8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktının icrası Ədliyyə Nazirliyi tərəfindən uğurla davam edir.
Dekabrın 3-də amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1, 2, 15, 16 və 17 saylı cəzaçəkmə müəssisələrində icra olunub. Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb.
O məhkumlardan biri Məzahirov Allahverdi Ziyəddin oğlu Moderator.az-a açıqlamasında 2 il 2-ci ayında azadlığa buraxıldığını bildirib:
“Azadlığa çıxmağıma 4 ay 1 günüm qalmışdı. Açığı, belə bir sürpriz gözləmirdim. Bizə yaratdığı bu şəraitə görə cənab prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun sayəsində bu gün biz ailələrimizə qovuşacağıq. Buradan Ali Baş Komandanımıza can sağlığı və uzun ömür arzu edirəm.
Açığı, əfv fərmanına düşəcəyimi gözləmirdim. Mən bu gün azadlığıma qovuşacam. Bir daha bura düşmək istəmirəm. Bundan sonra da cəza çəkmə müəssisəsinə gəlməyi düşünmürəm. Ailənin yanında olmaq yaxşıdır. Həbsxana ağıllı adamın yeri deyil. Ağıllı adamın yeri ailədir. Ailəm, balalarım, nəvələrim üçün çox darıxmışam”.
Xəyalə Rəis