“Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılması və s. ilə bağlı yeniliklərə hazırlayır…”
4662
11 Aug 2021 | 19:04

“Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılması və s. ilə bağlı yeniliklərə hazırlayır…”

Onlara dolayısıyla anladırlar ki, artıq belə yaşamaq olmaz, qonşularla normal dolanıb inkişaf etmək lazımdır…”
 
“Mütəmadi olaraq  Ermənistanın “Horizonto”, “Şant” və “Epikentron” telekanallarını izləyirəm... Artıq yenidən baş nazir seçilmiş  Nikol Paşinyanın qalib gəldiyi  20 iyun parlament seçkilərindən öncə Ermənistan müxalifəti Zəngəzur dəhlizi  məsələsində çox aqressiv idi. Bu da, təbii  ki, erməni cəmiyyətinin ümümi ab-havasına da təsir göstərirdi. Hətta Naxçıvana yol açılmasının xeyrinə söz söyləyən ermənilərin dilinin kəsilməsi məsələsi də qoyulmuşdu. Və ümumiyyətlə, radikal, irqçi müxalifətçilər “Zəngəzur” sözünün işlənməsinin də əleyhinə idilər, deyirdilər ki, nə “Zəngəzur”, o torpaqların qədim erməni adı “Sünik”dir...”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan parlamentinin sabiq deputatı Qərbi Azərbaycanda doğulub boya-başa çatmış, işləmiş Maksim Musayev söyləyib.
 
“Amma ədalət naminə demək gərəkdir ki, Paşinyan komandası elə seçkilərdən əvvəl də Zəngəzur yolu məsələsini Ermənistanın gələcəyi üçün ağıllı şəkildə həll etməyə çalışırdı. O cümlədən çalışırdılar ki, Ermənistandakı və xüsusən Zəngəzurdakı ermənilərin bu problemə baxışında müsbət dəyişiklik  formalaşdırsınlar.  Yadınızdadırsa,  Paşinyan Zəngəzurdakı kilsələrdən birinə gedəndə ibadətgahın keşişi onun salamını almadı və ondan  kilsədən çıxmasını tələb etdi. Sonradan həmin keşiş, demək olar ki, kilsədən qovuldu. Bundan sonra Paşinyan tərəfdarı olan jurnalistlər yerli əhaliyə, yəni Zəngəzurun həmin ərazisindəki ermənilərə bəhs edilən  keşişin buraya qonaq gəlmiş Paşunyana, ölkənin faktiki liderinə qarşı özü də “bizim üçün müqəddəs bir məkan olan kilsədə” bu cür davranışına necə qriymət vermələri haqda  sual etdilər. Sorğuda iştirak edən  ermənilərin, demək olar ki, hamısı buna mənfi münasibət bildirərək Sünik əhlinin qonaqprəvər olmasını vurğulayıb. İstər sovet dövründə, istərsə də son onilliklərdə buraya gələn qonaqların və xüsusən dövlət, hökumət adamlarının  yüksək səviyyədə qarşılandığı bildirilib.  Növbəti dəfə Sünikə gedəndə də Paşinyanı qovmağa cəhd etdilər.  Nikol buna yenə dözdü. Və yavaş-yavaş Zəngəzurdakı ermənilərin Paşinyana qarşı olma tendensiyası zəiflədi.  Paşinyanın tərəfdarları Zəngəzurda onun təbliğatıyla bağlı xeyli iş apardılar.  Nəticədə Sünikdəki seçki dairələrindən Paşinyan üçün xeyli səs toplandı... Və eks-prezidentlər  Köçəryan və Sərkisyanın tərəfdarları olan namizədlərə səsvermə zamanı saxtakarlıqlara yol verildi. Ona görə də bir neçə vəzifəli şəxs həbs olundu” - deyə keçmiş Qərbi Azərbaycan sakini olan sabiq deputat bildirib. 
 
