“Razılaşaq ki, Rusiya Azərbaycana qarşı getsəydi, Qarabağda vəziyyətimiz xoşagələn olmazdı...”
Müsahibə
24289
01 May 2021 | 17:26

“Razılaşaq ki, Rusiya Azərbaycana qarşı getsəydi, Qarabağda vəziyyətimiz xoşagələn olmazdı...”

“Belə pis təsəvvür yaranmasın ki, biz Rusiyanın tərəfini saxlayır, qardaş Türkiyə və İsrailin  bizə etdiyi hərbi  köməyi unuduruq...”
 
Ölkəmizdə çoxlarının razılaşmadığı fikirləri ilə  seçilən və bəzən də ciddi qalmaqallara səbəb olan tanınmış siyasi analitik Tahir Cəfərli  Moderator.az redaksiyasına təqdim etdiyi bir məqaləsində də ordumuzun 44 günlük müzəffər savaşından sonra Azərbaycanda və ayrıca Qarabağ torpaqlarımızda baş verən olaylarla bağlı  ziddiyyətli mülahizələrə yer verib. Müəllifin  “dövlətimizin strateji maraqları baxımından” dərc olunmasını təkidlə tələb etdiyi həmin materialdan çıxan suallar ətrafında diskusiya təşkil edib onu oxucuların müzakirəsinə çıxarmağı qərara aldıq.
-Tahir müəllim, bizə təqdim etdiyiniz “Keçmişi öyrənib irəliyə getmək lazımdır” başlıqlı yazıda bu günlərdə Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında “Rusiya, rədd ol” “İvan, çıx get Azərbaycandan!” kimi şüarlarla keçirilən etiraz aksiyalarıyla razılaşmırsız. Onların hərəkətini xalqa, dövlətə xəyanət hesab edirsiz. Bəs onu nəzərə alırsınızmı ki,  o adamların belə aksiyalar keçirməsinə  səbəb “sülhməramlı” adı altında Qarabağa yerləşmiş Rusiya hərbi kontingentinin öz missiyalarından kənar, Azərbaycanın suverenliyini təhdid edən bir sıra davranışlarıdır. Məsələn, ilk günlərdən Rusiya MN-in tərtib etdiyi xəritələrdə  Azərbaycanın Qarabağdakı şəhərləri, kəndləri respublikamızın hazırkı rəsmi inzibati xəritəsinə uyğun deyil, erməni adlarıyla göstərilməyə başlandı: məsələn, Xankəndi əvəzinə “Stepanakert”, Ağdərə əvəzinə “Mardakert” və s. Rus hərbi kontingentinin rəhbəri Rüstəm Muradov Azərbaycanın İnterpolla aradığı separatçıların rəhbəri Araiklə qucaqlaşıb öpüşüb-görüşür. Laçındakı sərhəd-keçid məntəqəsindən on minlərlə ermənini kimlikləri yoxlanmadan Qarabağa gətirirlər. Ermənistan nazirləri və digər rəhbər məmurlarının da maneəsiz  Xankəndində gəlib-getməsinə göz yumurlar. Qara Azərbaycana qarşı soyqırımı həyata keçirilmiş Xocalıda qanunsuz məskunlaşmış ermənilərin məktəblərini təmir edir, sonra isə oradakı hava limanında 9 May paradına hazırlıq təlimi keçirlər.  Özbaşına, Azərbaycan dövlətinə müraciət etmədən “Covid-19”a qarşı Rusiya vaksinlərini gətirdib ermənilərə vurdururlar. Birinci olaraq da Xocalıdakı hospitalda rus həkimlər terrorçu general Vitali Balasanyana peyvənd vurur.  Və s. və i.az. Belə çıxır ki, siz rus hərbçilərinin bu cür davranışlarıyla razılaşırsınız?
 
-Çox  maraqlı “faktlardır”.  Elə bil, lap yanlarında olmusunuz. Bu saat erməni mənbələrinə baxsanız, bütün bu “faktların” oradan götürüldüyünü görərsiniz. Məqsəd Azərbaycanda anti-rus psixologiyası yaratmaqdır... 
 
-Bəzi faktları deyə bilmərik.  Ancaq sülhməramlıların Qarabağa aid  xəritələrində Azərbaycan toponimlərinin erməni variantında verilməsini, Rusiyanın Xocalıda məktəbi təmir etdirməsini, Şuşanın Turşsu kəndində ermənilərlə birgə postlar qurulmasını və s. məlumatları Rusiya MN-in, Rusiya FHN-in rəsmi saytlarında görə bilərsiniz. Onların fakt olduğunu heç kəs təkzib edə bilməz... 
 
