Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti dövründə romantik ədəbiyyat” respublika elmi konfransının materialları çap edilib. Kitabda Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq və Üzeyir Hacıbəyli və s. ilə bağlı tədqiqatlar yer alıb.
Cümhuriyyət dövrünün ədəbi düşüncə və mühitini öyrənmək baxımından bu kimi tədqiqatların gələcəkdə də davam etdirilməsinə ehtiyac var?
Moderator.az-a açıqlama verən yazıçı-publisist Mehriban Vəzir Cümhuriyyət dövrü ilə bağlı aparılan istənilən tədqiqatın tədqdirəlayiq olduğunu söylədi:
“Cümhuriyyət dövür uzun illər araşdırılmayıb. Nəinki araşdırılmayıb, hətta gizlədilib. Bu tarix insanlarımızdan gizli saxlanılıb. Bizim öz yaratdığımız tarix bizə düşmən donunda təqdim edilib.
Halbuki, bu, bizim ən şərəfli tariximiz olub. Bu baxımdan həmin dövr durmadan araşdırılmalı, öyrənilməli, təbliğ olunmalıdır. Həmin dövr Azərbaycanın çox böyük tarixidir. Bu, Şərqin ən böyük hadisələri ilə bağlı bir tarixdir. Ona görə də bu dövrün bütün sahələri - ədəbiyyatı, tarixi, sosiologiyası, fəlsəfəsi və s. öyrənilməlidir. Bu yöndə aparılan hər bir araşdırma təqdirəlayiqdir”.
Seymur ƏLİYEV