Bir sözlə, hesab edirəm ki, son vaxtlar erməni cəmiyyətində aqressivlik getdikcə səngiməyə başlayıb. Məsələn,  əvvəllər “Şuşi” yox, “Şuşa” sözünü işlədən siyasətçi və deputatlara çox sərt reaksiya verilirdi. Parlamentdə daimi komissiyalara üzvlər seçilərkən, bir də görürdün, deyirlər ki, filankəsi seçmək olmaz, o, bir dəfə “Şuşi” əvəzinə “Şuşa” deyib. Amma indi getdikcə kütlə və siyasi dairələr üçün belə şeylər adiləşir” - deyə keçmiş Qərbi Azərbaycan sakini olan sabiq deputat bildirib.  
 
“Görəsən, Ermənistandakı və xüsusən Zəngəzurdakı sadə ermənilərin özləri necə yanaşırlar Naxçıvana yolun açılmasına” sualını isə Maksim Musayev belə cavablandırıb:
 
“Bu günlərdə erməni telekanallarından birində Zəngəzurdakı 1929-cu ilədək Zəngilan rayonuna aid olmuş  Nüvədi, eləcə də qonşu Aldərə kəndləri haqqında bir süjetə baxdım. Yadımdadır ki, 1988-1989-cu illərdə həmin kəndlərin köçürülməsi zamanı o vaxt Mərkəzi Komitənin katibi olan mərhum Musa Məmmədovla birgə oraya mən də getmişdim. Nüvədi camaatı vuruşurdu ki, biz çıxmırıq. Onda kolxoz sədri kənddə 1000 nəfərdən çox, 300-dən çox ailəlik azərbaycanlı əhali olduğunu bildirmişdi.  Ancaq indi o kəndin erməni icra nümayəndəsi jurnalistlərə bildirdi ki, Nüvədidə cəmi 143 erməni  məskunlaşıb. Qonşuluqdakı  Aldərədə isə bircə ailə yaşayır.  Jurnalist həmin ailənin nümayəndəsindən soruşur ki, əvvəl burada kimlər yaşayıb. Cavab verir ki, azərbaycanlılar.  Deyir, bəs bundan sonra azərbaycanlılar yenə qayıda bilərmi buraya.  Erməni kəndli cavab verir ki,  özümün, dədə-babalarımın şahidi olduğumuza görə, son 100 ildə Aldərədən azərbaycanlılar 4 dəfə çıxarılıb, 4 dəfə də geri qayıdıblar. Belə gedəcəksə,  yəqin ki, 5-ci dəfə də qayıdacaqlar... 
Hökumətə yaxın media sanki erməniləri dolayısıyla azərbaycanlıların geri dönmə ehtimalı üçün hazırlayır... 
Megrinin  keçmiş dəmiryolu stansıyasında reportajdan bəlli oldu ki, orada bircə ədəd köhnə vaqon və bir neçə plakat  qalıb. Stansiyanın binasında da bir erməni yaşayır. Dəmir yolu xəttindən əsər-əlamət qalmayıb. Zəngilan tərəfdən Naxçıvanadək hamısı sökülüb. Məlum oldu ki, vaxtilə ətraf ərazidə yaşayan ermənilərdən cəmi 30 faizə yaxını qalıb. İş yeri olmadığından əksəriyyəti köçüb.  Sakinlərin sözlərinə görə, 1990-cı illərdə hərbçilər dəmir yolunun rels və şpallarını söküb harasa daşıyıblar. Deyiblər ki, prezidentin tapşırığıyla sökülür... 
 
Bir sözlə, belə nəticəyə gəlmək olur ki, Ermənistanın hazırkı hökuməti sadə erməni camaatını psixoloji cəhətdən Zəngəzur dəhlizinin açılması və s. ilə bağlı yeniliklərə hazırlayırlar... Onlara dolayısıyla anladırlar ki, artıq belə yaşamaq olmaz, qonşularla normal dolanıb inkişaf etmək lazımdır” – deyə sabiq parlament üzvü vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər