Bu gün ölkə başçısı Sumqayıta səfər edib. Səfər əsnasında Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.
Xatırladaq ki, yaxın keçmişdə Sumqayıtda daha bir neçə müəssisənin açılışı reallaşıb.
Maraqlıdır, Sumqayıtda bir-birinin ardınca çoxlu sayda sənaye müəssisəsinin yaradılması ölkə iqtisadiyyatının gələcəyinə, məşğulluq probleminin həllinə nə vəd edir?
Moderator.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bu müəssisələrin ölkə iqtisadiyaytının inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:
“Azərbaycan üçün sənayeləşmə prioritetdir. Sumqayıtın timsalında sənayeləşmənin dəstəklənməsi və yeni sənaye müəssisələrinin qurulması xüsusilə aydın nəzərə çarpır. Bu baxımdan Sumqayıtda iki zavodun təməlqoyma mərasiminin keçirilməsi qeyri-neft sektorunun inkişafına, eləcə də iqtisadiyyatda yeni dəyərlərin formalaşmasına töhfə verəcək. Bu, həm də yeni iş yerlərinin yaradılması deməkdir və məşğulluq probleminin həllinə müsbət təsir göstərəcək.
Yeni müəssisələrin yaradılması həm də istehsal anlamına gəlir. Istehsal isə həm idxalın azalmasına təsir edir, həm də ixrac imkanlarını genişləndirir.
Sumqayıt Sənaye Parkında yaradılan müəssisələrin geniş ixrac imkanları var. Bu isə post-pandemiya dönəmində ikiqat əhəmiyyətlidir. Bu, ixracatımızın artmasına təsir edəcək.
Beynəlxalq qurumlar bu il iqtisadiyyatımızın 1,9% artacağını proqnozlaşdırır. Azərbaycan hökuməti isə 3,5%-lik artım proqnozlaşdırır. Orta hesabla iqtisadiyyatın 3% böyüyəcəyi gözlənilir. 2022-ci il üçün həm Azərbaycan hökumətinin, həm də beynəlxalq qurumların proqnozu daha nikbindir. Azərbaycan hökuməti 2022-ci il üçün 5%-lik artım proqnozlaşdırır. Yeni müəssisəslərin yaradılması iqtisadi artım tempinin yüksəldilməsinə öz töhfəsini verəcək”.
Seymur ƏLİYEV