Son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri də reytinq mövzudur. Hansı ki, ən çox diqqət çəkən verilişlər və seriallar reytinq cədvəlində ən son sıralarda yer alır.
Rejissor Kənan Mahmudov (M.M.) mövzu ilə bağlı Moderator.az-a danışaraq reytinqin göstəricisinin məhz xalqın özü olduğunu və tamaşaçılardan aldığı rəyə görə reytinqi təyin etdiyini bildirib:
“Düşünürəm ki, reytinq iki hissədən ibarətdir, rəsmi və qeyri-rəsmi. Qeyri-rəsmi göstəricilər daha realdır, bu mənə çox səmimi gəlir. İzləyicilərin sosial şəbəkədə yazdığı hər bir rəy sevgidən və serialın təsirindən qaynaqlanır. Nəinki sosial şəbəkələr eyni zamanda cəmiyyət içində məni gördükdə söylədikləri ifadələr mənə görə əsil reytinqdir.
Biri də var rəsmi reytinq, bu on milyonluq əhalidən ibarət deyil. O da 120 nəfərin evində quraşdırılan bir qurğudur. Biz bilmirik ki, o hansı bölgədə yaşayan insanların evində quraşdırılıb. Bunlardan xəbərsizik. Bəzən elə bir seriallar reytinq verir ki, adamın əli üzündə qalır. Elə seriallar da reytinq vermir ki, baxırsan ki, işi və keyfiyyəti çox yaxşıdır. Mən hər zaman keyfiyyətə üstünlük verib, dəstək olmuşam. Misal üçün İctimai Televiziyada yayımlanan“Simurq” serialının reytinq göstəriciləri ürək açan deyil. Baxırsan ki, gözəl hekayədir, hər şey yerindədir, yaxşı serialdır. Amma niyə reytinq vermir, bilinmir.
“Gece yarısı” isə günlük serial deyil. Günlük serialın reytinq yığma şansı daha çoxdur. Serialın reytinq verməsi üçün onun yayımlanan saatı, zamanı da çox önəmlidir. Bizim serialın izlənməsi hələ ki, ürəyimcədir. İnşallah bundan daha yaxşı davam edər. Serial bazarında, 3, 4 bölüm tanış olma mərhələsidir. Bizdə də hələ tamaşaçı ilə tanışlıq dönəmidir.
Mənim rəsmi reytinq göstəricim anamdır. Ümumiyyətlə ilk tamaşaçım anam və o yaşda olan xanımalardır. Hədəfim onlardır”.
Xəyalə Rəis