Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin üçüncü kürəkəni Timur Kulibayev “Atameken” Milli Sahibkarlar Palatasının rəhbəri vəzifəsindən istefa verib.
Moderator.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, Kulibayevin müvafiq müraciəti bazar ertəsi, yanvarın 17-də sözügedən palatanın saytında dərc edilib.
“Mən bu gündən etibarən "Atameken" Milli Sahibkarlar Palatasının rəyasət heyətinin seçilmiş sədri vəzifəsindən istefa vermək qərarına gəldim”, - deyə Kulibayev bildirib. O, qurultay nümayəndələrinə və rəyasət heyətinin üzvlərinə göstərilən etimada görə təşəkkürünü bildirib və bildirib ki, səkkiz il Milli Sahibkarlar Palatasının ali nəzarət orqanına rəhbərlik etmək onun üçün böyük şərəf və məsuliyyət olub.
Timur Kulibayev Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ortancıl qızı Dinara ilə evlidir.
Dinara Kulibayeva və əri Qazaxıstanın ən böyük bankı "Xalık"ın ortaq sahibləridir. Onun İspaniyadakı daşınmaz əmlaka əlavə olaraq, 2019-cu ildə 63 milyon dollara alınmış Cenevrə yaxınlığındakı “Belriv” qəsri var. Daş fasadı və iki kvadrat formalı qülləsi olan 17-ci əsrə aid malikanə milli əhəmiyyətli mədəniyyət obyekti kimi tanınır.
Kulibayevanın şəhərin özündə də 75 milyon dollarlıq digər iqamətgahı da var. Bu kəpənək pilləkənli və 25 metrlik hovuzu olan 3 səviyyəli villadan Cenevrə gölünə gözəl mənzərə açılır. 2009-cu ildə onu aldıqdan sonra Dinara bu malikanənin ona rəsmi qəbullar üçün lazım olduğunu izah edib.
Dinara Nazarbayeva təxminən 2,5 milyard dollarlıq sərvətlə Orta Asiyanın ən zəngin qadınlarından biri kimi “Forbes”in siyahısına daxil edilib.
Xatırladaq ki, bundan öncə N.Nazarbayevin digər iki kürəkəninin: "KazTransOil” SC-nin İdarə Heyətinin sədri Dimaş Dosanovun və "QazaqGaz" SC-nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin vəzifələrindən azad edilməsi haqda xəbər yayılıb.
Qeyd edək ki, Dosanov Nursultan Nazarbayevin kiçik qızı Aliyənin həyat yoldaşıdır. Şaripbayevin isə Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.
Sultan Laçın