“Hikmət Rəhimova kömək etmək istəyirəm. Aydınlaşdırsın ki, o aktyordur, qoçudur, ümumiyyətlə nəyə xidmət edir? Əgər aktyordursa qarşı tərəfə o səviyyədə cavab verə bilməz. Yalnız qoçu küçə jarqonu ilə cavab verə bilər. Bəs onda Hikmət Rəhimov kimdir?”
Bu sözləri Modertor.az-a açıqlamasında aktyor Hikmət Rəhimovun onu və dostlarını təhqir etdiyi üçün polisə verən kinotənqidçi Sevda Sultanova deyib. O, bildirib ki, Hikmət Rəhimov özünü sənət adamı hesab edirsə və düşünürsə ki, məşhurdur dediklərinə məsuliyyətlə yanaşmalıdır:
“Hazırladığım yazıda Hikmət Rəhimovun teatrlarla bağlı fikirləri vardı. Onun “erməni və gürcü teatrları bizim teatrlardan daha üstündür”- kimi fikri məndə sual doğurmuşdu. Mən də yazımda ona belə müraciət etdim ki, Hikmət Rəhimov hansı gürcü və erməni tamaşalarına baxıbsa o tamaşaların adlarını çəksin, peşəkar səviyyədə analiz etsin ki, onların hansı cəhətləri ilə bizim teatrlardan üstündür. Bir tamaşa o ölkənin ümumi teatrı haqqında yekun nəticə əldə etməyə kifayət etmir. Söz sahibi olmaq üçün gərək həmin ölkənin bir çox tamaşalarına baxasan ki, o ölkənin teatrlarında hazırlanan tamaşalara haqqında sənin bir fikrin formalaşsın. Sualıma cavab vermək əvəzinə “Facebook”da status yazdı ki, “Sevda Sultan ağıllı ol, yoxsa sənin... kuruqunu dağıdaram” .
O, mənə arqumentli şəkildə, intellektual cavab vermək əvəzinə məni və dostlarımı təhqir etməklə yanaşı təhdid etdi. Məni narahat edən Hikmətin nə yazması deyil, narahat edən odur ki, əgər sən özünü sənət adamı hesab edirsənsə və düşünürsən ki, məşhur bir ictimai fiqursan öz dediklərinə məsuliyyətlə yanşmalısan. Mənim də polisə şikayət etməyimin əsas səbəbi odur ki, incəsənət aləmində yaxşı mənada örnək olsun ki, əgər kimisə təhqir edirsinizsə o zaman hüquq mühafizə orqanlarının qarşısında cavab verməlisiniz. Məqsədim bu məsuliyyət hissini yaratmaqdır”.
Xəyalə Rəis