Çoxfunksiyalı döyüş lazer sistemi HELIOS (High Energy Laser and Integrated Optical-dazzer with Surveillance - inteqrasiya edilmiş göz qamaşdıran və müşahidə edən yüksək enerjili lazer) bu il “Arleigh Burke” tipli “Preble” esminesində quraşdırılacaq və dənizdə sınaqdan keçiriləcək. Onun əsas vəzifələri kiçik gəmiləri və dronları məhv, uzaqlaşmaqda olan obyektləri müşahidə və rəqiblərin optik sistemlərini kor etmək olacaq.
Moderator.az xarici mənbələrə istinadla xəbər verir ki, döyüş lazer sistemi ötən ilin payızında Virciniya ştatının Akkomak qraflığında (ABŞ-ın şərq sahili boyunca uzanan Virciniya Baryer adalarının bir hissəsi) altı kvadrat millik Uollops adasında uğurla sınaqdan keçirilib. Dənizdə sınaqdan keçirilməsi onun döyüş qabiliyyətinin yoxlanılmasında yeni mərhələ olacaq. Hərbçilər HELIOS-u gəminin “Aegis” döyüş məlumat və idarəetmə sisteminə inteqrasiya etməyi və onu silah komponentinə daxil etməyi planlaşdırırlar.
HELIOS 2018-ci ildən “Lockheed Martin” (Amerika hərbi-sənaye korporasiyası) tərəfindən hazırlanıb. İşin üç il ərzində başa çatdırılması planlaşdırılırdı, lakin texnologiya və qanunvericiliklə bağlı bir sıra problemlər tərtibatçını proqramın müddətini uzatmağa məcbur edirdi. Xatırladaq ki, qanunvericilər Pentaqonu ətraflı müqavilə və satınalma strategiyasını təqdim edənə qədər xidməti ildə bir HELIOS cihazının alınması ilə məhdudlaşdırıblar.
Lakin bu yaxınlarda inteqrasiya olunmuş döyüş sistemlərinə nəzarət edən “Lockheed Martin”-in baş icraçı direktoru Canni Metyuz HELIOS-un payızda bir neçə sıçrayış testini tamamladıqdan sonra əhəmiyyətli irəliləyişlər əldə edildiyini bildirdi. Şirkət indi bu silahın “Preble” (DDG 88) gəmisində quraşdırılacağını və bu ilin sonunda dənizə buraxılacağını gözləyir. Sınaqları mümkün qədər tez aparmaq lazımdır, əks halda müqavilənin sonrakı icrası ilə bağlı problemlər gözlənilir.
Sistem 60 kilovat gücündə döyüş lazerindən, lazerin fokuslanması və uzaq obyektlərin müşahidəsi üçün optik altsistemdən və optik müşahidə və istiqamətləndirici sistemləri (termal görüntülər və ya elektron-optik kameralar) kor edən zəif güclü lazerdən ibarətdir. Müqaviləyə əsasən, “Lockheed Martin” ABŞ Hərbi Dəniz Qüvvələrini doqquz seriyaya qədər HELIOS ilə təchiz edə bilər.
Hərbçilər lazer silahlarının əsas üstünlüyünü onların praktiki olaraq qeyri-məhdud döyüş sursatlarına malik olmasında görürlər: radiasiya qurğusu qida mənbəyindən enerji almağı dayandırana qədər atəş açır. Həmçinin ehtimal edilir ki, lazerlər eyni vaxtda gəmilərin yerüstü qayıqlardan, yüngül təyyarələrdən və dronlardan etibarlı və nisbətən ucuz mühafizəsini təmin edəcək.
ABŞ Hərbi Dəniz Qüvvələrinin elmi-tədqiqat idarəsi bir neçə ildir ki, müxtəlif lazerlər hazırlayır və onların bəziləri döyüş gəmilərinin göyərtəsində uğurla sınaqdan keçirilib. Gəmi göyərtəsində ilk bərk kütləli lazer prototipi 2014-cü ildə quraşdırılmışdı. Həmçinin istiqamətləndirilmiş enerji silahlarının optik texnologiyasının ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat və müşahidəsinin inkişafına necə töhfə verə biləcəyi ilə bağlı araşdırmalar da davam etdirilir.
Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrində sınaq əməliyyatında olan bir döyüş lazer sistemi var. Söhbət ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bir hissəsi olan “Ostin” tipli “Ponce” gəmi dokunda quraşdırılmış LaWS (Laser Weapon System - lazer silah sistemi) kompleksindən gedir (məsuliyyət sahəsi Hind okeanının qərb hissəsi və Fars körfəzidir). Bu il təkcə amerikalılar deyil, fransızlar da lazeri dənizdə sınaqdan keçirməyi planlaşdırır.
Miraslan