Moderator.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının (QAT), Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə, “20 Yanvar”, Qarabağ Qazilərinə Qayğı, Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliklərinin rəhbərləri Akif Nağı, Mehdi Mehdiyev, Emin Həsənli, Sultan Əzimzadə, Firidun Məmmədov, Firuzə Əsədullayeva, həmçinin Beynəlxalq Qarabağ Forumunun təmsilçiləri Türkiyədə tüğyan edən yanğınlara qarşı mübarizədə iştirak etmək istədiklərini bildirib, onların bu mübarizəyə səfərbər olunması xahişi ilə Azərbaycan və Türkiyə Prezidentlərinə müraciətlər göndəriblər. Müraciətdə göstərilir: “Biz, Azərbaycan təşkilatları olaraq qardaş Türkiyənin müxtəlif ərazilərində baş verən yanğın fəlakəti ilə bağlı dərin kədərimizi, təəssüf hissimizi bir daha ifadə edirik. Yanğın nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaxınlarına, həmçinin Türkiyə rəhbərliyinə, xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını arzulayırıq.
Biz bu ağır gündə Azərbaycanın qardaş Türkiyə ilə birlikdə olduğundan qürur duyur, iki qardaş ölkənin xoş və ağır günlərində bir yerdə olması ilə fəxr etdiyimizi bir daha ifadə edirik.
Biz inanırıq ki, Türkiyə dövləti bu dəfə də düşmənlərin məkrli niyyətinin qarşısını alacaq, bu mücadilədən də qalib və daha güclü çıxacaq, Türk və İslam dünyasının dayaq və güc mərkəzi kimi inkişafını davam etdirəcəkdir.
Biz Azərbaycan və Türkiyənin böyük fəlakətə qarşı mübarizəsinə öz kiçik töhfəmizi verməklə bağlı Sizlərə müraciət edirik. Xahiş edirik ki, təmsil etdiyimiz təşkilatları, üzvlərimizi yanğının söndürülməsi , bərpa işlərinin aparılması , böyük- kiçik istənilən işlərin görülməsi üçün səfərbər edəsiniz. Biz Azərbaycan və Türkiyənin, iki qardaş ölkənin Ali Baş Komandanlarının mücadiləyə hazır əsgərləriyik! Yaşasın Azərbaycan- Türkiyə qardaşlığı! Yaşasın Türkiyə -Azərbaycan dostluğu!”.