Müsahibə
3731
08 Sep 2021 | 18:29

"Rusiya Azərbaycanla dostluq münasibətlərini inkişaf etdirmək istəyirsə, suverenliyimizə hörmət etməlidir"

Qüdrət Həsənquliyev: “10 noyabr bəyanatı Rusiyanın ermənipərəst, destruktiv, Azərbaycanın suverenliyinə hörmət etməyən fəaliyyətinin nəticəsi olaraq Azərbaycan Milli Məclisində ratifikasiya olunmasa Rusiyanın Azərbaycanda hərbi mövcudluğu qanunsuz xarakter alacaq və bunun doğuracağı beynəlxalq və regional nəticələrə görə məsuliyyəti Rusiya daşıyacaq”
 
Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:
 
- Qüdrət bəy, Rusiyanın bəzi politoloqları bəyan edirlər ki, Rusiya Qarabağa uzun müddətə gəlib və Azərbaycan bu vəziyyətlə barışmalıdır. Bu kimi fikirlərə münasibətiniz necədir?
 
- Dünyada hadisələr o qədər sürətlə inkişaf edir ki, ciddi politoloqlar belə qəti fikirlər söyləməməlidirlər. Vaxtilə KTMT-nin baş katibi səviyyəsində hədələnirdik ki, biz torpaqlarımızı işğaldan azad etməyə cəhd etsək Gürcüstanın taleyini yaşaya bilərik. Dövlətlərin maraqları, ona uyğun da müttəfiqləri və beynəlxalq məsələlərə yanaşması dəyişir. Zamanla bəzi dövlətlər intibah, bəziləri isə tənəzzül dövrü yaşayır. 5 ildən sonra regionda vəziyyət necə olacaq, bunu heç kim söyləyə bilməz. Rusiya regionun çox önəmli ölkəsi olan Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istəyirsə, dövlətimizin suverenliyinə hörmət etməlidir. Başqa variant yoxdur.
 
- Rusiya sülhməramlılarının statusunun müəyyən olunması istiqamətində danışıqlar aparıldığı deyilir. Belə bir sazişin imzalanması perspektivinə necə baxırsınız?
 
- Azərbaycanın da 2017-ci ildə qoşulduğu “Beynəlxalq müqavilələr hüququ haqqında” Vyana Konvensiyasına görə, 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış Birgə Bəyanat dövlətlərarası müqavilədir. Azərbaycan Respublikasının Konstitusiyasına və 1995-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa görə dövlətlərarası müqavilələr Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunmalıdır. Bunun hansı müddətdə edilməsinə dair qanunda dəqiq müddət nəzərdə tutulmasa da, bu ağlabatan bir müddətdə icra olunmalıdır. Bundan başqa “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Qanunun 4.4-cü maddəsinə əsasən, Azərbaycan öz ərazisində sülhməramlı əməliyyatlar aparmaq üçün digər dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edə bilər, amma bunun həyat keçirilmə mexanizmləri, sülhməramlıların Azərbaycanda qalma müddəti və statusu nəzərdə tutulmadığından mövcud qanunvericilik aktı yenidən işlənməlidir. Mən bu barədə Milli Məclisdə məsələ qaldırmışam. Rusiyalı bəzi politoloqların sazişin ratifikasiya olunub-olunmamasının onlar üçün heç bir əhəmiyyət kəsb etməməsi barədə dedikləri isə onların hüquq mədəniyyətinin göstəricisidir. 10 noyabr bəyanatı Rusiyanın ermənipərəst, destruktiv, Azərbaycanın suverenliyinə hörmət etməyən fəaliyyətinin nəticəsi olaraq Azərbaycan Milli Məclisində ratifikasiya olunmasa Rusiyanın Azərbaycanda hərbi mövcudluğu qanunsuz xarakter alacaq və bunun doğuracağı beynəlxalq və regional nəticələrə görə məsuliyyəti Rusiya daşıyacaq.
 
