Son vaxtlar yeni Türkiyə şirkətlərinin Azərbaycana gəlişi, ölkə iqtisadiyyatına kapital qoyuluşunun artması müşahidə edilməkdədir.
Moderator.az-a açıqlamasında baş verənlərə münasibət bildirən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycan-Türkliyə münasibətləri hər baxımdan, eləcə də strateji baxımdan çox önəmlidir. Azərbaycan üçün qardaş Türkiyə ilə münasibətlər strateji əhəmiyyət daşıyır. Bu baxımdan türk şirkətlərinin Azərbaycana gəlişi, investisiya qoyuluşu baxımından da çox önəmlidir. Hansı ki, Azərbaycan da Türkiyəyə ciddi investisiya qoyuluşları həyata keçirir. Azərbaycanın Türkiyədəki investisiya qoyuluşu 15 milyard dollardan çoxdur. Bu, Azərbaycanın Türkiyə iqtisadiyyatına verdiyi töhfədən xəbər verir.
Türkiyə Azərbaycanın qeyri-neft məhsullarını ən çox ixrac etdiyi dövlətlərdən biridir. Belə ki, ixrac etdiyimiz qeyri-neft məhsullarının 30%-i Türkiyənin payına düşür.
Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsində də hiss edilən artım və pozitiv dinamika var. Belə ki, ötən il Türkiyə və Azərbaycan arasıdna ticarət dövriyyəsi 4,5 milyard dollardan çox olub. 2018-ci ildə isə bu rəqəm 3,4 milyard dollar olub. 2017-ci ildə 2,6 milyard, 2015-ci ildə isə 2 milyard dolalrdan az olub.
Son 5 ildə Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb. Bu isə ondna xəbər verir ki, iki dövlət arasında həm ticarət dövriyyəsi, həm də investisiya qoyuluşunda ciddi artımlar var. Bu baxımdan yeni türk şirkətlərinin ölkəmizə gəlişi qeyri-neft sektoruna Türkiyə tərəfinin investisiya qoyuluşunun daha da artmasına, həmçinin, iki dövlət arasındakı iqtisadi əlaqələrin daha da dərinləəməsinə səbəb olacaq”.
Seymur ƏLİYEV