“Sonradan hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də sovet ordusunun nümayəndələri hərbi maşında 113 güllə deşiyi saymışdılar...”
“Ötən gün ərzində atəşkəsin bir dəfə pozulması qeydə alınıb. 11 avqust 2021-ci ildə, saat 7.29 və 7.58-də Azərbaycan Silahlı Qüvvələri YEKTSAOX-un 2 kilometr şimal-qərbindəki müşahidə məntəqəsi ərazisində Dağlıq Qarabağın silahlı birləşmələrinin mövqeyinə zərbə tipli kvadrokopterlərdən istifadə edərək iki zərbə endirib. Xəsarət alan yoxdur.
Bu cümlələr Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti” bölməsində dünən –avqustun 12-i Moskva vaxtı ilə saat 19:00 üçün yayılmış məlumatdandır.
Məlumatda “YEKTSAOX” sözü diqqəti cəlb edir. Bu, “atəşkəs pozuntusu”nun qeydə alındığı yaşayış məntəqəsinin erməni versiyasında qondarma adıdır. Rusiya MN tərəfindən bilərəkdən iri şriftlərlə seçilmişdir. Halbuki, söhbət Azərbaycan Respublikası Şuşa rayonunun Salatınkənd(yaxud Sarıbaba) kəndindən gedir... Yəni Azərbaycan Respublikası ərazisində “Dağlıq Qarabağ” kimi “YEKTSAOX” adlı inzibati ərazi vahidi də yoxdur...
Göründüyü kimi, “Rusiya sülhməramlı kontingenti komandanlığı” Azərbaycan Silahlı Qüvvələrinin “Dağlıq Qarabağın silahlı birləşmələrinin həmin kəndin yaxınlığındakı mövqeyinə zərbə tipli kvadrokopterlərdən istifadə edərək iki zərbə endirdiyi”ni iddia edir.
Əvvəla, Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təsdiqləməyib.
İkincisi, məlumat təsdiqlənmiş olsa belə, erməni silahlılarının həmin ərazidə nə iti azıb? Axı 10 Noyabr üçtərəfli razılaşmasının 4-cü bəndinə əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi?.. Görünür, Rusiya tərəfi separatçı-terrorçu rejim tərəfindən qondarılmış “Dağlıq Qarabağ özünümüdafiə ordusu”nu Ermənistan silahlı qüvvələri yox, digər erməni “respublika”sının “qanuni” ordusu kimi təsbit edib və onları ərazidən çıxarmağı məsləhət görməyib...
Üçüncüsü, Şuşa rayonunun Salatınkəndinin 1-2 km şimal-qərbində Laçın rayonunun “Laçın dəhlizi”nə daxil olmayan və rəsmən Azərbaycan ordusuna nəzarətinə verilmiş Ağbulaq və Zerti kəndləri yerləşir. Və Azərbaycan Müdafiə Nazirliyinin vurğuladığı kimi, ermənilər qanunsuz silahlı birləşmələrinin mövqelərini Kəlbəcər rayonu kimi, Laçın rayonuna da daha yaxın ərazilərə çəkməkdədirlər...
Dördüncüsü, 10 Noyabr üçtərəfli razılaşmasına görə, Laçın-Şuşa-Xankəndi yolundan hər iki tərəfə hava ilə 2,5 km məsafədəki ərazi Rusiya sülhməramlı(!) hərbi kontingentinin məsuliyyət zonasıdır. Bəs o halda necə olur ki, demək olar ki, Laçın-Şuşa yolunun üzərində yerləşən Salatınkənddən 2 km məsafədə erməni silahlı birləşmələri yerləşir?..
Beşincisi və bəlkə də Rusiya MN-in, eləcə də prezident V.Putin başda olmaqla Kremldəkilərin xatırlamalı olduğu əsas məqam... Sovet dövründə ermənilərin yaşadığı həmin “Yextsaox” kəndi ərazisində 30 il öncə, 1991-ci il yanvarın 9-da SSRİ-nin Gəncə şəhərindəki 44682 saylı hərbi hissəsinə məxsus "UAZ 469" markalı “30-14 NB” dövlət nömrə nişanlı avtomobildə Milli Qəhrəman, jurnalist Salatın Əsgərova ilə yanaşı Rusiyanın üç hərbçisi: batalyon komandiri - podpolkovnik Oleq Larionov, Laçın rayonu hərbi komendaturasının qərargah rəisi, mayor İqor İvanov və hərbi maşının sürücüsü - serjant İ.Qoyek erməni terrorçuları tərəfindən atəşə tutularaq amansızlıqla qətlə yetiriliblər. Sonradan hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də sovet ordusunun nümayəndələri hərbi maşında 113 güllə deşiyi saymışdılar...(bax:
//dic.academic.ru/dic.nsf/ruwiki/792528)
Bu haqda həm Azərbaycan, həm də keçmiş sovet Rusiyasının Moskvadakı arxivlərində yetərincə rəsmi sənədlər tapa bilərsiniz...
Bir məqamı da qeyd edək ki, səhv etmiriksə, 10 noyabrdan bəri ilk dəfədir ki, Rusiya MN saytının 11 avqust məlumatında Qarabağda “atəşkəsin pozulması” ifadəsi işlənir. Halbuki, inidyədək erməni silahlı birləşmələri dəfələrlə Ağoğlan(Hadrut), Şuşa və Ağdam və s. istiqamətlərində atəşkəsi pozub, hətta Ağdamda bir hərbçimizi də yaralayıblar. Görünür, yalnız Azərbaycan tərəfdən atəş açılması “atəşkəs pozuntusu” kimi qeydə alınır...
Sultan Laçın