Rejissorlar pandemiya dönəmində çəkilən filmlərdən heç bir gəlir və reytinq əldə etmədiklərini deyərək gileylənirlər. Belə olduğu halda isə yeni filmlər çəkilir və çəkilməyə davam edir. Bəs görəsən, zərərlə işləyən filmlərimiz və kinoteatrlarımızın bu gedişatı necə olacaq?
Mövzu ilə bağlı prodüser Oqtay Əliyev Moderator.az-a danışdı:
- Pandemiya dönəmində çox az filmlər çəkilib. Biz də “Beş betər”-i çəkdik. Bu film dekabrın 2-dən yayımlanacaq. Şükürlər olsun ki, artıq digər kinotearltarımız da ortaq razılığa gəldilər. İndi bir film bütün Azərbaycanın kinoteatrlarında yayımlanacaq. Əvvəl bir film bir neçə kinoteatrda yayımlanırdı. Kinoteatrlar deyirdi ki, əgər filminiz o birində yayımlanırsa, bizdə nümayiş oluna bilməz.
Yerli filmlərə o qədər böyük büdcə xərclənilmir ki, onun altından çıxmaq o qədər çətin olsun. Bir az sponsor, bir az tamaşaçı ilə bunu həll etmək olar. Başqa çıxış yolu yoxdur. Pandemiyadır deyə film çəkməyək kimi anlayışı da qəbul etmirəm. Çünki aktyorların da yaşı, cavanlığı gedir, onlar da nələrsə canlandırmalıdır. Rejissor çəkməlidir, ssenarist yazmalıdır, bu industriya işləməlidir. Bu insanlar nə qədər gözləməlidir? Biz də vəziyyətin necə olduğunu danışıb, durumu izah edirik. Onlar da sağ olsunlar, vəziyyətə baxıb razılaşırlar.
- Kinoteatrlar hazırda ziyana işlədiklərini qeyd edirlər. Zalın yalnız 50 faizinin dolmasına icazə var, belə olduğu halda istilik, işıqlandırma qiymətlərinin daha baha olduğunu deyirlər. Yəni zərərlə işləyirlər.
- Əksinə, kassa filmləri gəlir gətirir. Gətirməsə, mən o filmi niyə çəkim? Biri var lap çox gəlir əldə edirsən, biri də var nisbətən. Misal üçün, əvvəlki dönəmdə aktyor komediya filmlərinə 20-30 minə çəkilirdisə, indi o pullar yoxdur. Aktyor da vəziyyəti başa düşür. Onlar da qiymətlərini yarıbayarı azaldıb, elələri var ki, yarıdan da az qiymətə çəkilir. Elələri də var deyir ki, film nümayiş olunsun, yaxşı olsa, mənə qonorar verərsiniz. Yəni hamı bir-birini başa düşür. Kinoteatr üçün fərqi yoxdur təşkilatçı, yaradıcı heyət bura xəclənən miqdarı çıxara biləcək, yoxsa yox. Amma filmin produsseri gələn və gedən xərcləri qəpiyinə qədər düşünür.
- Əvvəllər rejissorlar şikayət edirdilər ki, kinoteatrlar filmləri baha alır. Bəs belə olduğu halda yerli filmlərə güzəştə gedirlərmi?
- Kinoteatrlar yerli filmlərə güzəştə getmirlər. Hazırda da 50-nin 50-yə işləyirlər. Tək sevindirici hal odur ki, əvvəllər "PARK Bulvar" bizim filmi götürürdüsə, digər kinoteatrlar o filmi götürmürdü ki, əgər orada gedərsə, mən götürmürəm. İndi şükürlər olsun ki, ilk dəfə pandemiyadan sonra biz yeni film çəkdik, kinoteatrlar bu qadağanı qoymadı.
Ümumilikdə xarici filmlərdə də tamaşaçı qıtlığı yaşanır. Tamaşaçı kinoteatra getmir. Bir müddət bu məsələ həll olunmuşdu. İndi insanlar da kinoteatra getmək istəmir.
- Sanki insanlarda o ruh coşqusu yoxdur...
- Elədir. O qədər problemlər var ki… Şəxsən özüm hər həftənin bazar günü uşaqları götürüb uşaq filmlərinə gedirdik. Bu, ənənə halını almışdı. Amma indi sonuncu dəfə kinoteatra nə zaman getdiyimi xatırlamıram. Hər dəfə deyirəm gedim, sonra həvəsdən soyuyuram.
- Qeyd etdiniz ki, əvəllər 20-30 min manata çəkilən aktyorlar indi aşağı qiymətə razılaşır. Doğurdanmı Azərbaycanda o qiymətə filmə çəkilən aktyorlar var?
- Teatrda işləyən aktyorların vəziyyətləri bir qədər ağırdır. Onlar hardasa ayda 400-500 manat maaş alırlar. Seriallarda elə aktyorlar var ki, aya 1500-1300, eləsi var ki, 2000 evinə pul aparır. Bir filmə çəkilir, o da kateqoryiya ayrılır. Misal üçün, mən bilirəm ki, bu adamı bu filmə çəkəndə ona görə kinoteatra adam gələcək. O da öz qiymətini qaldırır.
Aktyorlarımızın hamısı gözəldir, amma baxırsan ki, o aktyora görə bu filmə baxan olcaq. Aktyor da onu bilir, bildiyi üçün digərlərindən fərqli qiymətə çəkilir. Deyir ki, qiymətim budur. İndi isə onlar da sağ olsunlar ki, vəziyyəti başa düşürlər.
Xəyalə Rəis