Amerika Birləşmiş Ştatları virtual formatda demokratiya ilə bağlı sammit keçirməyi planlaşdırır və 110-a yaxın ölkəni bu sammitdə iştirak etməyə dəvət edib. Ancaq Rusiya və Çin orada olmayacaq, lakin Çinin bölgəsi sayılan Tayvan dəvət olunanlar arasındadır.
Moderator.az bu barədə Fransanın “Le Monde” nəşrinə istinadla xəbər verir. Amma beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, ABŞ özü bu gün əvvəlki kimi demokratik deyil.
Dəvət olunanların siyahısı Dövlət Departamentinin saytında dərc olunub. Məqalə müəllifinin izah etdiyi kimi, ABŞ Tayvanı ayrıca dövlət kimi tanımasa da, orada Çindən fərqli olaraq demokratik rejim qurulduğunu qeyd edir. Məqalə müəllifi xatırladır: Bayden prezident seçiləndən bəri onun xarici siyasətinin mərkəzində Rusiya və Çində təcəssüm olunan demokratiya və avtoritar rejimlər arasındakı qarşıdurmanın dayandığını gizlətmirdi.
Buna görə də Vaşinqtonun əsas rəqiblərinin bu foruma dəvət edilməməsi təəccüblü deyil, - deyə məqalə müəllifi qeyd edir. Lakin Vaşinqtonun NATO müttəfiqlərindən biri olan Türkiyə də orada yoxdur, amma Co Bayden əvvəllər Türkiyə prezidentini avtoritar lider adlandırırdı.
Baş nazir Modinin ünvanına tənqidlərə baxmayaraq, tez-tez “dünyanın ən böyük demokratiyası” adlandırılan Hindistan sammitdə olacaq. Eyni şəkildə, Vaşinqtonla mürəkkəb münasibətlərə baxmayaraq, Pakistan da dəvət olunanlar siyahısındadır.
Bütun Yaxın Şərqdən yalnız İsrail və İraq dəvət olunub. Sammitdə ABŞ-ın ənənəvi ərəb müttəfiqlərindən heç biri iştirak etməyəcək: Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri. Co Bayden, baxmayaraq ki, hazırda mübahisəli prezident Bolnosaro tərəfindən idarə olunur, Braziliyanı da dəvət edib.
Avropa ölkələrindən isə Vaşinqtonla davamlı mübahisələrə baxmayaraq, Polşa iştirak edəcək. Amma Macarıstan olmayacaq. Afrika ölkələrindən Konqo Demokratik Respublikası, Keniya, Cənubi Afrika, Nigeriya və Niger dəvət olunub.
Son zamanlar ABŞ-ın ümid bağladığı bir çox ölkələrdə demokratiya geri çəkilir. Söhbət Sudan, Birma, Efiopiya, Əfqanıstandan gedir. “Demokratiya və Seçkilərə Yardım İnstitutu” beynəlxalq hökumətlərarası təşkilatının məlumatına görə, ABŞ özü ilk dəfə olaraq demokratiyanın azaldığı ölkələr siyahısına daxil edilib. “Le Monde” qeyd edir ki, bu, Tramp hakimiyyəti dövründəki dəyişikliklərlə bağlıdır.
Miraslan