- Gəlin,  öncə onu unutmayaq ki, son 44 günlük müharibədə qələbə çalaraq torpaqlarımızın xeyli hissəsinin azad olunmasında Rusiyanın böyük rolu olub... Şükür Allaha ki, Qarabağ azad olundu. 1988-ci ildən 2020-ci ilin noyabrına qədər bütün siyasi, iqtisadi və hərbi gedişlərimizdə uduzduğumuz Qarabağ.  Qarabağ  məsələsinin həllinin bir yolu vardı. Elə etmək lazım idi ki, Rusiya Ermənistandan üz döndərsin və Azərbaycana icazə versin ki, o torpaqlarını azad etsin. Bu hamıya aydın məsələ idi. Qarabağ Azərbaycan prezidentinin taxtının üzərində asılmış Domokl qılıncı idi. Çünki  bütün siyasi oyunlar Qarabağın azad olunması üzərində qurulurdu. Prezidentə müxalif olan qüvvələr bundan istifadə  edirdilər və onun qarşısında Qarabağla bağlı həll edilməyəcək məsələlər qoyurdular. Maraqlısı budur ki, qaçqınların narazılıqlarını da bu səmtə yönəldirdilər. Yadınıza  Qarabağ müharibəsinə qədər ölkəmizdə baş verən qaçqınlarla polis işçiləri ilə regionlarda  qarşıdurmaları salın. Onda qaçqınlar öz torpaqlarına qayıtmağı tələb edirdilər. Fikir verin, azad edilməmiş torpaqlarını. Əlbəttə ki, o dövrdə bu absurd bir  məsələ idi və onların tezliklə öz torpaqlarına qayıdacağına heç kim  zəmanət verə bilməzdi.
 
Ancaq hər zamanın öz hökmü var –deyənlər yanılmırdılar, çünki Ermənistanda gedən antirus mitinqləri, hayların(Ermənistan erməniləri) şurtvastlara(Qarabağ erməniləri) qarşı açıq mübarizəsi ona dəlalət edirdi ki, Rusiya buna  ciddi reaksiya verəcək və erməniləri cəzalandıracaq... 
 
Ruslar biləndən sonra ki, yeni hakimiyyətə  gətirilmiş N.Paşinyan Ermənistandakı Rusiya bazalarını NATO qoşunları üçün  boşaltmağa hazırlaşır, Kremlin reaksiyası birmənalı oldu:  Azərbaycana Sovet dövründəki  sərhədlərini qaytarmaq üçün şərait yaradıldı. Bunu etməklə Rusiya özünü də müdafiə edirdi, çünki heç vaxt Azərbaycandan Rusiyaya qarşı hərbi təhlükə olmayıb və ölkənin yüksək rütbəli hərbiçilərinin  xeylisi faktiki olaraq Rus qoşunlarının şinelindən çıxanlar olublar.    
Digər tərəfdən, pandemiya Rusiya iqtisadiyyatına elə zərbə vurmuşdu ki, Ermənistana yardım etməyə pulu-parası yox idi...
Belə məqamda Rusiya analitikləri torpaqların azad edilməsinin Rusiya üçün  geosiyasi və iqtisadi əhəmiyyəti haqda Kremlə ətraflı məlumatlar verdilər.
Azərbaycan Prezidentinin 2018-ci ildəki tranzit yollarının işləməsi layihəsi əsas götürüldü və A.Dugin dəstəsinin iştirakı ilə bunun nə qədər vacib olduğu gündəmə gətirildi...
Başqa bir maraqlı məsələ də öz rolunu oynadı: ABŞ-dakı prezident seçkiləri...
ABŞ-da gedən seçkilərin nəticəsi Rusiyanın xeyrinə deyildi. Baydenin hakimiyyətə gəlməsi, Ermənistanı qaynada bilərdi. Odur ki, BMT-nin Qarabağla bağlı 4 qətnaməsiniin həyata keçirilməsi,bu təşkilatı amorf vəziyyətindən çıxarırdı və ATƏT deyilən təşkilatın ortaya düşüb, aləmi qarışdurma yaratmasına son qoyurdu... 
Rusiya siyasətçilərinin qabaqlayıcı tədbirləri nəticəsində ABŞ-ın əl-ayağı bağlandı. Gəlin razılaşaq ki, Rusiya Azərbaycana qarşı getsəydi, Qarabağ savaşında vəziyyətimiz xoşagələn olmazdı... 
Qarabağ müharibəsi ərəfəsində ruslar ermənilərin bir-iki ay sonra, yəni Bayden taxtı-tacına oturan an müharibəyə başlayacaqları haqda Rusiyanın xüsusi orqanlarının xəbəri vardı və onlar öz növbəsində Prezident Putinə  ətraflı məlumat  vermişdilər. Rusiyanın yeganə yolu, Azərbaycanın əli ilə Qarabağda olan  erməni ordusunu darmadağın etmək və BMT-nin 4 qətnaməsini həyata keçirmək oldu. Ən əsası, Prezident İlham Əliyevin  dəmiryolu tranzitinin işləmə layihəsinin  Rusiya üçün pandemiya şəraitində nə qədər əhəmiyyətli olduğunu başa düşdülər. Çünki Azərbaycanın müharibədə qələbəsi yeni geosiyasi vəziyyət yaradırdı və iki böyük dövlətin - Rusiya və Türkiyənin  ABŞ-a qarşı durmasına imkan yaradırdı, başqa sözlə desək, genişmiqyaslı müharibə təhlükəsini Qafqazın üzərindən götürürdü və Qafqaz ətrafı ölkələrin hamısını bu tranzitdə birləşdirirdi. Bu isə bu ölkələrin ticarət əlaqələrini gücləndirirdi...   
 
-Rusiya dediklərinizi öz maraqlarına görə həyata keçirib və  Azərbaycandan ona borclu qalmayıb. Və  məgər Kreml siyasi baxımdan bizə yardım edib deyə, biz onun bu gün Qarabağda, bizim hüquqi-tarixi torpaqlarımızda suverenliyimizi təhdid edən davranışlarına göz yummalıyıq? 
 
- Bir daha təkrar edirəm ki, Rusiya-Azərbaycan yaxınlığı olmasaydı, biz Qarabağda bu qələbəni çox tezliklə əldə edə bilməzdik. Yadınıza bir faktı salmaq istəyirik. Demək olar ki, 10 Noyabr üçtərəfli razılaşmasının imzalanmasına  bir neçə saat qalmış Naxçıvan ərazisindən Ermənistan üzərində uçan Rusiya vertolyotunun  vurulması Qarabağ  müharibəsinə rusları da qata bilərdi. Bu, Prezidentimizin apardığı siyasətə arxadan zərbə idi. Bunu edənlərin kimlikləri indiyə qədər açıqlanmayıb. Bir şeyi deyə bilərik ki, bu milli xəyanət idi... Fikir verin, bunun  Prezidentimizə qarşı təxribat olduğunu Rusiya rəhbərliyi o saat anladı və müharibənin xarakterini dəyişmədi. Çünki vertolyot  vurulandan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkələr Ermənistanın köməyinə gəlməli idilər. Beləliklə müharibə uzanardı. Müharibənin isə uzanması Rusiyanın xeyrinə deyildi. Odur ki, Prezident Putin  Paşinyana kapitulyasiya aktına və indiyə qədər  zəbt edilmiş  Azərbaycan torpaqlarının xeyli hissəsinin qaytarılmasına qol çəkdirdi. Oxucularda belə pis təsəvvür yaranmasın ki, biz Rusiyanın tərəfini saxlayır, qardaş Türkiyə və İsrailin  bizə etdiyi hərbi  köməyi unuduruq. Sadəcə olaraq, onu qeyd etmək istəyirik ki, Qərb Qafqazın Rusiyanın strateji maraq dairəsində olması faktını SSRİ dağılandan sonra qəbul edib. Odur ki, Rusiyanın Qafqaz respublikalarının işlərinə burun soxmaları üçün hər bir şərait vardır...
 
-2020-ci il noyabrın 9-da axşam Naxçıvandan vurulmuş Rusiya vertolyotunun  məhz elə rəsmi Bakıya təzyiq göstərmək məqsədilə Moskvanın agentləri tərəfindən vurulmasına heç kəs zəmanət verə bilməz. Həmin gecə Bakıya atılan, yaxşı ki, ordumuz tərəfindən zərərsizləşdirilən raket də həmin təzyiqin bir parçası ola bilərdi. Amma belə hallar baş versə də, onları sübut etmək üçün əlimizdə əsas yoxdur. Və bunlar artıq keçmişdə qaldı. Lakin Rusiya hərbi kontingentinin Laçın dəhlizi və Qarabağ torpaqlarımızdakı davranışları, dediyimiz kimi faktdır, özü də xalqda böyük narazılıq doğuran faktlardır. Onlardan danışmaq gərəkdir. Rusiya hərbi kontingentinin dediyimiz davranışlarına necə haqq qazandırmaq olar?
 
(Davamı var)
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər