Gələn il Avstraliyada Yerin “qara qutusu” deyilən qurğu quraşdırılacaq. Hazırkı sivilizasiya haqqında məlumatları qeyd edən cihazın materialları qlobal istiləşmə probleminə diqqəti cəlb etmək üçün yaradılmış saytda artıq avtomatik olaraq toplanır.
Moderator.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
"Bu cihazın məqsədi planetin sonuna aparan hadisələr haqqında qərəzsiz materiallar təqdim etmək, gələcək nəsillər üçün məsuliyyət daşımaq və təcili tədbirlər görməyə sövq etməkdir", - deyə onlayn resursun təsvirində deyilir. Müəlliflərinin fikrincə, “bu hekayənin necə bitəcəyi bizdən asılıdır”.
ABC kanalının məlumatına görə, ölçüləri 10 × 4 × 3 metr olacaq nəhəng dirəyə bənzəyən abidənin təsviri saytın fonuna yerləşdirilib. O, 7,5 millimetr qalınlığında polad zirehdən hazırlanacaq və geoloji cəhətdən sabit ərazi olan Tasmaniya adasında qurulacaq. İçərisinə internet bağlantısı olan nəhəng məlumat anbarları yerləşdiriləcək, onlar yuxarıdan günəş batareyaları və içəridən akkumulyatorlarla təchiz ediləcək.
Yerin belə “qara qutusu” quruda və dənizdə temperaturun ölçülməsini, okeanların turşulaşması, atmosferdəki karbonun miqdarı, canlı növlərin nəsli kəsilməsi, torpaqların dəyişməsi, habelə əhali, ölkələrin hərbi xərcləri və elektrik enerjisi istehlakı haqqında məlumatları qeyd edəcək.
Həmçinin xəbər başlıqları, sosial media yazıları və iqlim dəyişikliyi görüşlərindən gələn mesajlar da qeyd olunur. Saytda real vaxt rejimində hansı məlumat mesajlarının faktiki olaraq artıq qeydə alındığı göstərilir.
Qeyri-kommersiya xarakterli olduğu bildirilsə də, layihəyə Avstraliyanın ən böyük marketinq şirkəti olan “Clemenger BBDO” yerli tədqiqatçılarla birgə rəhbərlik edir.
Miraslan