“Son bir həftə ərzində neftin qiyməti 35 dollar ətrafında stabilləşib. Əgər biz bunu aprel ayının 20-25-i arasındakı qiymətlərlə müqayisə etsək, neftin dəyərində təqribən iki dəfə artım müşahidə edərik”.
Bu sözləri Moderator.az-a neftin qiymətinin son dövrlərdə yüksəlməsini şərh edərkən ekspert İlham Şaban deyib.
Neftin qiymətlərində nəyə görə artım olub? İlham Şaban hesab edir ki, bunun iki əsas səbəbi vardır:
“Birincisi, ondan ibarətdir ki, OPEK+ çərçivəsində hasilatın azaldılması prosesi gedir və bununla bağlı aparıcı ölkələr fərdi qaydada hasilatlarını açıqlayırlar və bu da bazar iştirakçıları tərəfindən pozitiv qəbul edilir. Məsələn, Rusiya açıqlayıb ki, o artıq hasilatı 9,5 barelədək azaldıb. Digər tərəfdən Səudiyyə Ərəbistanı da hasilatı azaldıb. OPEK+ çərçivəsindən kənarda Küveyt, BƏƏ də hasilatı azaltmaqla bağlı bəyanatlar verirlər. Bu da bazara müsbət təsir edən amillərdir.
Digər bir amil də ABŞ-la bağlıdır, orada qazma qurğularının sayının azaldılması, şirkətlərin hasilatı dayandırması, şist neftinin həftəlik olaraq azalmasını müşahdə edirik. Bunlar da bazara hasilatla bağlı təsir edən amillərdir".
İlham Şabanın sözlərinə görə, neftin qiymətinin yüksəlməsində ikinci amil pandemiya ilə bağlı karantin rejiminin tədricən yumşaldılmasıdır:
“May ayından başlayaraq artıq Kovid-19-la bağlı karantin rejiminin yumşaldılması və bəzi ölkələrin, Yaponiyadan tutmuş Almaniyayadək karantin rejimindən çıxması ilə bağlı olan xəbərlərdir. Yəni, hərəkət çoxalıb, istehsal müəssisələri fəaliyyətini artırır, bundan sonrakı dövr üçün proqnozlar verilir ki, gediş-gəliş artırılacaq, ilk növbədə, daxili turizm imkanları genişləndirilir. Misal üçün, iki gün əvvəl Yunanıstan adalara gediş-gəlişi artıq bərpa etdi. Məhdud da olsa yay mövsümü ilə bağlı çimərliklər fəaliyyətə başlayır.
Bütün bunlar pozitiv xəbərlərdir və bu, neftin qiymətinin 35-36 dollar səviyyəsində qalmasına təsir edir. Bunlar iyul ayının fyuçersləridir və biz avqust ayına nəzər salsaq, görərik ki, bu dövrdə qiymət daha bir dollar yüksək təklif edilir”.
Bununla yanaşı, ekspert hesab edir ki, qiymətlərin mümkün olan 40 dollar həddinə yüksəlməsinin qarşısın alan amillər də var:
“Ancaq bir sual da yaranır ki, nə üçün qiymətlər 40 dollara yüksəlmir? Çünki neftin qiyməti 36,98-dək artmışdı, sonradan aşağı endi. Bir məsələ var ki, hal hazırda buna iki faktor təsir edir, artımın qarşısını alır. Birincisi, dünya iqtisadiyyatının artım tempinin aşağı düşməsi, ikincisi isə dünyanın bir tərəfi pandemiyadan xilas olur, bir tərəfində isə artır. Məsələn, Latın Amerikası ölkələrində hazırda koronavirus daha geniş yayılır. Bunlar isə neftin qiymətinin yüksəlməsinə mane olan faktorlardır”.
Taleh