk müdafiə naziri general Valeh Bərşadlı necə oldu ki, qısa müddətdə vəzifəsindən azad edildi?
Baş Qərargahın keçmiş rəisi Şahin Musayevlə həmin qurumun sonrakı rəisi Nəcməddin Sadıqov arasında əlaqə var idimi?
O vaxtkı Müdafiə naziri Rəhim Qazıyevin Şahin Musayev və Nəcməddin Sadıqokovla münasibəti necə idi?
Nəcməddin Sadıkova süni nüfuz qazandırılmasında o zaman neft-yağ zavodunun direktoru olan eks-spiker Rəsul Quliyevin hansı rolu olmuşdu?..
Bu və digər suallara cavabları sabiq nazir müavini, polkovnik Mehman Səlimovla müsahibənin davamında öyrənə bilərsiniz.
Moderator.az-ı izləyin!
Sultan Laçın