Ona görə də Azərbaycan təcili BMT-nin sülhməramlı əməliyyatlar təcrübəsinə istinad edərək Rusiya sülhməramlılarının mandatına dair Qanun qəbul etməlidir. Rusiya ilə bu istiqamətdə imzalanmalı olan ikitərəfli dövlətlərarası saziş də bu Qanun əsasında hazırlanmalıdır. BMT-nin Sülhməramlı Əməliyyatlar Departamenti (Department of Peaskeeping Operations) və Yerində Dəstək Departamenti (Department of Field Support) 2008-ci ildə BMT-nin 1948-ci ildən bu günə qədar həyata keçirdiyi 60-dan artıq sülhməramlı əməliyyatlar təcrübəsinə əsasən “BMT-nin sülhməramlı əməliyyatları - prinsiplər və əsas fəaliyyət istiqamətləri haqqında” (United Nations Peaskeeping Operationns, Principles and Guidelines) bu sahədə çalışan insanlar üçün rəsmi sənəd hazırlayaraq dərc etmişdir. Rusiya sülhməramlılarının səlahiyyətləri bu çərçivədən kənara çıxmamalıdır. BMT-nin sülhməramlı əməliyyatlarda iştirakı barədə qərar BMT-nin Təhlükəsizlik Şurası, yaxud BMT Baş Məclisi tərəfindən verilir. Hər bir hal üçün sülhməramlıların mandatı fərqli müəyyən olunur. Hər hansı bir dövlətin daxilində (intra-state) mövcud olan münaqişəni aradan qaldırmaq üçün sülhməramlıların köməyinə ehtiyac olarsa, onlar qarşısına birinci vəzifə o qoyulur ki, həmin dövlətə kömək edilsin ki, o öz ərazisində təhlükəsizliyi, qanunun aliliyini və insan haqlarına hörməti təmin edə bilsin. Yalnız ikinci prinsip kimi barışın təmin olunması və effektiv idarəetmə institutlarının yaradılması qeyd olunur.
 
Bunu ona görə xüsusi vurğulayıram ki, Rusiya bu sahədə mövcud olan beynəlxalq prinsiplərə, Azərbaycanın suverenliyinə hörmət etməlidir. Rusiya tərəfsizlik prisipinə sadiq qalaraq ermənilərin könlünü almaq üçün vətəndaşlarımızı qıcıqlandıran fəaliyyətdən çəkinməlidir. Rusiya regionda mövcudluğunu qaba güc və münaqişənin saxlanması yolu ilə yox, qarşılıqlı hörmət əsasında təmin etməlidir. Azərbaycanda kiçik istisnalarla hamı qəbul edir ki, Rusiya bizim üçün əlverişli ticarət tərafdaşı, iş və kənd təsərrüfatı məhsullarımızın satış bazarıdır. Rusiyada iki milyon azərbaycanlı, 30 milyon müsəlman, 16 milyon türk yaşayır. Bizi tarixi, mədəni əlaqələr bağlayır. Rusiya 44 günlük savaşda neytrallığını saxlamaqla qazandığı rəğbəti heç bir ciddi əsas olmadan 20-25 min erməniyə görə itirməməlidir.
 
- Qüdrət bəy, Fərid Qayıbovun gənclər və idman naziri təyin olunmasını necə qarşıladınız? Bu sahədə ciddi dəyişikliklər gözləməyə dəyər?
 
- Çox normal qarşıladım. Gözlənilən idi. Azərbaycanda bir qayda olaraq siyasi vəzifələrə peşəkar səviyyədə siyasətlə məşğul olan hakim partiyanın funksionerləri təyin olunmur. Nazir təyin olunmuş icraçılar, məmurlar rəhbərlik etdikləri sahələr üzrə siyasətin müəyyən olunmasında əhəmiyyətli rol oynamır, əsasən təşəbbüskar olmur, tapşırıqlar gözləyir və onun icrası ilə məşğul olurlar. Ona görə də ciddi dəyişikliklər gözləmirəm, amma hər bir dəyişiklik yeni bir ümiddir. Mən Fərid Qayıbovu yaxından tanımıram, liderlik keyfiyyətlərinə də bələd deyiləm, buna baxmayaraq onu təyinatı münasibətilə təbrik edirəm,uğurlar arzu edirəm.
 
Xalqcebhesi.az
Link kopyalandı!
Son xəbərlər