Bayden administrasiyası Vladimir Putinlə dialoqun davam etdirilməsini onu Ukraynaya qarşı fəaliyyətdən çəkindirmək üçün vacib hesab edir. Eyni zamanda, ABŞ rəsmiləri tərəfdaş ölkələrlə birlikdə istənilən təxribata görə Rusiyaya qarşı cəzalar, o cümlədən yeni iqtisadi sanksiyalar hazırlayır.
Moderator.az bildirir ki, bu barədə “The New York Times” nəşri yazır.
Nəşr yazır ki, bu gün Amerika rəhbərliyinin Ukraynanı nə vaxt və necə müdafiə edə biləcəyi barədə dəqiq təsəvvürü yoxdur. Bu, prezident Baydenin Vladimir Putinlə qarşıdurmada nə qədər irəli getməyə hazır olacağı ilə bağlı suallar yaradır. Hələlik, vəziyyətlə tanış olan insanların fikrincə, Co Bayden administrasiyası Rusiya prezidentini dayandırmaq və fikrindən daşındırmaq üçün diplomatik kanallardan istifadə etmək səylərinə üstünlük verir. Bu, son nəticədə, məsələn, Bayden və Putin arasında ikinci üzbəüz görüşə gətirib çıxara bilər: keçən həftə Kremlin sözçüsü Vaşinqton və Moskvanın növbəti sammitin mümkünlüyünü müzakirə etdiyini söylədi. Bayden administrasiyası Putinlə dialoqun davam etdirilməsini onu Ukraynaya qarşı hərəkət etməkdən çəkindirmək üçün vacib hesab edir. Eyni zamanda, ABŞ rəsmiləri tərəfdaş ölkələrlə birlikdə istənilən təxribata görə Rusiyaya qarşı cəzalar, o cümlədən yeni iqtisadi sanksiyalar hazırlayır.
Baydenin komandasına hakimiyyətin ötürülməsi zamanı məsləhətlər verən Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin Rusiya üzrə eksperti Andrea Kendall-Teylor bildirib ki, bu cür tədbirlərə Rusiya banklarına və enerji şirkətlərinə qarşı sanksiyalar, habelə Rusiyanın suveren borcu daxildir.
Eyni zamanda, Amerika və Britaniya rəsmiləri Putinin ətrafındakı insanlara qarşı daha sərt sanksiyaların tətbiqini, o cümlədən nəzərdən keçirilən, lakin təxirə salınan bəzi tədbirləri müzakirə edirlər. Xüsusilə Rusiya oliqarxlarının “Visa” və “Mastercard” kredit kartlarına çıxışının bağlanması, Böyük Britaniya və Avropada onların və ailələrinin səyahət edə biləcəyi yerlərin məhdudlaşdırılması kimi tədbirlər planlaşdırılır. Vladimir Putinin diqqətini tez bir zamanda çəkə biləcək, lakin Amerika və ya Avropa iqtisadiyyatının bəzi sektorlarına zərər verə biləcək digər sanksiya növləri nəzərdən keçirilir.
Ukrayna rəsmilərindən birinin sözlərinə görə, ABŞ Ukraynaya hərbi yardımı genişləndirməyi düşünür. Lakin ABŞ rəsmiləri vəziyyətin daha da pisləşəcəyindən qorxaraq Vaşinqtonun yardımını müzakirə etməkdən çəkinir.
Tramp administrasiyasında Avropa və Rusiya üzrə Milli Təhlükəsizlik Şurasının direktoru vəzifəsində çalışmış Fiona Hill əlavə edib ki, Vladimir Putinin məqsədlərindən biri ABŞ-la Avropanın iştirakını istisna edən müqavilə bağlamaqdır: “Əslində, avropalılar üçün problem ABŞ ilə daha çox həmrəylik nümayiş etdirməkdir. Və burada təşəbbüskar, əsas hərəkətverici qüvvə ABŞ olmamalıdır”.
Lakin Andrea Kendall-Teylor hesab edir ki, Vladimir Putin Qərbin sona qədər gedə bilmək istəyini şübhə altına ala bilər. “Mən hesab edirəm ki, Putin Qərbin kifayət qədər qətiyyətli olmayacağını düşünür və ABŞ-ın bütün diqqətini Çinə yönəltməkdə qərarlı olduğunu başa düşür”, - deyə o əlavə edıb.
Miraslan