“Mercedes-Benz” şirkəti hərəkətdə olarkən ətrafdakı havanı təmizləyən “Sustaineer” avtomobil furqonunu təqdim edib.
Moderator.az bu barədə şirkətin saytına istinadla xəbər verir.
Nümayiş olunan avtomobil elektrik mühərriki ilə təchiz olunub ki, bu da onun atmosferə karbon qazı və digər yanacaq tullantılarını buraxmasının qarşısını alır. Eyni zamanda “Sustaineer” avtomobil furqonu hərəkətdə olarkən ətrafdakı havanı təmizləyə bilər. Avtokonsernin hesabatında bildirilir ki, furqon radiator ətrafında və avtomobilin alt hissəsində yerləşən incə filtrlərlə təchiz olunub.
Həmçinin avtomobilin damında günəş panelləri quraşdırılıb. “Sustaineer” daha davamlı, gec köhnələn və toz tullantılarını azaldan keramik örtüklü çuqun disk əyləclərə malikdir. Mikroavtobusun salonu təkrar emal edilmiş materiallardan hazırlanıb. İçəridə təbii günəş işığına uyğun gələn “bioloji aktiv” işıqlandırma var. Avtomobil həmçinin yolun səthini və maneələrin olub-olmamasını təhlil edən, sürücünü təhlükə barədə xəbərdar edən yol-nəzarət sistemləri ilə təchiz olunub.
“Sustaineer”in qiyməti və satışa çıxarılacağı tarix açıqlanmayıb. Eyni zamanda şirkət bu seriyadan olan avtomobili böyük partiyada istehsal edəcəyini proqnozlaşdırır.
Miraslan