“Hərbçimizin yaralanmasına görə məsuliyyət Ermənistan dövləti və Rusiya sülhməramlılarının üzərinə düşür”
Gündəm
2077
07 Jul 2021 | 14:13

“Hərbçimizin yaralanmasına görə məsuliyyət Ermənistan dövləti və Rusiya sülhməramlılarının üzərinə düşür”

Nəsib Məhəməliyev: “Ermənistana “Dəmir yumruğun” yerində olduğunu xatırlatmalıyıq”

 

Məlum olduğu kimi, dünən Ermənistan ordusunun atəşi nəticəsində bir hərbi qulluqçumuz yaralanıb.

Ermənistanın bu cür təxribatçı addımları təkrarlamaması üçün həm Rusiya sülhməramlıları, həm də beynəlxalq təşkilatlar hansı addımlar atmalıdır? Ermənistanın məlum təxribatlarının cəzasız qalması onu yeni təxribatlara həvəsləndirə bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev baş verənlərə görə Ermənistan dövləti və Rusiya sülhməramlılarının məsuliyyət daşıdığına diqqət çəkdi:

“Ağdam rayonu ərazisində açılmış atəş nəticəsində bir hərbi qulluqçumuzun yaralanması ermənilərin növbəti təxribatıdır və bu təxribata görə Ermənistan dövləti və Rusiya sülhməramlıları məsuliyyət daşıyır. Çünki 10 noyabr tarixli üçtərəfli razılaşmaya əsasən, həmin ərazidə təhlükəsizlik məsələləri Rusiya sülhməramlılarına həvalə olunmuşdur və Qarabağ ərazisində erməni silahlı dəstələri olmamalıdır. Nə qədər ki, erməni silahlıları tamamilə tərk-silah olmamışlar, gələcəkdə də belə təxribatların törədilməsi gözləniləndir.

Təəccüb doğuran məsələ, Rusiya Müdafiə Nazirliyinin mövqeyidir. Azərbaycan və Ermənistan Müdafiə Nazirliklərinin atəşkəsin pozulduğu barədə bəyanatla çıxış etməsinə rəğmən, rusiyalı həmkarları hadisəni təkzib edirlər. Ancaq ortada yaralanmış hərbi qulluqçu və güllə atəşinə tutulmuş mülki traktor var. Düşünürəm ki, belə həssas məqamda Rusiya Müdafiə Nazirliyinin davranışı yaranmış vəziyyətə adekvat deyil.

Qeyd etmək lazımdır ki, bu, birinci hadisə deyil. Təxribatların qarşısının kəskin şəkildə, vaxtında alınmaması, Ermənistandaıl revanşist qüvvələri daha da şirnikləndirə bilər. Nəticələri isə, ermənilər üçün ağır ola bilər.

İndiki halda atılacaq addımlara gəldikdə isə, Rusiya tərəfi ilə ciddi danışıqlar aparılmalı, 10 noyabr bəyannaməsinin bütün müddəalarının icrasını, sülhə qarant durmuş ölkə olaraq, tələb etməliyik. Ermənistana isə, “Dəmir yumruğun” yerində olduğunu xatırlatmalıyıq”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər