Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Rusiyaya qarşı ritorikasını sərtləşdirib. O, Moskvaya xəbərdarlıq edib ki, Ukraynaya qarşı istənilən zorakılıq ağır nəticələrə gətirib çıxaracaq və ona baha başa gələcək. Onun sözlərinə görə, Rusiya qoşunlarının qonşu ölkənin sərhədləri yaxınlığında manevrləri, eləcə də Kiyevə qarşı kiberhücumları “narahatlıq üçün ciddi səbəblərdir”.
Moderator.az bildirir ki, bu barədə Almaniyanın nüfuzlu “Frankfurter Allgemeine” nəşri yazır.
NATO-nun baş katibi Ukrayna sərhədləri yaxınlığında rus qoşunlarının qeyri-adi yüksək konsentrasiyası haqqında daha konkret məlumat verib: “Söhbət tanklardan, artilleriyadan, zirehli texnikadan, dronlardan və elektron müharibə aparmaq üçün döyüş sistemlərindən, eləcə də döyüş hazırlığında olan qoşunlardan gedir”.
Stoltenberq vurğulayıb ki, Rusiyanın niyyətləri məlum deyil, lakin o, artıq Ukraynaya hücum edərək Krımı işğal edib və ölkənin şərqində sabitliyi pozub. Bundan başqa, onun sözlərinə görə, Kreml qonşu ölkəyə qarşı kiberhücumlar həyata keçirir: “Bunların hamısı narahatlıq üçün çox ciddi səbəblərdir”.
Daha öncə xəbər verdiyimiz kimi, NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Ukrayna sərhədindəki vəziyyəti müzakirə etmək üçün üzümüzə gələn həftə Riqada görüşəcəklər. Stoltenberq vurğulayıb ki, alyansın kollektiv özünümüdafiə prinsipi Ukraynaya aid deyil. Lakin müttəfiqlər Moskvaya qarşı əlavə sanksiyalar qəbul edə bilər.
Nəşr qeyd edir ki, Stoltenberq Almaniyanın yeni hökumət orqanlarının bağladığı koalisiya sazişindən də danışıb. O, tərəfdaşların NATO-nun nüvə silahından kollektiv istifadə sistemindən əl çəkməmək qərarını və müdafiə xərclərini artırmaq niyyətini alqışlayıb. Lakin o, Berlinin Nüvə silahlarının qadağan edilməsi Müqaviləsinə müşahidəçi qismində qoşulmaq planını bəyənməyib. Stoltenberqin sözlərinə görə, Almaniyanın gələcək kansleri Olaf Şolts ona Almaniyanın bunu etməyəcəyinə söz verib, çünki NATO bu sənədi tərksilah yolunda birtərəfli addım hesab edir.
Miraslan