“Odur ki, təcili olaraq Ermənistan ordusunun torpaqlarımızdakı bütün qalıqlarının çıxarılmasına nail olmalıyıq...”
“Ali Baş Komandanın rəhbərliyi ilə hərb tarixində görülməmiş unikal bir əməliyyatla Şuşanın azad edilməsi böyük qələbəmizdir. Lakin mən bir keçmiş döyüşçü zabit, eyni zamanda həmin əraziyə uşaqlıqdan yaxşı bələd olan biri kimi Şuşanın hazırki durumundan çox narahatam...”
Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, ehtiyatda olan kəşfiyyatçı polkovnik Azay Kərimov söyləyib.
“Ermənilər tərəfdən bu şəhərimiz üçün böyük təhlükə görürəm. Düzdür, ermənilərin ordusu dağılıb, miskin vəziyyətdədir. Buna rəğmən ordumuzun rəsmən nəzarət etmədiyi ərazilərimizdə separatçı və terrorçu silahlı qrupların olması ehtimalı çox böyükdür. Onlar hərbçilərimizə və Şuşada artıq müxtəlif inzibati və quruculuq işləri ilə məşğul olan, yaxud qonaq gələn mülki vətəndaşlarımıza qarşı müxtəlif təxribatlar törədə bilərlər. Gəncliyimdən bəri erməniləri yaxşı tanıyan biri olaraq bunu onlardan gözləyirəm...” –fikrinin davamında Qarabağ qazisi belə deyib.
Keçmiş döyüşçü polkovnik Rusiya sülhməramlılarının hərbçilərimizi Şuşa şəhərinin yaxın ətrafına, İsa bulağına belə, buraxmamasından, qəbiristanlığımızı ziyarət edə bilməməyimizdən əndişələndiyini ifadə edərək deyib:
“Biz isə bu gün yalnız Şuşa şəhərinə və Daşaltı kəndinə nəzarət edə bilirik. Heç Şuşanın yaxın ətrafına da gedib-gələ bilmirik. Bizim Şuşa qalasından kənara çıxma imkanımız yoxdur. Çünki ətraf ərazi Rusiya hərbçilərinin nəzarət etdiyi zonaya düşür. Məsələn, biz vaxtilə Azərbaycanda yeganə olan tar sexinin olduğu məkana, Qalanın altından, türmənin yanından keçib 29 il həsrətində olduğumuz qəbiristanlığımızdakı şəhidlərimizin, doğma və yaxınlarımızın məzarlarını ziyarət edə bilmirik. Bizim avtonəqliyyat müəssisəsinə, Milli Qəhrəman Albert Aqarunovun vurduğu erməni tankı abidəsinin yanına da getmək imkanımız yoxdur. Hazırda biz Əjdaha bulağına, hətta İsa bulağına da getmək iqtidarında deyilik. Çünki müharibədən sonrakı ilk günlərdə Şuşada su yox idi. Buna görə hərbçilərimizi İsa bulağına buraxırdılar. Ancaq indi artıq Şuşada su olduğundan oraya da buraxmırlar...
Şuşadan 2 km aşağıda Xəlfəli, Qaybalı kəndlərinə, Kərkicahan qəsəbəsinə də birbaşa nəzarət edə bilmirik. Halbuki Şuşaya tam nəzarət etmək üçün həmin kəndlərlə yanaşı, Şuşanın Zarıslı kəndinə çatmamış yüksəklikdə Laçın rayonunun Fingə, Şırlan və s. kəndləri də, eləcə də Kirs, Sarıbaba yüksəklikləri də bizim əlimizdə olmalıdır...”
“Artıq mart ayı, yaz gəlir, meşələrdə ağaclar yarpaqlamağa başlayır. Erməni silahlı qrupları bundan yararlanaraq müxtəlif yerlərdə gizlənib yeni təxribatlar törədə bilərlər. Bütün bunların qarşısını almaq üçün ilk növbədə Rusiyanın “sülhməramlı” adlanan hərbçilərindən Yuxarı Qarabağda, xüsusən Şuşa, Hadrut ətrafındakı ərazilərdə qalmış erməni silahlı birləşmələrinin tərksilah olunmasını tələb etmək lazımdır. Əgər ruslar bunu etmirlərsə, özümüz təcili olaraq antiterror əməliyyatı həyata keçirməklə Ermənistan ordusunun torpaqlarımızdakı bütün qalıqlarının çıxarılmasına və digər qanunsuz erməni silahlı birləşmələrinin ləğvinə nail olmalıyıq. Eyni zamanda Laçın rayonu ilə Ermənistan arasında sərhəd-keçid məntəqəsinə Milli Ordumuzun, DTX-nin, Dövlət Gömrük Komitəsinin nəzarətini təmin etməliyik. Hesab edirəm ki, ermənilərin 1988-ci ildən bəri Azərbaycana qarşı törətdiyi vəhşiliklər müqabilində dövlətimiz Ermənistana qarşı çox yumşaq və humanist davranır...” –deyə Azay Kərimov fikrini tamamlayıb.
Sultan Laçın