Rusiyanın keçmiş baş sanitar həkimi Gennadi Onişenko bildirib ki, insanları peyvənd etməyə məcbur etməyin, cinayət təqibi ilə hədələməyin mənası yoxdur, xüsusən də bu, Rusiya qanunlarında nəzərdə tutulmayıb. Moderator.az bildirir ki, Lenta.ru-nun əməkdaşı ilə söhbətində o, həmçinin əlavə edib ki, peyvəndlənmədə məqbul nəticəyə nail olmaq üçün boş-boş çərənləmək yox, işləmək lazımdır.
Xatırladaq ki, Rusiya Liberl Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski daha əvvəl ilyarım ərzində altısı COVID-19 əleyhinə olmaqla, yeddi dəfə peyvənd olunduğunu söyləyərək özünütəcrid rejimini sərtləşdirməyi və peyvənddən imtinaya görə cinayət cəzası tətbiq etməyi təklif etmişdi. Jirinovski qeyri-iş günlərində səyahət paketləri almağa tələsən rusiyalıları tənqid etmişdi. Siyasətçi bu cür davranışa görə noyabrda COVID-19 epidemiyasının yeni dalğasının olacağını proqnozlaşdırır. Onun fikrincə, bu müddət ərzində hamı evdə qalmalı, heç yerə çıxmamalıdır.
Onişenkonun sözlərinə görə, real görünməyənləri müzakirə etməyin mənası yoxdur, bunun əvəzinə o, epidemiya ilə mübarizə üçün real iş görməyə vaxt ayırmağı tövsiyə edib.
“Boş-boş çərənləmək yox, işləmək, peyvəndlənmə ilə məşğul olmaq lazımdır. Peyvənddən imtina etdiklərinə görə insanları asa, hətta güllələyə bilərsiniz. Amma bu, bizim qanunvericilikdə nəzərdə tutulmayıb və ümid edirəm ki, belə vəziyyət heç vaxt yaranmayacaq. Problem ondadır ki, baş həkimləri dinləyən yoxdur, təbliğatla məşğul olmurlar. Biri deyir ki, hökumət heç nə etmək istəmir, o biri siyasi məsuliyyətsizlikdən dəm vurur, digəri isə mentalitetimizlə bağlı hansısa cəfəngiyyatla çıxış edir. Ancaq bütün bunlar yalnız problemlə heç bir əlaqəsi olmayan insanları əyləndirir”, - deyə Gennadi Onişenko əminliklə söyləyib.
Miraslan