Qazaxstanlı dünyaca məşhur müğənni Toregali Toreali Qazaxstana uçuşların bərpasına səbr edə bilmədi və bu çətin günlərdə sevənləri, doğmaları və xalqı ilə birgə olmaq üçün dünən axşam paytaxt Bakıdan İstanbula uçaraq oradan isə Özbəkistan- Taşkəntə səfərə çıxdı.
Moderator.az xəbər verir ki, Özbəkistandan quru yolu ilə ölkələrinə keçə biləcəklərini ümid etdiklərini söyləyən ifaçının atası və eyni zamanda prodüseri Toreali Tülepov paytaxtımızda keçirdikləri xoş vaxt və qonaqpərvərlikdən ötrü iş adamı Yılmaz Okukluya ən xoş və minnətdarlıq duyğularını çatdırdı.
Tanınmış ulduz sağollaşmadan öncə kameraların qarşısına keçdi və həm dəvətindən ötrü Yılmaz Okukluya, eyni zamanda Azərbaycanda yaşadığı unudulmaz anlardan ötrü isə əməyi keçən hər kəsə minnətdarlıq etdi. İstər müğənni istərsə də Yılmaz Okuklu çıxışlarının sonunda baş verən hadisələrdən dərin təəssüf hissləri keçirdiklərini, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa dilədilər. Gələcəyə nikbin baxaraq Qazaxıstanın bu günləri geridə qoymasını, sabit və güclü olması diləklərini səsləndirən ifaçı və iş adamı bir daha Türk Dünyası şəninə alqışlar söyləyərək birlik, həmrəylik mesajları səsləndirdi.
Xatırladaq ki, 2 yanvar tarixindən etibarən “MİMAR” Dərnəyi Başqanı Yılmaz Okuklunun dəvəti ilə konsert proqramı üçün Azərbaycana təşrif buyuran Qazaxstanlı qonaqlar Qazaxstan Respublikasında baş verən məlum hadisələr və AirAstana tərəfindən uçuş reyslərinin təxirə salındığına görə Vətənlərinə geri qayıda bilmirdilər.
Elsevər Məmmədov