“Moskva “İsgəndər-M”lə bağlı məsələdə dövlətimizə dürüst və ətraflı cavab verməlidir”
Müsahibə
4872
21 Apr 2021 | 11:22

“Moskva “İsgəndər-M”lə bağlı məsələdə dövlətimizə dürüst və ətraflı cavab verməlidir”

Vahid Əhmədov: “Rusiyanın Qarabağda parad keçirmək niyyəti dövlətimizə mesajdır”

 

“Azərbaycan və Türkiyə Rusiya ilə gərginlik yaşayan Ukraynanın yanında olmalıdır”

 

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına dünənki müsahibəsində bir daha Ermənistanın Vətən müharibəsində ölkəmizə qarşı tətbiq etdiyi “İsgəndər-M” raketləri ilə bağlı məsələyə toxunub, həm Ermənistan, həm də Rusiyadan baş verənlərlə bağlı rəsmi cavab gözlədiyini qeyd edib.

 

Moderator.az olaraq millət vəkili Vahid Əhmədovla müsahibəmizdə ölkə başçısının çıxışından irəli gələn bəzi məqamları müzakirə etməyə çalışdıq:

 

-Vahid müəllim, ölkə başçısı dünənki çıxışında Ermənistanın Vətən müharibəsində Qarabağa atdığı “İsgəndər-M” raketləri ilə bağlı məsələyə toxunub, bu raketlərin Ermənistana necə, hansı şəkildə yiyələnməsi ilə bağlı sualların hələ də cavabsız qaldığını bildirib. Sizcə Azərbaycanın bu məsələ ilə bağlı suallarına tam, aydın və müfəssəl cavabın verilməsi nə dərəcədə vacibdir?

 

-Dünən cənab prezident öz çıxışında çox ciddi məsələlərə toxundu. Vətən müharibəsində ölkəmizə qarşı “İsgəndər-M” raketlərindən istifadə ilə bağlı xalqımız da, dövlətimiz də həm Ermənistandan, həm də Rusiyadan izahat gözləyirdi. Lakin ölkə başçısının çıxışından da məlum olduğu kimi, Rusiyanın Müdafiə Nazirliyinin bu məsələ ilə bağlı verdiyi cavab dövlət başçımızı qane etməyib. O raketlərin necə əldə edilməsi, hardan atılması və s. kimi məsələlər məlum məktubda öz əksini tapmayıb. Buna görə də cənab prezident tamamilə düzgün qeyd etdi ki, biz suallarımızla bağlı tam cavab gözləyirik. Ermənistanın bu raketləri necə əldə etməsi, bu raketlərin konkret hansı nöqtədən atılması və s. kimi məsələlər açıqlanmalı, bütün bunlara aydınlıq gətirilməlidir. Söhbət “İsgəndər-M” raketlərindən gedir. Bunlar 500 km uzaqlıqdakı hədəfi vuran uzaqmənzilli raketlər hesab edilir. Bu raketlər ixrac üçün nəzərdə tutulmayıb və onların satışı yoxdur. Beynəlxalq konvensiyalar bu raketlərdən istifadəni qadağan edir. Buna görə də Rusiya tərəfinin cavabı təbii ki, bizi qane edə bilməz.

 

Dövlətimiz bundan sonra da qətiyyətli şəkildə lazımi cavabı almaq üçün öz tələblərini səsləndirməlidir. Bu, bütün dünyanın diqqətində olan bir məsələdir. Qadağan edilən raketlərin Azərbaycan ərazisinə atılması araşdırılmalıdır. Söhbət hələlik 2 raketdən gedir. Amma bu raketlərin sayının daha çox olması da istisna deyil. Biz Rusiyadan dürüst cavabın alınmasına nail olmalıyıq.

 

-Hərbi Qənimətlər Parkında nümayiş etdirilən “İsgəndər-M” qalıqlarını Azərbaycanın Türkiyə vasitəsi ilə Suriyadan gətirməsi ilə bağlı fikirlər səsləndirilir. Sizcə bu cür uydurma fikirlərin ortaya atılmasında məqsəd nədən ibarətdir?

 

-Bu raketlərin qalıqlaırnın Türkiyə vasitəsi ilə Suriyadan Azərbaycana gətirilməsi ilə bağlı deyilənlər tamamilə cəfəngiyyatdır. Bu onu göstərir ki, xalqımıza qarşı bu cinayəti işlədənlər etdikləri əmələ görə cavab verməkdən yayınmaq üçün belə gülünc fikirlər səsləndirirlər. Bu cür fikirlərin səsləndiriməsində məqsəd həm də Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməkdir.

 

-Rusiya mayın 9-da Qarabağda parad keçirmək niyyətini ifadə edib. Sizcə belə bir paradın keçirilməsi hansı mətləblərdən xəbər verir?

 

-Rusiyanın 9 may tarixində Qarabağda parad keçirmək niyyəti Moskvanın güc tətbiqinə daha çox üstünlük verdiyini göstərir. Hesab edirəm ki, bu, dövlətimizə verilən mesajdır. Bunu da nəzərə alaraq hesab edirəm ki, Azərbaycan-Türkiyə əmədkaşlığı genişlənməli, münasibətlərimiz daha da inkişaf etdirilməlidir.

 

-Vahid müəllim, son vaxtlar Ukrayna-Rusiya münasibətlərində də ciddi gərginlik müşahidə olunur. Sizcə bu müstəvidə baş verənlərin Rusiyanın MDB dövlətlərinə yönəlik siyasətində hansısa dəyişikliklərə səbəb ola bilərmi?

 

-Bildiyiniz kimi, Ukrayna-Rusiya münasibətlərində ciddi gərginlik var.  Rusiya Ukraynanı təhdid edir. Orada yeni bir müharibənin baş verməsi də mümkündür. Əgər Rusiya Ukrayna məsələsini öz xeyrinə həll edə bilsə, o zaman MDB ölkələrinə ciddi təsir etmək imkanı qazanacaq. Lakin dünya dövlətləri – ABŞ, İngiltərə, Fransa və s. bu məsələdə tamamilə Rusiyanın əleyhinədir. Zənnimcə, onlar Ukraynaya hərtərəfli yardım göstərəcklər.

 

-Sizcə Azərbaycan və Türkiyə Ukrayna və Rusiya qarşıdurmasında hansı dəsti-xətti izləməlidir?

 

-Düşünürəm ki, Azərbaycan və Türkiyə də Ukraynanın yanında olmalıdır. Ukrayna-Azərbaycan dostluğunun, əməkdaşlığının mühüm əhəmiyyəti var. Həm hərbi, həm siyasi sahədə bu əməkdaşlığın inkişafı vacibdir.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər