İranla nüvə sazişinin bərpasına dair danışıqlar əsasən İranın yeni prezidenti İbrahim Rəisinin komandasının mövqeyini sərtləşdirməsi ilə bağlı dayanıb. İran ilk addım kimi ABŞ-dan sanksiyaları ləğv etməyi tələb edir. Bir sıra Qərb diplomatlarının fikrincə, İran əvvəllər əldə edilmiş kompromislərdən bəzilərindən imtina edib və buna görə də, sadəcə olaraq, razılaşmanı canlandırmaq üçün vaxt kifayət etməyə bilər.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşri yazır.
Nəşr yazır ki, İranla nüvə sazişinin bərpası üzrə danışıqlar dalana dirənib. Eyni zamanda Qərb müttəfiqləri xəbərdarlıq ediblər ki, onların diplomatik sahədəki bütün səyləri çətin ki, nəzərəçarpacaq irəliləyişə gətirib çıxarsın.
Qərb diplomatlarının fikrincə, İranın yeni prezidenti və kompromislərin əleyhdarı İbrahim Rəisinin inaqurasiyasından sonra dialoqa rəhbərlik etməyə başlayan İranın yeni danışıqlar qrupu sazişə qayıtmaq üçün daha sərt tələblər irəli sürüb. Eyni zamanda o, nüvə sahəsində danışıqların ilk altı raundunda Tehranın təsdiq etdiyi bir çox güzəştlərdən imtina edib. Bununla belə, hər iki tərəfin rəsmilərinin gələn həftənin ortalarında Vyanada danışıqları davam etdirəcəyi gözlənilir.
Bu arada İran nüvə bombası üçün bəzi əsas inqrediyentlər üzərində irəliləyiş əldə edib. Eyni zamanda Amerika rəsmiləri xəbərdarlıq edir ki, İranın bəzi nüvə nailiyyətləri artıq geri qaytarıla bilməz. Bu o deməkdir ki, ilkin nüvə sazişini - həmçinin Birgə Hərtərəfli Fəaliyyət Planı kimi də tanınır - yenidən canlandırmaq üçün icazə verilən vaxt başa çatmaq üzrədir.
Son həftələrdə Amerika rəsmiləri qeyd ediblər ki, əgər İran danışıqları ləngitsə, onlar Tehrana iqtisadi təzyiqləri artırmalı, həmçinin rejimi diplomatik təcrid etmək üçün addımlar atmalı, bunun üçün Rusiya və Çini danışıqlarda iştirak etməyə sövq etməli olacaqlar. Bundan əlavə, amerikalı və avropalı diplomatlar deyirlər ki, onlar İranla diplomatiyanı davam etdirmək üçün alternativ yollar nəzərdən keçirə bilərlər.
Bu baxımdan Avropa və Amerika rəsmiləri İranın sanksiyalar rejiminin məhdud yumşaldılması müqabilində bəzi nüvə layihələrini geri qaytara biləcəyi bir növ qismən razılaşmanın bağlanması imkanlarını müzakirə edirlər. Qərb rəsmiləri 2015-ci il razılaşmasının bərpasının artıq mümkün olmadığı qənaətinə gəldikləri halda, bu cür ideyalar yeni təkliflər çərçivəsində birləşdirilə və dəqiqləşdirilə bilər. Hazırda İran belə qismən razılaşmanın mümkünlüyünü istisna edir.
Bu arada İranın nüvə sazişini canlandırmaq Bayden administrasiyasının əsas xarici siyasət vəzifəsi olaraq qalır. Bir vaxtlar sazişin şərtlərinə əsasən nüvə sahəsində müvəqqəti, lakin sərt məhdudiyyətlər müqabilində beynəlxalq sanksiyaların əsas hissəsi Tehranın üzərindən götürülmüşdü.
Lakin 2018-ci ilin mayında Donald Trampın təşəbbüsü ilə ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdı. Eyni zamanda keçmiş Amerika lideri Tehrana qarşı yeni sərt sanksiyalar tətbiq etdi. Nəticədə 2019-cu ilin ortalarında İran nüvə proqramını yenidən genişləndirməyə və bu proqram çərçivəsində hərbi məqsədlər üçün istifadə oluna biləcək səviyyəyə yaxın nüvə yanacağı istehsal etməyə başladı.
Əvvəla, Qərb İranın nüvə sahəsində fəaliyyətinin Birgə Hərtərəfli Fəaliyyət Planının əsas ideyasına qayıtmağı qeyri-mümkün edəcəyindən ehtiyat edir: İran nüvə silahı yaratmaq üçün kifayət qədər miqdarda nüvə materialı toplamaqdan ən azı 12 ay uzaq olmalıdır; üstəlik, bu vəziyyət ən azı 10 il saxlanılmalıdır.
Eyni zamanda İranın yeni hökuməti iddia edir ki, sazişin bərpası ilə ilk növbədə ABŞ məşğul olmalıdır, çünki nüvə sazişindən məhz onlar çıxıblar.
Həmçinin Amerika və Avropa rəsmiləri ümid edirdilər ki, İranın nüvə sazişi ilə bağlı ictimaiyyət qarşısında barışmaz mövqeyi qapalı danışıqlarda daha çevik yanaşmaya yol açacaq. Ancaq bu hələ ki, baş verməyib.
“İran aylarla davam edən çətin danışıqlarda əldə edilən, demək olar ki, bütün çətin kompromislərdən imtina edir və mətndə əsaslı dəyişikliklər tələb edir. Danışıqlardakı bu yeni boşluqların İran tərəfinin düzəlişləri əsasında real vaxt çərçivəsində necə aradan götürüləcəyi aydın deyil”, - deyə Fransa, Britaniya və Almaniyanın yüksək səviyyəli diplomatları bildiriblər.
Miraslan